Turun ilk oyun günü barədə məlumat vermişdik. Digər matçlar aprelin 3-4-nə təsadüf etdi.
“Sivasspor” əsas bombardiri Manayın sayəsində “Fatih Karagümrük”ü məğlub etdisə, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmaq iddiasında olan “Kasımpaşa” Kayserini iki qolla fəth etdi. Yüksəlişdə olan və son 4 turda uduzmayan “Konyaspor” bu seriyanı “Trabzonspor”a qarşı ev oyununda davam etdirə bilmədi. İnamlı qələbə qazanaraq 3-cü pillədəki mövqeyini möhkəmləndirən Trabzon təmsilçisi 2010/11-dən bəri ilk dəfə “Konyaspor”u mövsümün hər iki oyununda yenməyi bacardı.
“Qalatasaray”ı qarabaqara izləyən “Fənərbaxça” bu tur Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor”u qəbul etdi. Yığmamızın qapıçısı Kadıköydə start heyətində meydana çıxsa da, oyun onun üçün uğursuz alındı. Belə ki, ilk yarıda bir qol buraxan, üstəlik zədə alan Məhəmmədəliyev fasilədə əvəzləndi. Osayi-Samuelin cəza, Sərdar Əziz, İsmayıl Yüksək, Fred və Batşuayinin isə zədə üzündən heyətdə olmadığı bir matçda İsmayıl Kartalın əsas qapıçı Livakoviçi ehtiyatda saxlaması diqqəti çəkdi. İlk dəqiqələrdən Şahruddinin qapısını “bombardmana tutan” “Fənər”in təzyiqi 17-ci dəqiqədə Cikunun qolu ilə bəhrəsini verdi. Amma sevinc uzun çəkmədi. İrfan Can Eğribayatın “Fənər”in qapıçısına yaraşmayan kobud səhvindən sonra Balotelli topu ələ keçirərək onu boş qapıya göndərdi.
Adanalıların fasiləyə bərabərliklə yollanmasının özü artıq uğur idi. Çünki İstanbul nəhəngi çox böyük üstünlüyə malik idi. İlk yarıda Şahruddinin köməyinə bir dəfə tir, bir dəfə də dirək çatdı. Amma fasilədən sonra qonaqlar “ağ bayraq” qaldırmalı” oldu. Əvvəlcə Ceko həm komandasını önə keçirdi, həm də bombardirlər yarışında yenidən vahid liderliyə yüksəldi. Hissənin ortalarında Tadiç qapıçının irəlidə olmasından istifadə edərək aşırma zərbə ilə mükəmməl qol vurdu. Bu, “Fənər”in son 10 ildə superliqada ən uzaq məsafədən (47,2 metrə) vurduğu qol oldu. Qonaqlar fərqi minimuma endirsələr də, yekun nəticəni Sərdar Dursun müəyyənləşdirdi. “Fənər”in superliqada qələbə seriyası 6, məğlubiyyətsiz seriyası 20 oyuna yüksəldi. Yeri gəlmişkən, komanda çempionatda ardıcıl 9-cu oyunda ən azı 2 qol vurmağı bacardı. Bu, 2006-dan bəri “sarı-lacivərdlilər”in ən yaxşı seriyasıdı.
Turun son iki oyunu srağagün keçirildi. Debütantların – “Samsunspor”la “Pendikspor”un duelində qapılara qol vurulmadı. Son 3 turda məğlub olan və bu seriyaya son qoymaq istəyən “Beşiktaş” “İstanbul BŞ”nin qonağı oldu. Ötən turla müqayisədə heyətdə 4 dəyişiklik edən Fernando Santuşun Abubakarı ilk “11-lik”də oynatması diqqəti çəkdi. Təcrübəli kamerunlu forvard sonuncu dəfə dekabrın 3-də - 14-cü tur çərçivəsində səfərdə “Ankaragücü”ilə oyunda ilk dəqiqələrdən meydana çıxmışdı. Amma Abubakar bu oyunda, demək olar, heç nə ilə yadda qalmadı. Oyuna meydan sahibləri daha fəal başlasa da, hesabı qonaqlar açdı. Muçinin sol cinahdan asmasından sonra hücuma qoşulan Kolli yaxın məsafədən sərt zərbə ilə topu tora göndərdi. Qambiyalı mərkəz müdafiəçisi bu mövsüm superliqada 6-cı qolunu vurdu. 2007-dən bəri “Qartal”ın heyətində superliqada bir mövsümdə bundan daha çox qol vuran müdafiəçi olmayıb! Ən maraqlısı odu ki, Kolli bu mövsüm 9 qollu Semih Kılıçsoydan sonra komandasının superliqada ən məhsuldar ikinci (!) oyunçusu statusundadı. Sonrakı dəqiqələrdə uzun müddət qol vurulmadı. Meydan sahiblərini 2, qonaqları isə 1 dəfə dirək xilas etdi. Mərt Günokun ikinci hissədə zədələnərək əvəzləndiyini də bildirək. Oyunboyu topa 30 faizdən də az sahib olan İstanbul nəhəngi qələbə qazanmağa yaxın olsa da, son anlarda inanılmaz olay yaşandı. 175 sm boya malik olan Əmirhan İlkhan künc zərbəsi zamanı hər kəsi qabaqlayaraq başla bərabərlik qolunu vurdu! Özü də 19 yaşlı bu vinger “Beşiktaş”ın öz yetirməsidi! Beləliklə, superliqada qələbəsiz seriyası 4 oyuna yüksələn “ağ-qaralar” 3-cü pillədən bir qədər də uzaqlaşdılar. Santuş “Beşiktaş”ın başında superliqada keçirdiyi 12 qarşılaşmanın cəmi 4-də, yəni 33 faizində qələbəyə sevinib. Bu, 1987/88-dən bəri klubda çalışmış bütün məşqçilər arasında ən zəif göstəricidi!
31-cu tur
Fənərbaxça – Adana Dəmirspor 4:2
Ciku, 17. Ceko, 51. Tadiç, 70. Sərdar Dursun, 85 – Balotelli, 25. Yusuf Barasi, 80.
Fənərbaxça: İrfan Can Eğribayat, Mərt Müldür, Oostervolde, Ciku, Fərdi Kadıoğlu, Kruniç, Zayts, İrfan Can Kahveci (Sərdar Dursun, 81), Şimanski, Tadiç, Ceko (Çağlar Söyüncü, 90).
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev (Vedat Karakuş, 46), Məhəmmədi, Qravilyon, Semih Gülər, Yusuf Ərdoğan (Nani, 56), Maestro, Mişu, Əmrə Akbaba, Yusuf Sarı, Mendosa (Yusuf Barasi, 56), Balotelli (Aymbetov, 81).
İstanbul BŞ – Beşiktaş 1:1
Əmirhan İlkhan, 90+5 – Kolli, 16.
Beşiktaş: Mərt Günok (Ersin Destanoğlu, 54), Svensson, Nəcip Uysal, Kolli, Zaynutdinov, Fernandeş, Raşitsa, Muçi (Amarti, 90+1), Gezzal (Əl Musrati, 71), Semih Kılıçsoy (Cenk Tosun, 90+1), Abubakar (Muleka, 71).
Konyaspor – Trabzonspor 1:3
Nzonzi, 79 – Trezeqe, 19. Visça, 59-p. Funtas, 89.
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir, Umut Günəş (Orşiç, 90+2), Visça (Funtas, 80), Bardi, Trezeqe (Umut Bozok, 74), Pepe (Fernandes, 80).
Turun qalan oyunlarının nəticələri: Qalatasaray – Hatayspor 1:0 (İkardi, 12), Antalyaspor – Ankaragücü 1:1 (Ərdoğan Yeşilyurt, 40 – Əfqan Bəkiroğlu, 64), Qaziantep – Alanyaspor 0:3 (Ahmed Hassan, 6; 72. Oğuz Aydın, 32), İstanbulspor – Çaykur Rizəspor 0:4 (Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90), Sivasspor – Fatih Karagümrük 1:0 (Manay, 89), Kayserispor – Kasımpaşa 0:2 (Da Kosta, 22. Hayradinoviç, 56), Samsunspor – Pendikspor 0:0.
1. Qalatasaray 31 27 3 1 69-20 84
2. Fənərbaxça 31 26 4 1 83-27 82
3. Trabzonspor 31 16 4 11 54-41 52
4. Beşiktaş 31 14 5 12 41-37 47
5. Kasımpaşa 31 13 7 11 55-55 46
6. Çaykur Rizəspor 31 13 6 12 40-47 45
7. İstanbul BŞ 31 12 7 12 39-36 43
8. Antalyaspor 31 10 12 9 36-34 42
9. Alanyaspor 31 10 12 9 41-42 42
10. Sivasspor 31 10 11 10 37-43 41
11. Adana Dəmirspor 31 9 12 10 48-43 39
12. Samsunspor 31 10 7 14 35-41 37
13. Kayserispor (-3) 31 10 9 12 36-45 36
14. Ankaragücü 31 7 13 11 37-40 34
15. Hatayspor 31 7 12 12 36-41 33
16. Konyaspor 31 7 12 12 32-45 33
17. Qaziantep 31 8 7 16 34-47 31
18. Fatih Karagümrük 31 7 9 15 34-39 30
19. Pendikspor 31 7 9 15 34-61 30
20. İstanbulspor (-3) 31 3 7 21 22-59 13
Bombardirlər: Ceko (Fənərbaxça) – 19, İkardi (Qalatasaray) – 18, Manay (Sivasspor) – 16, Tiam (Kayserispor/Pendikspor) – 14.
Növbəti turun oyunları aprelin 12-15-i aralığında keçiriləcək:
Adana Dəmirspor – Kayserispor, Hatayspor – İstanbulspor, Alanyaspor – Qalatasaray, Beşiktaş – Samsunspor, Ankaragücü – Qaziantep, Pendikspor – İstanbul BŞ, Çaykur Rizəspor – Antalyaspor, Fatih Karagümrük – Fənərbaxça, Trabzonspor – Sivasspor, Kasımpaşa – Konyaspor.
Turun rəqəmi
128 – “Qalatasaray” xal, “Fənərbaxça” isə məhsuldarlıq rekordlarını alt-üst etməkdədi. “Adana Dəmirspor”un qapısına 4 top göndərən İstanbul nəhəngi bu mövsüm rəsmi oyunlarda 128 qol həddinə çatdı. Bununla da “Fənər” Türkiyə futbolu tarixində bir mövsüm ərzində bütün turnirlər daxil olmaqla ən çox qol vuran komandaya çevrildi! Buna qədər rekord 126 qol idi. Belə ki, “Qalatasaray” 1999/00-da və ötən mövsümün “Fənər”i məhz bu qədər qol vurmuşdu. Amma əvvəlki rekord 56 rəsmi oyuna müəyyənləşdiyi halda, “Fənər” bu mövsüm 128 qolu yalnız 46 (!) rəsmi oyuna vurub. Nəzərə alaq ki, “sarı-lacivərdlilər” mövsümün sonuna qədər hələ ən azı 10 rəsmi oyun da keçirəcək.
Turun ulduzu
Ahmed Hassan (Alanyaspor) – daha çox “Koka” ləqəbi ilə tanınan misirli futbolçu bu tur şou göstərdi. O, Antep səfərində 2 qol, 1 məhsuldar ötürməlik performansla komandasının vurduğu hər 3 qolda yaxından iştirak etdi. 31 yaşlı forvard son 5 turda komandasına 6 qolluq fayda verib (4+2). Daha öncə “Riu Ave”, “Braqa”, “Olimpiakos”, “Konyaspor”da top qovmuş Hassan hazırda müqavilə ilə “Pendikspor”a məxsusdu.
Turun sitatı
Duşan Tadiç, “Fənərbaxça”nın vingeri: “Karyeramda heç vaxt bu qədər uzaq məsafədən qol vurmamışdım. Bu, mənim üçün bir ilkdi. Belə uzaq müsafələrdən o qədər də tez-tez zərbələr vurmuram. Trabzon səfərindən sonra bu oyunda da qalib gəldik. Fanatlarımızın bizdən məmnun olduğunu düşünürəm. Amma keçmişlə yaşamaq olmaz. Final fiti səslənən kimi sonrakı oyuna hazırlaşmaq lazımdı. Çünki futbol çox zalım bir oyundu. Həmişə futbolçuya son matçdakı performansına görə qiymət verirlər. Ona görə də hər oyunda ən yaxşı futbolu sərgiləməyə can atırsan”.
Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: