“Ancaq pley-offa yüksələnlər bir oyunun təxirə salınması üçün müraciət edə bilər”

8.08.2024 20:32 490
Ölkə futbolu / Manşet
Bu gün “Zirə” və “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxacaq. “Bayquşlar”ı “Sent Patriks”lə, “Zirə”ni “Osiyek”lə səfər sınağı gözləyir.

Bilindiyi kimi, bu mərhələ pley-offa vəsiqə qazanmaq baxımından əhəmiyyətlidi. Həmçinin təmsilçilərimizi həftəsonu Misli premyer-liqasının 2-ci turunun oyunlar gözləyir. Görəsən, komandalar cavab matçına daha yaxşı hazırlaşmaq üçün çempionat oyunlarının təxirə salınması yönündə PFL-ə müraciət edibmi?

Bu sualla qurumun media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“İlk növbədə avrokuboklarda ölkəmizi təmsil edən bütün klublara uğurlar arzulayırıq. Bu turnirlərdə çıxış edən komandalar eyni zamanda təqvim sıxlığını və beynəlxalq praktikanı nəzərə almalıdı. Peşəkar Futbol Liqasının Əsasnaməsinə görə, ancaq pley-offa yüksələnlər bir oyunun təxirə salınması üçün müraciət edə bilər. Təbii ki, buna qarşı tərəfin razılığı olduğu halda qərar verilir”.

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”lə sabaha nəzərdə tutulan oyunun təxirə salınmayacağını bildirib.

KƏNAN BAHADIR