Son vaxtlar bir çox məşhur futbolçuların üz tutduğu Səudiyyə Ərəbistanı çempionatında cari mövsüm hələ sona çatmayıb.
“Football-plus.az” xəbər verir ki, buna baxmayaraq, artıq çempion məlumdu. Gözlənildiyi kimi, “Əl-Hilal” qızıl medallar uğrunda mübarizədə favorit statusunu erkən doğruldub.
Paytaxt klubunun total dominantlığı
Jorje Jezuşun komandası 31-ci turda “Əl-Həzm”i evdə 4:1 hesabıyla məğlub etməklə finişə 3 tur qalmış əsas izləyicisi “Əl-Nəssr” üçün əlçatmaz olub. Bu komandalar arasındakı xal fərqi 11-ə bərabər olduğundan çempionluqla bağlı sula erkən cavab tapılıb.
“Əl-Hilal” mövsümün əvvəlindən çempionatda əsas favorit sayılırdı ki, paytaxt komandası sonda azarkeşlərini erkən sevindirib. Ər-riyadlıların turnir cədvəlindəki göstəriciləri adamı valeh edir. Komandanın növbəti uğuru ilə bağlı bir sıra detallara nəzər salaq.
* “Əl-Hilal” son 5 mövsümdə 4-cü, tarixində isə 19-cu dəfə çempion oldu. Paytaxt təmsilçisi bununla sahibi olduğu ölkə rekordunu yenilədi.
* “Əl-Hilal” indi çempionluq sayında 2-ci olan “Əl-Nəssr”i 10 titul qədər qabaqlayır.
* “Əl-Hilal” ilk 31 turda məğlub olmayan yeganə komandadı. Jezuşun komandası 29 qələbə qazanıb və 2 oyunu heç-heçə başa vurub.
* “Əl-Hilal” çempionatın 16 oyununda top buraxmadan qalib gəlib.
* “Əl-Hilal” liqanın bütün iştirakçılarından çox – 95 qol vurub və ən az – 20 qol buraxıb. Topların fərqi +75-ə bərabərdi. Maraq üçün 2-ci yerdəki “Əl-Nəssr”də bu planda göstəricinin +56 olduğunu da bildirək. Təbii ki, yeni çempionun daha çox qol vurmasına böyükhesablı qələbələrin çoxluğu şərait yaradıb. Ən yaddaqalan nəticələr “Abha” (7:0) və “Əl-Həzm” (9:0) ilə oyunlara təsadüf edib. Jezuşun komandasının hər oyuna 3 qol vurduğunu müəyyən etmək çətin deyil.
* “Əl-Hilal” mövsümün gedişində bütün turnirlərdə ardıcıl 34 rəsmi oyunda qalib gəlməklə futbol tarixində ilkə imza atdı. 89 xal və 95 vurulan qol artıq ölkə çempionatının yeni rekordudu.
* Jezuş məşqçilik karyerasında 24-cü titulunu qazandı. 69 yaşlı portuqaliyalı mütəxəssis Əl-Hilal”a ilk dəfə 2018/19 mövsümündə başçılıq edib və komandaya 2023-cü ildə yenidən təyinat alıb. Onun sonuncu iş yeri isə 2022/23 mövsümündə çalışdırdğı “Fənərbaxça” olub.
Qeyd edək ki, Jezuşun komandası bu mövsüm ölkə superkubokunu da qazanıb. Lakin Asiya Çempionlar Liqasında sona qədər irəliləyə bilməyib. Ər-riyadlılar bu turnirin yarımfinalında “Əl-Əyn”ə (BƏƏ) uduzublar (2:4, 2:1).
Çempion legionerlər
Şübhəsiz, komandanın fantastik göstəricilərlə çempion olmasında legioner futbolçuların böyük rolu var. “Əl-Hilal”ın heyətində 8 belə statusa malik oyunçu çıxış edir. Amma onlardan birinin titul qazanılmasında elə də tər tökmədiyini deməliyik. Söhbət Neymardan gedir. Məşhur braziliyalı hücumçu çempionatda keçirdiyi 3-cü oyunda dizindən ağır zədə alaraq mövsümü erkən başa vurdub. Onun həmyerlisi Renan Lodi isə 9 oyunda meydana çıxıb.
Digər legionerlər müntəzəm çıxışı ilə diqqəti cəlb edirlər. Aleksandar Mitroviç çempionatda 26 qol vurub. 29 yaşlı serb hücumçu bu göstəriciyə 25 matçda nail olub. O, bombardirlərin yarışında yalnız 33 qolun müəllifi olan Kriştiano Ronaldodan geri qalır. “Əl-Hilal”ın ikinci ən məhsuldar oyunçusu isə Malkomdu. Braziliyalının hesabında 14 qol var.
Sergey Milinkoviç-Saviç çempionatda 12 məhsuldar ötürmə edib. Serbiyalı yarımmüdafiəçi bu planda yalnız 13 dəfə assist edən Riyad Mahrezdən (Əl-Əhli) geri qalır. Sergeyin portuqaliyalı oyundaşı Ruben Neveş isə 11 məhsuldar ötürmə edib.
Seneqallı müdafiəçi Kalidu Kulibali “Əl-Hilal”da meydanda ən çox olan 4-cü oyunçudu. Bu planda isə mərakeşli qapıçı Yassin Bunu liderlik edir. Jezuşun komandasında braziliyalı yarımmüdafiəçi Mikael də var.
Ronaldo üçün yeganə titul şansı
Əlbəttə, Səudiyyə Ərəbistanı liqasının sona çatmaqda olan mövsümündən bəhs edərkən Ronaldonun çıxışına toxunmamaq olmaz. Onun 2023-cü ilin yanvarından formasını daşıdığı “Əl-Nəssr” hazırda qərarlaşdığı 2-ci yeri itirməyəcək: sona 3 tur qalmış 3-cü yerdəki “Əl-Əhli” ilə xal fərqi 19-a bərabərdi. Deməli, Ronaldo ardıcıl ikinci mövsümü gümüş mükafatçı kimi başa vuracaq. Məşhur portuqaliyalı futbolçu bir il əvvəl – Asiya ölkəsindəki ilk mövsümündə komandasının çempion “Əl-İttihad”dan sonda 5 xal geri qalmasına görə məyus olmuşdu. Kriştiano debüt mövsümündə çempionatda 14 qol vurmuşdu.
Bir qədər əvvəl 39 yaşlı hücumçunun bu mövsüm qapılara 33 dəfə yol tapdığını qeyd etdik. Onun üçün acınacaqlı fakt Səudiyyə Ərəbistanına üz tutandan sonra klubu ilə çıxış etdiyi 6-cı rəsmi turnirdə də titul qazana bilməməsidi. “Əl-Nəssr” bu mövsüm Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb. Maraqlıdı ki, Ronaldonun komandası da finala çıxan “Əl-Əyn”ə boyun əyib. “Əl-Nəssr” cari mövsümdə Səudiyyə Ərəbistanı Superkubokunda “Əl-Hilal”a uduzaraq finala çıxa bilməyib. Komandanın ötən mövsüm bu turnirdə “Əl-İttihad”a (1:3) və Kral Kubokunda “Əl-Vəhd”ə (0:1) məğlub olduğunu da xatırladaq. Maraq üçün Kriştianonun Asiyada yalnız bir titul qazandığını bildirək. Amma 2023-cü ilin avqustunda keçirilən Ərəb Çempionları Kuboku rəsmi deyil, yoldaşlıq xarakterli turnir sayılır.
Beləliklə, Ronaldo artıq ardıcıl 4-cü mövsümdü ölkə çempionu ola bilmir. O, sonuncu dəfə çempionluq sevincini 2019/20 mövsümündə “Yuventus” ilə yaşayıb. O vaxtdan İtaliya klubu, “Mançester Yunayted” və “Əl-Nəssr”də bir tam mövsüm keçirib. 2022/23 mövsümünə İngiltərədə başlayan ulduz futbolçu Səudiyyə Ərəbistanında başa vurub.
Amma onun bu mövsümü titulla başa vurmaq şansı var. Ronaldonun komandası tezliklə Kral Kubokunun finalında “Əl-Hilal” ilə qarşılaşacaq. Mayın 31-nə təyin olunan matç onun üçün uğursuzluğa son qoymaq baxımından vacib olacaq. Əslində Kriştianonu Asiyada uğursuz futbolçu kimi qələmə vermək də olmur. Sadəcə, komandası son iki mövsümdə rəsmi turnirlərin qalibi ola bilməyib. Ərəbistan yarımadasında hələ ki titulsuz qalan portuqaliyalı isə indiki yaşında da məhsuldar çıxışı ilə daim diqqət mərkəzindədi. Zarafat deyil, “Əl-Nəssr”də olduğu ilyarım ərzində bütün turnirlərdə meydana çıxdığı 60 matçda 56 qolun və 14 məhsuldar ötürmənin müəllifi olub!