İtaliya çempionatında 2023/24 mövsümü bir komandanın dominantlığı ilə yadda qaldı.
“İnter” skudetto uğrunda intriqanı çox erkən yox etdi. Artıq ikinci dövrənin əvvəlində milanlıların sonda çempion olacağına şübhə yeri qalmamışdı və lombardiyalılar finişə 5 tur qalmış tarixində 20-ci dəfə İtaliyanın ən güclü komandası adını qazandılar.
Simone İnzaqinin ilk çempionluğu
Simone İnzaqinin çalışdırdığı komanda mövsümə əsas favorit kimi başlamışdı. İlk dövrədə “Yuventus”un simasında sanballı rəqibi olan “İnter” çox güclü heyəti ilə xal ehtiyatını elə bir çətinlik çəkmədən artırırdı. Ehtiyat qüvvə sarıdan da güclü olan “qara-göylər” həm yubiley çempionluğunu, həm də formasında 2-ci ulduzu daşımaq hüququnu qazandılar. Məşqçilik karyerasında ilk çempionluğuna sevinən İnzaqinin komandası 38 turluq marafonu 29 qələbə, 7 heç-heçə və yalnız 2 məğlubiyyətlə (maraqlıdı ki, hər iki məğlubiyyət A seriyasını tərk edən “Sassuolo”dan alındı) başa vurdu. Milanlılar liqanın ən güclü hücumuna (89 qol vurdular) və ən güclü müdafiəsinə (22 qol buraxdılar) malik oldular.
Onların əsas simalarından danışarkən ilk növbədə Lautaro Martinesin adı çəkilməlidi. Argentinalı İtaliya karyerasında ən yaxşı mövsümünü keçirdi. 24 qolla çempionatın ən yaxşı bombardiri olan dünya çempionu komandanın lideri kimi mövsümün ən yaxşı oyunçusu adına layiq görüldü. Hücum xəttinin digər aparıcı siması olan Markus Türam “İnter”ə qısa zamanda uyğunlaşması ilə də yadda qaldı. “Mançester Yunayted”ə satılan Andre Onananın yerini tutan Yan Zommer də Apennindəki ilk mövsümünü əla keçirdi. İsveçrəli 20 “quru” oyunla kamerunlu həmkarını unutdurdu. Müdafiədə Françesko Açerbi ilə Alessandro Bastoni, orta xətdə Hakan Çalhanoğlu ilə Nikolo Barellanın da mükəmməl oyunu vurğulanmalıdı. Milanlılar böyük ölçüdə bu oyunçuların sayəsində rəqiblərini dəf edərək əmin addımlarla çempionluğa doğru şığıdılar.
“Milan” titulsuz qaldı, “Yuventus” kuboku qazandı
“Milan” və “Yuventus” ilk dövrədə bacardıqları qədər “İnter”lə rəqabət apardılar, amma ikinci dövrədə liderin skudetto yolundakı sürətinə çatdıra bilmədilər. “Milan” hər iki derbidə uduzdu. Bəli, aprelin 22-də “İnter”ə 1:2 hesablı məğlubiyyət “qırmızı-qaralar”ın şanlı tarixinə qara gün kimi yazıldı: “qara-göylər”in çoxdan gözlənilən çempionluğu məhz derbidə rəsmiləşdi! Hərdən çox zəif oynayan “Milan” hər necə olsa mövsümü 2-ci yerdə başa vurdu. Komandanın ardıcıl ikinci mövsümü titulsuz bitirməsi Stefano Pyolinin baş məşqçi postundan ayrılmasını qaçılmaz etdi.
“Yuventus” ilk dövrədə “İnter” ilə çempionluq yarışında kifayət qədər sanballı göründü. Maraqlıdı ki, Massimiliano Alleqri az qala hər oyundan sonra əsas hədəfin Çempionlar Liqasına (ÇL) vəsiqə qazanmaq olduğunu təkrarlayırdı. Onun komandasının skudettoya iddiası fevralın 4-də məhz “İnter”ə məğlubiyyətdən (0:1) sonra zəifləməyə başladı. Turinlilər Milandakı uğursuzluqdan sonra dərin böhrana düşdülər və sonda özlərini 3-cü yerdə gördülər. Müdafiə xətti yaxşı təsir bağışlayan komandanın hücumu istənilən səviyyədə deyildi. “Qoca sinyora” böyük ölçüdə bu səbəbdən çox sayda xal itirdiyi üçün bürünc medallarla kifayətləndi. Alleqrinin “Yuventus”dakı ikinci məşqçilik dövrünü İtaliya kuboku ilə başa vurduğunu da bildirək.
“Atalanta” və “Bolonya” ÇL-ə vəsiqə qazandı
A seriyasını ÇL-in yeni mövsümündə daha iki komanda təmsil edəcək. Son illər sabit çıxışı ilə seçilən “Atalanta” mövsümü 4-cü yerdə başa vurdu. Berqamoluların Can Pyero Qasperininin başçılığı altında Avropa Liqasının (AL) qalibi olduğunu xüsusi vurğulamalıyıq. Finalda “Bayer-04”ə heç bir şans verməyən (3:0) “Atalanta” tarixində ilk dəfə avrokubokda qalib gəldi!
“Bolonya”nın ÇL-ə vəsiqə qazanması isə çox gözlənilməz oldu. Bu komanda “mövsümün kəşfi” nominasiyasında fərqləndi. Tyaqo Mottanın başçılıq etdiyi “göy-qırmızılar” əslində mövsümü mükafatçılardan biri kimi də başa vura bilərdi. Amma son turlarda əsas rəqiblərindən daha çox xal itirməklə 5-ci yerlə kifayətləndilər. “Bolonya”nın istənilən halda XXI əsrdə ən yaxşı mövsümünü keçirdiyini qeyd etməliyik.
“Napoli”nin fiaskosu
Heç şübhəsiz, mövsümün ən gözlənilməz nəticəsi “Napoli” ilə bağlı oldu. Luçano Spallettinin baş məşqçi vəzifəsindən gedişi son çempionu çox pis vəziyyətə saldı. Onun xələfi Rudi Qarsiya yerini Valter Matsarriyə, sonuncu isə Françesko Kaltsonaya verdi. Heç bir məşqçi oyun planında problemləri həll etməyi bacarmadı. Heyət böyük ölçüdə qorunsa da, Spallettinin komandasının miskin kölgəsini xatırladan “Napoli” nəinki ÇL-ə, heç Konfrans Liqasına belə vəsiqə qazana bilmədi və mövsümü 9-cu yerdə başa vurdu!
“Roma” və “Latsio” da ÇL-dən kənarda qaldı. Paytaxt təmsilçiləri mövsümboyu qeyri-sabit çıxışla azarkeşlərinin əsəbləri ilə oynadılar. Nəticədə mövsümün gedişində Joze Mourinyo “Roma”dan, Valter Matsarri isə “Latsio”dan qovuldu. Komandalar yeni baş məşqçilər Daniele De Rossi və İqor Tudor ilə sonda uyğun olaraq 6-cı və 7-ci yeri tutmaqla AL-ə vəsiqə ilə kifayətləndilər.
8-ci yerin sahibi olan “Fiorentina” İtaliyanı yenə KL-də təmsil edəcək. Komandanın bu turnirin son iki mövsümündə finalda oynadığını xatırladaq. Ümumiyyətlə, 2023/24 avrokubok mövsümü apenninlilər üçün uğurlu alındı. Qitədə mövsüm ərzində ən çox əmsal (21,000) toplayan İtaliya yeni qaydaya əsasən ÇL-də 5 komanda ilə təmsil olunmaq hüququ qazandı.
Uğursuzlar
A seriyasını son üç yeri tutan “Frozinone”, “Sassuolo” və “Salernitana” tərk etdi. “Sassuolo”nun B seriyasına düşənlərin sırasında görünməsi mövsümün gözlənilməz yekunlarından sayılmalıdı. Aşağı liqanın ən uğurlu komandaları isə “Parma”, “Komo” və “Venetsiya” oldu.