Yığmalar üçün ayrılmış daha bir “pəncərə” arxada qaldı.
“Football-plus.az” xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsində qruplardan birində çox absurd vəziyyət yaranıb. Britaniyanın məşhur “Talksport” radiostansiyasının əməkdaşlarının araşdırmasına görə B qrupunda düşünüdürücü durub yaranıb. İrlandiya AÇ-yə qatılmaq şansını davam etdirmək üçün gələn ay səfərdə Niderlanda uduzmalıdı! Bəli, düzgün oxuduz, məhz uduzmalıdı. Bu durumun yaranmasına UEFA-nın qaydalarda dəyişiklik etməsi səbəb olub.
B qrupunda Fransa 18 xalla liderdisə, Yunanıstanla Niderland 12 xalla 2-3-cü yerləri bölüşür. 6 xalla 4-cü pillədə olan irlandiyalıların artıq birbaşa vəsiqə qazanmaq şansı qalmayıb. Bilindiyi kimi, komandaların AÇ-yə yollanmaq üçün iki şansı var. Biri seçmə mərhələ, digəri Millətlər Liqası (ML) yolu ilə. Məsələ burasındadı ki, İrlandiyanın gələn ilin martına təyin olunan pley-off mərhələsinə vəsiqə qazanması üçün UEFA-nın ML üzrə reytinq cədvəlində özündən yuxarı pillədə olan, amma AÇ-nin final mərhələsinə birbaşa vəsiqə qazanmayan kollektivlərin sayının 7-dən artıq olmaması lazımdı. Niderland ML-in A Liqasında yarışdığı və AÇ-nin seçmə mərhələsindən final turnirinə hələ ki birbaşa vəsiqə qazanan komandaların sırasında olmadığı üçün həmin 7 iddiaçıdan biridi. Niderlandın qrupda Yunanıstanı arxada qoyması üçün İrlandiya ilə oyun vacib əhəmiyyət daşıyır. İrlandiya ML-in reytinq cədvəlində Yunanıstandan öndə olduğu üçün pley-offa vəsiqə qazanmaq baxımından balkanlıları üstələyəcək. İrlandiya konkret desək, ML-in sıralamasında 26-cı pillədədi. Adalılar bu reytinq cədvəlində özündən yuxarı pillədə olan yalnız 4 komandanın AÇ-yə birbaşa vəsiqə qazanmaması halında pley-offda iştirak edəcəklər. Bu şərtin həyata keçməsi üçün seçmə mərhələdə Yunanıstan Niderlandı arxada qoymamalıdı. Bu da o deməkdi ki, İrlandiya Niderlandla səfər matçında qalib gəlmək üçün yox, qalib gəlməmək, ən yaxşı halda isə uduzmaq üçün oynamalıdı! Noyabrın 18-də keçiriləcək həmin oyuna maraq indidən artıb. Hədəfinə çatmaq üçün qalib gəlməli yox, uduzmalı olan İrlandiya oyuna hansı motivasiya ilə çıxacaq? UEFA-nın yaranmış bu qəribə duruma necə reaksiya verəcəyi maraqlıdı. Qurumun rəsmi açıqlama verəcəyi gözlənilir. İdman prinsiplərinin pozulmaması üçün Yunanıstanla İrlandiya arasında ekstra bir pley-off matçının keçirilməsi də gündəmdədi.