Şahmatçımız Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub.
O, sonuncu - 9-cu turda çinli Dai Çanqrenlə xalı yarı bölsə də, liderliyini qoruyaraq yarışı 1-ci yerdə tamamlayıb. Ümumilikdə 7 xalla qalib adını qazanan Məhəmməd 16 min dollar mükafat əldə edib. "Football-plus.az" turnirlə bağlı təəsssüratını öyrənmək üçün onunla əlaqə saxlayıb:
"Turnir gərgin mübarizə şəraitində keçdi və mən bu mübarizədən yaxşı çıxmağı bacardım. Heç bir oyunda məğlub olmadım. 5 qələbə və 4 heç-heçə ilə turniri çempion kimi bitirdim. Buna görə də mənə çox xoş təsir bağışladı. Bəzi çətinliklər də oldu. Bir çox beynəlxalq yarışda 40-cı gedişdən sonra 30 dəqiqə vaxt artırılır. Lakin BƏƏ-də keçirilən açıq turnirlərdə heç vaxt belə olmur. Buna uyğunlaşmaq bir qədər çətindi. Çünki vaxt azlığı üzündən oynamaq çətinləşir. 5-ci turda hindistanlı qrossmeyster Sədvani Raunaka qalib gəldim. Bu oyun turnirdə 1-ci olmağımda önəmli rol oynadı. Çempion olacağıma inanırdım. Mənim üçün gözlənilməz nəticə deyildi".
GÜNAY SÜLEYMANOVA