“Qalatasaray”da dünən Okan Burukla bağlı bütün şübhələrə son qoyuldu.
“Football-plus.az” xəbər verir ki,“Rams Park” stadionunda 50 yaşlı mütəxəssis üçün imza mərasimi keçirildi. Onun müqaviləsinin müddəti mayın 31-də başa çatmışdı. Burukla dünən ikiillik yeni müqavilə imzalandı. 2021/22-də 17 milyon lirə, ötən mövsüm isə 20 milyon lirə qazanan məşqçinin maaşının 5 dəfədən çox artması diqqəti çəkir. Belə ki, Burukun maaşı 2024/25-də 110 milyon lirə, 2025/26-da 140 milyon lirə təşkil edəcək. İki mövsümə təcrübəli məşqçi 250 milyon lirə qazanacaq ki, bu da təxminən 7,1 milyon avro deməkdi. Hər halda, Buruk işi ilə bu pullara layiq olduğunu göstərir. O, son iki mövsümdə “Qalatasaray”ın başında bir çox rekordları yeniləyərək çempionluqlar qazanıb. Komanda son iki mövsümdə superliqada keçirdiyi 74 oyundan 61 qələbə, 7 heç-heçə, 6 məğlubiyyətlə ayrılaraq 190 xal toplayıb! Okan Burukun həm srağagün “Qalatasaray”ın rəsmi “yutub” kanalında, həm də dünən imza mərasimində verdiyi açıqlamalarla sizi tanış edirik.
* Məni bu vəzifəyə layiq görən başqanımıza təşəkkür edirəm. İki il öncə ilk dəfə burda sizin qarşınızda əyləşərkən çempionluq hədəfi ilə yola çıxdığımızı demişdim. Ardıcıl iki il çempion olduq və verdiyimiz sözün üstündə durduq. İki mövsüm ərzində 3 titul qazandıq. Avrokuboklarda da baxımlı oynadıq. Türkiyə klubunun yenidən Çempionlar Liqasında yer alması çox önəmli idi. Bunu da bacardıq. İlk gündəki istək və konsentrasiya ilə yolumuza davam edəcəyik. Hər mövsüm əvvəlkindən daha da çətin olur. Bu dəfə də yeni və çətin bir macəraya başlayacağıq. İşimi davam etdirməyimi istəyən başqana və rəhbərliyə minnətdaram. Hədəfimiz yenidən çempion olmaq və Avropada uğur qazanmaqdı.
* İlk titulumu hələ 2018-də “Akhisarspor”la Türkiyə kubokunu qazanaraq əldə etdim. O cür komanda ilə titul qazana bilmək çox dəyərli idi. Həmin vaxt bildirmişdim ki, gələcəkdə əsas hədəfim “Qalatasaray”ı çalışdırmaqdı. Sonra “Çaykur Rizəspor”u dirçəltdim və “İstanbul BŞ” ilə ilk çempionluğumu qazandım. Burda da uğurlu şəkildə yolumuza davam edirik. Arzularımı bir-bir həyata keçirirəm. Gələn mövsüm 5-ci ulduzu qazanmağa çalışacağıq. “Qalatasaray” heç bir camiəyə bənzəmir. Burda arzular bitmir. Burda yalnız uğur qazanıldıqda hər kəs xoşbəxt olur. Ötən mövsüm ÇL-in dadı ağzımızda qaldı. Ona görə də yenə də mütləq ÇL-in qrupunda yer almaq istəyirik. Önümüzdə superkubok matçı olacaq. Orda da qalib gələrək fanatlarımıza daha bir hədiyyə vermək istəyirik.
* “Beşiktaş” yeni məşqçisini açıqladı. Van Bronkhorst Avropada uğur qazanmış, adından söz etdirmiş məşqçidi. Joze Mourinyonun zatən təqdimata ehtiyacı yoxdu. Avropanı Türkiyə futbolundan danışmağa vadar edə biləcək iki isim gəlib. Belə şeylər bizi daha da motivasiyalandırır. Ötən mövsümdəkindən də gərgin bir mübarizə izləyə bilərik. Zatən bizim performansımızı yuxarı qaldıran da rəqiblərimizdi. Ötən mövsüm “Fənərbaxça” ilə yarışaraq rekordlar qırdıq və çempion olduq. Bundan başqa, “Trabzonspor”un başında Abudlla Avcı kimi dəyərli bir isim var. Amma biz yenə bu çətin yarışdan alnıaçıq şəkildə çıxmaq istəyirik.
* Çempionluq tədbirində “çərçivəni” aşdığımız bəzi anlar oldu. Bunlar məni narahat etdi. Çünki Okan Buruk olaraq illərdi futbol ictimaiyyətində yaxşı imic formalaşdırmışam. Bəzi hərəkətlərimə görə üzr istəyirəm. Heç kimi işin içinə qatmaq istəməsək də, bəzən yanlış şeylər baş verə bilir. Bu, klub başqanlarında da, futbolçularda da oldu. Bizlər hər kəsə örnək olan insanlarıq. Türkiyə futboluna yaraşan xarakter sərgiləməliyik.
* Astroloqlar, falçılar çox şey deyə bilər. Allah nə deyirsə, o da olur. İnancım məhz bu cürdü. Futbolun içində hər şey var. 2022/23-də evdə yalnız “Girəsunspor”a uduzduq. Bu mövsüm evdə yalnız “Fənərbaxça”ya uduzduq. Amma oyunçulara çempion olacaqlarını yenidən xatırlatdıq. Həmin məğlubiyyətdən sonra xal fərqi 3-ə endi. Amma mövsümün əvvəlində mənə son tura 3 xallıq üstünlüklə daxil olmaq təklif olunsaydı, zatən düşünmədən qəbul edərdim. Son tur ərəfəsində çox da qorxu hissi yaşamadım. Prezidentimiz də daim bizimlə idi. Son oyunda çempionluğa nə qədər inandığımızı hər kəsə göstərdik. Mövsümün qırılma anı hansı tur idi? “Fənərbaxça” Konya səfərində büdrədi və xal fərqi 6-ya çatdı. Həmin vaxt öz-özümə “bu iş 90 faiz bitdi” dedim.
* Oyunçularla bağlı heç bir sıxıntı yoxdu. İyulun əvvəllərində, yəni hazırlıq başlayandan sonra hamısı burda olacaq. Yolları ayırmaq istədiyimiz və əksinə, yola davam etmək istədiyimiz futbolçular olacaq. Yusuf Dəmir, Çikıldau, Morutsan, Ross kimi futbolçular hələ də müqavilə ilə bizə məxsusdu. Onlar da əcnəbi statusunda komandamıza geri dönəcəklər. İlk növbədə onları yenidən icarəyə verməyə çalışacağıq. Bəzi yerli futbolçularla bağlı qərarları daha sonra verəcəyik. Zanyolo bizim üçün dəyərli futbolçudu. Amma gələn təklifləri və onun özünün nə istədiyini nəzərə alaraq qərar verəcəyik.
* Burda “winner” (qalib) Okan Buruk deyil. Əsl “winner” “Qalatasaray”dı. Çünki həmişə kuboklar qazanmağa can atan, Türkiyə futbolunda ən çox titul qazanan bir komandadı. Biz də sadəcə, bu komandaya xidmət etməyə çalışırıq. Yenə güclü heyət quracağıq. Ötən mövsümdəkindən də güclü komandamız olacaq. Buna heç kimin şübhəsi olmasın. Transfer siyahımız hazırdı. Uzun müddətdi bunun üzərində çalışırıq. Başqanımızla yenidən transfer mövzusunu müzakirə etdik. Sağ olsun, o da transferlərə geniş bir büdcə ayrıldığını dedi. Legioner limiti hər il dəyişir. Buna uyğunlaşmaq asan deyil. Əlimizdə çox önəmli legionerlər var. Güclənməyə ehtiyacı olan 4 mövqeyimiz var.
* İkardinin əhval-ruhiyyəsi yerindədi. Təzəcə onunla danışdım. Gələn mövsümlə bağlı planları və hədəfləri müzakirə etdik. Növbəti həftə tətil üçün Argentinaya yollanacaq. Sonra bizim toplanışımıza qatılacaq. Mertenslə müqaviləni birilliyə yeniləmək qərarına gəldik. Bizim üçün çox önəmli futbolçudu. Paralel olaraq oğlu Çironun da müqaviləsini yeniləmiş olacağıq (gülür). O da bizimlə iki çempionluq yaşayıb. Barış Alpər Yılmaz, Kaan Ayhan kimi fərqli mövqelərdə yararlandığımız futbolçular da gələn mövsüm bizimlə olacaq.
* Yarımmüdafiənin mərkəzində çox yaxşı oyunçularımız var. Onlardan başqa da bizə dərhal fayda verməyə qadir olan profilli futbolçular alacağıq. Bizə həm Türkiyə çempionatında, həm də ÇL-də uyğun gələn yarımmüdafiəçilər tapacağıq. Büdcəmiz buna imkan verəcək. Qısası, ala biləcəyimiz ən yaxşı oyunçuları alacağıq. İlk növbədə müdafiənin sağ cinahı güclənməlidi. Yarımmüdafiəyə və hücuma dəstək verə biləcək futbolçuya da ehtiyac var. Saşa Boe “Bavariya”da şanssızlıqla üzləşdi. Gedən kimi zədələndi. “Bavariya”nın bu qədər qısa müddətdə ondan vaz keçəcəyini düşünmürəm. Ora yeni məşqçi gəlib. Heyətlə bağlı planlaşdırma edəcək. Boenin geri qayıtması ilə bağlı heç kimlə danışıqlarımız olmayıb. Batşuayi haqda mətbuatda nə yazıldığını bilmirəm. Onunla bağlı heç bir planlarımız yoxdu.
* Əlimizdə həm də keyfiyyətli yerli oyunçular var. Emin Bayramla Yunus Akgünü bu dəfə icarəyə vermək fikrimiz yoxdu. Yeni mövsümdə bizimlə birlikdə olacaqlar. Bütün bunlarla yanaşı, satışından ciddi gəlir əldə edə biləcəyimiz futbolçular da var. Saxlamaq istədiklərimizi saxlayacağıq. Ayrılanlar olsa, onları yerli isimlərlə əvəzləyəcəyik. İlkay Gündoğan? Onu hansı məşqçi öz heyətində görmək istəməz? Ancaq eşitdiyimə görə, daha bir il “Barselona”da qalacaq.
* Ərdən Timurun ayrılması bizi üzdü. Əslində mən də daxil olmaqla hər birimiz burda müvəqqətiyik. “Qalatasaray”ın tarixində çox önəmli isimlər gəlib keçib. Onların hamısı klubun uğur qazanmasını istəyib. Ərdən bəy də eyni şəkildə, bizimlə yola davam etməsə də, hər zaman “Qalatasaray”ın uğurunu istəyəcək. Hazırda üzülmək vaxtı deyil. Əksinə, indi “Qalatasaray” fanatları dünyanın ən xoşbəxt fanatları olmalıdı. Daha güclü, pozitiv və motivasiyalı şəkildə çalışmalıyıq. Artıq Ərdən bəyin yoxluğuna alışmalıyıq. Bir-birimizə sarılmalıyıq. Ərdən bəy bundan sonra da “Qalatasaray” üçün mübarizə aparmaqda davam edəcək.
* Çempionlar Liqasının yeni formatını bəyənirəm. Bu format rəqabəti, yarışı artıracaq. Məsələn, bir komanda üçün birinci oyunla səkkizinci oyunun eyni dəyərə malik olması çox vacibdi. “Bavariya” ötən mövsüm ÇL-də bizə qarşı oyuna əsas heyətlə çıxmışdısa, pley-offu təmin edəndən sonra “Kopenhagen”lə oyuna heç də əsas heyətlə çıxmadı. Arda Turanın “Eyupspor”la birlikdə yeni mövsümə rəng qatacağını düşünürəm. Superliqada ardıcıl 17 ildi yerli məşqçilər çempion olur. Ona görə də fikrimcə, yerli mütəxəssislərə hörmət artmalıdı. Geridə qoyduğumuz mövsüm İsmayıl Kartal da bunu göstərdi. Yerli məşqçilərə layiq olduqları dəyəri vermək lazımdı.
* 2023/24 atmacalar, deyilən sözlər baxımından sərt bir mövsüm oldu. Superkubokun heç bir ciddi səbəb olmadan baş tutmaması ölkə futbolunun imici üçün yaxşı olmadı. Biz maksimum dərəcədə meydanın içində qalmağa, kənar şeylərə yönəlməməyə çalışdıq. Bu işin içində qalib gəlmək də var, məğlub olmaq da. İsmayıl Kartal bizi yendikləri matçın ardından çempion olacağımız təqdirdə bizi təbrik edəcəyini söyləmişdi. “Qalatasaray” tam layiqli şəkildə 102 xalla çempion oldu. Mən “Fənərbaxça”nın uğursuz mövsüm keçirdiyini düşünmürəm. Jorje Jezuşun dönəmində də bunu söyləmişdim. Sadəcə, bir komanda daha yaxşı idi və çempion oldu. İki komandanın da haqqını vermək lazımdı. Tarix qalibləri yazır. Son 6 mövsümdə 4 fərqli komanda çempion olub. Hamısı da bunu layiqli şəkildə bacarıb. “Fənərbaxça” da çempion olsa, layiqli şəkildə olacaq. Başqa cür populist açıqlama vermək düzgün deyil. İşə obyektiv yanaşan hər bir insanın mənim kimi düşündüyünə əminəm.