• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça”: çöküşün səbəbləri - İsmayıl Kartalın mətbuat konfransında bir jurnalist iştirak etdi!

Dünya futbolu / Manşet

10-05-2024, 22:0

“Fənərbaxça” bu mövsüm də azarkeşlərinə üzüntü və kədər yaşatdı.

“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi əzəli rəqib “Qalatasaray”la apardığı amansız çempionluq mübarizəsindən yenə məğlub ayrılmaq və “ağ bayraq qaldırmaq” üzrədi. Bu yazıda “sarı-lacivərdlilər”in ikinci dövrədəki çöküşünün, bütün turnirlərdən bir-bir əlini üzməsinin və çempionluq həsrətinin 10 ilə çatmasının səbəbləri barədə danışacağıq.

Paytaxt darmadağını
6 may 2024. “Konyaspor”a qarşı səfərdəki qolsuz bərabərlikdən sonra “Fənərbaxça”nın baş məşqçisi fikirlərini bölüşmək üçün mətbuat konfransına daxil olur və... Gördüyü mənzərə qarşısında şoka düşür. Əslində şoka tək o yox, bütün futbol ictimaiyyəti düşür. Təsəvvür edin ki, mətbuat konfransı, demək olar, bom-boş zalda keçirilir. Kartalın önündə yalnız 1 (!!!) jurnalist əyləşir. Cəmi 27 saniyə davam edən bu biabırçı mətbuat konfransında Kartal yenə şablon ifadələr işlədir:

“Bura qələbə üçün gəlmişdik. Əvvəldən sona qədər üstün oynadıq. Real fürsətlərimiz oldu. Öz qapımız önündə isə heç bir təhlükə yaranmadı. Oyunçularım əllərindən gələni etdilər. Oyunumuzda, sadəcə, qol çatışmadı. Bütün məsuliyyət mənim üzərimdədi. Növbəti oyunlara hazırlaşacağıq. Oyunçularımla birlikdə mövsümün sonuna qədər əlimizdən gələni edəcəyik”.


Əslində Kartal bir məqamda haqlı idi. Onun komandası həqiqətən də çox qol fürsəti yaxaladı. Təkcə Ceko 3-4 real şansı boşa verdi və sosial şəbəkələrdə tənqid atəşinə tutuldu. Amma Kartalın bəhanələri artıq heç kimə maraqlı deyildi. Maraqlı olan turnir cədvəlindəki vəziyyətdi. Bəs “Fənərbaxça” nə üçün bu cür uğurlu keçən mövsümün sonunu gətirə bilmədi? Nə üçün iş bu həddə çatdı ki, Kartalın sözləri heç bir jurnalistə maraqlı olmadı?

27 fevral 2024. Harda səhvə yol verildiyini tapmaq üçün bir qədər əvvələ qayıtmalıyıq. Fevralın 27-də “Fənərbaxça” bütün turnirlərdə hələ çox iddialı və ümidlidi. Komanda bundan 3 gün öncə superliqanın 27-ci turunda “Kasımpaşa”nı Batşuayinin son saniyələrdəki qolu ilə məğlub etdi və turnir cədvəlində “Qalatasaray”dan cəmi 2 xal geridədi. Fevralın 27-də “Fənər” ölkə kubokunun 1/4 finalında səfərdə “Ankaragücü” ilə qarşılaşdı. Kartalın kollektivi heç də zəif heyətlə oynamamasına baxmayaraq, 0:3 uduzmaqla fanatlarına şok yaşatdı. Düzdü, bəziləri buna çox da ciddi əhəmiyyət vermədi. Komanda zatən ötən mövsüm bu kuboku qazanmışdı. Ona görə də fanatların böyük əksəriyyətinin fikrincə, “Fənər” lazımsız turnirdən qurtuldu. Amma bir məqama fikir verən olmadı. Komanda daxili turnirlərdə 31 oyundan sonra ilk dəfə böyük hesabla məğlub olmuşdu.

Superkubok rüsvayçılığı və sonun başlanğıcı
17 mart 2024. “Fənərbaxça” Trabzon səfərinə yollanıb. Böyük qalmaqallarla müşayiət olunan qarşılaşmada Batşuayi yenə xilaskar rolunu oynayaraq komandaya 3:2 hesablı qələbə qazandırdı. Amma “Fənər”in bəzi oyunçularının final fitindən sonra meydana axışan trabzonlu fanatlarla əlbəyaxa olması gündəmi tam dəyişdi. Məhz bu məqamda başqan Əli Koç özü də fərqinə varmadan komandanı uçuruma aparmağa başladı. O, çempionatdan çəkiləcəklərini söyləyərək bir növ həm Türkiyə futbol ictimaiyyətinə, həm də Türkiyə Futbol Federasiyasına (TFF) hədə-qorxu gəlməyə başladı. Aprelin 3-də Koç çempionatdan çəkilmə toplantısı adı ilə 20 mindən çox adamı boş-boşuna “Ülkər” stadionuna topladı. Təbii ki, komandanın superliqadan çəkilməyə cürəti çatmadı. Amma bütün bu söz-söhbətlər istər-istəməz oyunçuların konsentrasiyasını pozmağa başladı.
7 aprel 2024. “Fənərbaxça” üçün sonun başlanğıcı “Qalatasaray”a qarşı superkubok matçı oldu. Əli Koçun “Olimpiakos”la oyuna daha yaxşı hazırlaşmaq üçün superkubokun təxirə salınması ilə bağlı müraciəti TFF tərəfindən bir neçə dəfə rədd edildi. Buna etiraz əlaməti kimi “Fənərbaxça” əzəli rəqiblə oyuna U-19 komandası ilə çıxaraq özünü nəinki Türkiyədə, eləcə də bütün dünyada biabır etdi. 1-ci dəqiqədə qol buraxan komanda 2-ci dəqiqədə meydandan çəkildi. Bu olay, gənc futbolçular meydanı tərk edərkən Mauro İkardinin onları alqışlaması istər-istəməz “Fənər”lilərə psixoloji cəhətdən təsir göstərdi. Çünki futbolçular həmin gün meydana çıxmaq üçün alışıb-yanırdılar. Onlar “Qalatasaray”ı yenərək həm mövsümün ilk titulunu qazanmaq, həm də rəqibə psixoloji zərbə endirmək istəyirdilər. Həqiqətən də belə absurd qərar qəbul etmək üçün bir klub gərək həvəskarlar tərəfindən idarə olunsun. Koç və əlaltıları özlərini məhz həvəskar kimi apardılar. Oyuna çıxmamaq mövzusu, tutaq ki, azarkeş səviyyəsində müzakirə oluna bilər. Amma rəhbərlik səviyyəsinə bunun müzakirə olunması, üstəlik həyata keçirilməsi, sadəcə, rüsvayçılıqdı!

“Qalatasaray” çempionluğu derbidə rəsmiləşdirə bilər
Əli Koçun və yönəticilərin TFF, Hakimlər Komitəsi, “Qalatasaray” əleyhinə açıqlamalara köklənməsi, daim bu məsələləri gündəmdə saxlaması təkcə futbolçuların yox, camiənin də konsenstrasiyasını pozdu. Camiədə “hamı bizə qarşıdı” ab-havası formalaşdırıldı. İstər-istəməz hər kəsin fikri meydandan kənar olaylara yönəldi. Həmin məqamda oyunçularla İsmayıl Kartal arasında da soyuqluq yaranmağa başladı. Halbuki təcrübəli mütəxəssis oyunçuları bütün bu “haray-həşirdən” kənar tutmağa çalışmalıydı. Amma əksinə, o da işin içinə girərək bir neçə dəfə rəhbərliyi dəstəkləyən açıqlamalar verdi. “Olimpiakos”la səfər oyununda Kartalın İsmayıl Yüksəklə Fredi ehtiyatda saxlamasını heç kim anlamadı. Sən “Olimpiakos”la oyuna görə o boyda superkuboku qurban verdinsə, Pireydə nə üçün ən güclü futbolçuları meydana buraxmadın?! İş-işdən keçəndən, yəni 0:3-dən sonra Kartal Fredi döyüşə atıd və durum 2:3 oldu.
19 aprel 2024. “Olimpiakos”la cavab oyunundan etibarən komanda “tökülməyə” başladı. Həmin qarşılaşmada “Fənər” minimal hesabla qalib gəlsə də, penalti seriyasında uduzdu və beləcə mövsümdəki 3-cü titul da əldən çıxdı. Bundan 3 gün sonra Sivas səfəri uğursuz alındı. “Fənər” qələbəni son anlarda əldən verdi və liderlə xal fərqi 4-ə yüksəldi. “Beşiktaş” üzərində çətin qələbədən sonra komanda Konya səfərində də büdrədi və bununla da çempionluq mübarizəsi faktiki bitdi. Düzdü, kağız üzərində hələ də “Fənər”in çempionluq şansı davam edir. Amma reallıqda “Qalatasaray”ın sona 3 tur qalmış 6 xallıq fərqi əldən verməsi möcüzəyə bərabərdi. 16 turdu xal itirməyən “Qalatasaray”a çempion olmaq üçün qalan 3 turda 4 xal qazanmaq kifayət edəcək. Hər şey “Qalatasaray”ın istədiyi ssenari üzrə davam edir. “Fənər” bu həftəsonu yenə xal itirsə, “Qalatasaray” hesabına növbəti qələbəni yazaraq çempionluğu rəsmiləşdirə bilər. Əks halda “Qalatasaray” 37-ci turda məhz elə “Fənər”lə derbidə ən pis halda 1 xal qazanaraq çempion ola bilər!

İkardi>Ceko
“Sarı-lacivərdlilər”də çoxsaylı zədələr də ayrı söhbətin mövzusudu. İlk dövrədə “Pendikspor”a qarşı oyunda Bekao və Fredin sıradan çıxması ilə başlayan “zədələr məngənəsi” komandadan əl çəkmədi. Mövsüm ərzində, demək olar, bütün futbolçular zədədən əziyyət çəkdi. Bu üzdən komanda az qala hər turda meydana tam heyətlə çıxa bilmədi. İsmayıl Yüksəklə Oostervoldenin mövsümü vaxtından tez bitirməsi komandanın baş həkimi Ərtuğrul Karanlıkın çox ciddi şəkildə tənqid olunmasına səbəb oldu. Hətta rəhbərlik tibbi personalı gücləndirməli oldu. Amma nə fayda? Son matçda Osayi-Samuel ilə İrfan Can Kahveci də sıradan çıxdı. Onların hər ikisi üçün mövsüm başa çatdı. Əks cəbhəyə nəzər salsaq, görərik ki, “Qalatasaray” bu dərəcədə zədələrdən əziyyət çəkmədi. Komandada zədələr olsa belə, Okan Buruk bunun öhdəsindən gəldi və bu məqam nəticələrə təsir göstərmədi. “Fənər”də nəticələrin pisləşməsinin digər səbəbi oyunçuların performanslarının aşağı düşməsidi. “Qalatasaray”da mövsümün sonuna yaxın yalnız Kərəm Aktürkoğlu belə desək, it-bat olub. Amma digərləri – İkardi, Mertens, Barış Alpər, Ziyeş, Kərəm Dəmirbay, Torreyra, Kön, Muslera yüksəlişdədi. “Fənər”də ilk dövrənin ulduzu Şimanski son qolunu 16-cı turda vurduğu halda Mertens son həftələrdə “Qalatasaray”da şou göstərir. Şimanskidən başqa Tadiç, Fred, Ceko kimi vacib futbolçularda da son dönəmlərdə eniş hiss olunur. Təkcə bir faktı vurğulayaq ki, Ceko ilk 19 turda 16 dəfə fərqlənmişdisə, son 16 turda cəmi 4 qol vurub. Müqayisə üçün İkardinin son 7 turda meydanı qolsuz tərk etmədiyini və təkcə bu müddətdə 9 dəfə fərqləndiyini bildirək! Hər halda, görünən odu ki, Okan Buruk əlindəki “materialdan” Kartaldan daha yaxşı istifadə etməyi bacardı.

Futbolçularla Kartal arasında münasibətlər gərgindi
Futbolçularla məşqçilər korpusu arasında yaranan ciddi soyuqluğa və anlaşmazlığa da mütləq toxunmaq lazımdı. Bunu hələ “Olimpiakos”la cavab matçında Fredin əsas vaxtın son anlarında əvəzlənərkən az qala bütün Türkiyənin eşidəcəyi formada “why me” (nə üçün mən) deyərək Kartalın üstünə qışqırması zamanı da hiss etmək mümkün idi. Aprelin 26-da “Qalatasaray”ın səfərdə “Adana Dəmirspor”u 3:0 hesabıyla məğlub etdiyi qarşılaşmanın arından “Fənər”in müdafiəçisi Sərdar Əzizdən diqqətçəkən bir paylaşım gəldi. Daha öncə “Qalatasaray”da da forma geymiş təcrübəli futbolçu “bir addım önə çıxa bilmək üçün şəxsiyyətini geridə buraxan insanlardan ola bilmərik” paylaşımını etdi. Əziz çox keçmədən bu paylaşımını silsə də, bu olaya aid çoxlu şayiə dolaşmağa başladı. Onlardan birinə inansaq, “Fənər”lilər komanda şəklində “Qalatasaray”ın oyununu izləyərkən Sərdar Əziz Kərəm Dəmirbayın Şahruddinə vurduğu qolu bəyənərək “nə gözəl qoldu” deyibmiş. Mərt Hakan Yandaş da buna etiraz etdiyi üçün ikili arasında ciddi çaxnaşma yaşanıbmış. Düzdü, həm Mərt Hakan, həm də Sərdar Əzizin meneceri qətiyyətli şəkildə bu olayı təkzib etdi. Amma fakt budu ki, həmin paylaşımdan bəri Sərdar Əziz heç bir oyunda iştirak ərizəsinə salınmayıb! Problem təkcə bununla bitmir. Kartal Tadiç, Ceko, Fred və xüsusilə də Bonuççi kimi təcrübəli futbolçularla da problem yaşayır. Kartalın özünü oyunçulardan uzaqlaşdırması onların heç də xoşuna gəlmir. Təcrübəli məşqçi yekun qərarı özü vermək şərti ilə uzun müddət heyət və taktika seçimində oyunçuların da fikrini dinləyirdi. Amma “Olimpiakos”a məğlubiyyətdən sonra vəziyyət 180 dərəcə dəyişdi. Kartal artıq heç kimlə məsləhətləşmir və bütün qərarları özü verir. Xüsusilə “Sivasspor”la 2:2-lik matçın ardından futbolçularla məşqçilər korpusu arasında ünsiyyət səviyyəsi sıfra düşdü. Təsadüfi deyil ki, “Beşiktaş”la derbidə Ceko bu mövsüm ilk dəfə superliqada ehtiyatda qaldı.

Hər kəs Əli Koçun qərarını gözləyir
Bonuççinin adının son oyunlarda iştirak ərizəsinə salınmaması da təsadüfi deyilmiş. Qış fasiləsində azad agent kimi komandaya qoşulan ünlü müdafiəçinin Türkiyə karyerası ilk gündən istənilən şəkildə başlamadı. Bonuççi indiyə qədər 10 rəsmi matçda forma geyib və bunların yalnız 4-də start heytində oynayıb. Bu 4 qarşılaşmadan 3-ü ölkə kubokuna təsadüf edib. Çox güman, bu ikilinin münasibətləri “Olimpiakos”la oyundan sonra pozuldu. Çünki həmin oyunda Bonuççi penalti seriyası üçün 122-ci dəqiqədə meydana buraxıldı. Amma o, Tadiç və Cengiz Ündər kimi penaltini boşa verərək ümidləri doğrultmadı. Həmin oyundan bəri Bonuççi 3 matçın heç birində iştirak ərizəsinə düşməyib. Türkiyə mətbuatının yazdığına inansaq, italiyalı Konya səfərinə də aparılmayacağını öyrəndikdən sonra əsəbindən bazada qapıları təpikləyib və qışqıraraq Kartalın əleyhinə bəzi ifadələr işlədib. Bazar ertəsi Bonuççi məşqdə çəkilmiş bir şəklini paylaşdı. Fanatlar həmin şəklin şərh hissəsində futbolçuya dəstək verdilər. Maraqlıdı ki. Leonardo İsmayıl Kartalın əleyhinə yazılmış iki şərhi “layk” etdi!

Camiədə yavaş-yavaş diqqətlər seçkiyə yönəlməyə başlayıb. Bu ayın sonuna qədər seçki baş tutmalıdı. Sonuncu şənbə günü mayın 25-nə düşür və böyük ehtimalla seçki həmin gün keçiriləcək. Başqanlığının 6 ili ərzində 11 məşqçi dəyişən, transferlərə 140 milyon avro xərcləyən, 155 futbolçu transfer edən və ən əsası, çempionluq həsrətinə son qoya bilməyən Əli Koçun qərarından çox şey asılı olacaq. Onun namizədliklə bağlı qərarını həftəsonuna qədər açıqlayacağı gözlənilir. Camiədə Koç qədər ciddi fiqur Səadəttin Sarandı. Onun Koçla münasibətləri yaxşı olduğundan seçkidə ona rəqib olmaq istəmir. Amma Koç namizəd olmasa, Saran bir nömrəli favoritə çevriləcək. Sabiq başqan Əziz Yıldırımın da gizli şəkildə seçkiyə hazırlaşdığı iddia edilmişdi. Amma o, dünən növbəti dəfə bu iddianı təkzib edərək namizəd olmayacağını açıqladı.

P.S. ”Fənərbaxça”nın Konyada qalib gələ bilməməsinin ardından Murat Berke Noyan adlı gənc vəkil infarkt keçirərək dünyasını dəyişdi. O, “Fənər” azarkeşiymiş və ölümündən bir neçə saat öncə “Fənərbaxça”nın yenə bizi dərin depressiyaya sürüklədiyi günlərdəyik” paylaşımını edibmiş...

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-06-2023, 15:0

İsmayıl Kartalın transferinin detalları

Dünya futbolu

13-05-2023, 10:0

Tarix “Qalatasaray” çempion olacaq” deyir

Dünya futbolu

7-03-2024, 15:0

“Qalatasaray”ın çempionluq şansı 100 faizdi!

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

25-05-2023, 20:0

''Fənərbaxça'' 18-ci dəfə finalda

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 211
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə