Bundesliqada sona iki tur qalmış turnir cədvəlində çox maraqlı və qəribə vəziyyət yaranıb.
“Football-plus.az” xəbər verir ki, Frankfurt “Ayntraxt”ı 6-cı pillədə qərarlaşıb. Komanda mövsümü bu pillədə tamamlasa belə, Çempionlar Liqasına vəsiqə qazana bilər. Özü də son turda ÇL-ə vəsiqə əldə etmək üçün frankfurtlulara uduzmaq daha çox sərf edəcək!
Hazırda “Bayer-04”, “Bavariya”, “Ştutqart” və “Leyptsiq” ilk “4-lük”də qərarlaşıb. İlk “4-lük” istənilən halda gələn mövsüm üçün ÇL-in qrupuna vəsiqə qazanacaq. Bilindiyi kimi? Avropanın ən mötəbər klub turniri 2024/25-dən etibarən yeni formatda keçiriləcək. Yeni qaydalara görə artıq avrokubok mövsümünü ən çox əmsalla bitirən iki ölkəyə ÇL-də əlavə yer veriləcək. Bu il həmin əlavə yerlərin A seriyası və bundesliqa təmsilçilərinə qismət olacağı artıq dəqiqdi. Dortmund “Borussiya”sı 5-ci pillədə qərarlaşdığı üçün yuxarıda qeyd etdiyimiz məqam üzündən ÇL-ə vəsiqə qazananlar sırasında olacaq. Amma “arılar”ın PSJ səddini keçərək ÇL-in finalına vəsiqə qazanması və turnirin qalibi olmaq ehtimalının yaranması məsələni qəlizləşdirir. “Ayntraxt”a lazımdı ki, “Borussiya” mövsümü konkret 5-ci pillədə tamamlasın. Çünki “Borussiya” ilk “4-lüy”ə düşsə, sadəcə, ən yaxşı 4 klubdan biri kimi ÇL-ə vəsiqə qazanacaq. Belədə 5-ci yeri “Leyptsiq” tutacaq və bundesliqaya verilən əlavə yer məhz onlara qismət olacaq! Amma Dortmund təmsilçisi 5-ci pilləni tutsa və bununla paralel ÇL-in qalibi olsa, o zaman bu turnirə son qalib statusunda yollanacaq. Belədə əlavə yer 6-cı pillənin sahibinə çatacaq. Qeyd etdiyimiz kimi, hazırda bu “Ayntraxt”dı. Sonuncu turda frankfurtlular “Leyptsiq”i qəbul edəcək. “Borussiya” son turdan öncə “4-lüy”ə düşmək şansını tiriməsə, o zaman “Ayntraxt” – “Leyptsiq” qarşılaşması fərqli ab-havaya bürünəcək. “Ayntraxt” “Leyptsiq”i məğlub edəcəyi təqdirə “arılar”ın 4-cü olmaq şansı yaranacaq. Bu isə yuxarıda vurğuladığımız kimi, “Ayntraxt”a sərf etməyəcək. Ona görə də başqa sözlə desək, “Ayntraxt” ÇL-ə vəsiqə qazanmaq şansını qorumaq üçün son turda “Leyptsiq”ə uduzmalıdı!