Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçunu müəyyənləşdirib. Siyahının ilk dörd pilləsində “Qarabağ”ın üzvləri qərarlaşıb. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyir. Leandro Andrade çempionatımızın ən dəyərli futbolçusu sayılıb. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabərdi.
1. Leandro Andrade (Qarabağ) – 3,3 milyon avro
2. Toral Bayramov (Qarabağ) – 2,4 milyon
3. Olavio Juninyo (Qarabağ) – 2,2 milyon
4. Elvin Cəfərquliyev (Qarabağ) – 1,8 milyon
5. Kahim Parris (Sabah) – 1,3 milyon
6. Suleyman Alluş (Səbail) – 1,2 milyon
7. Marko Yankoviç (Qarabağ) – 1 milyon
8. Ayxan Süleymanlı (Sumqayıt) – 900 min
9-10. Salifu Suma (Zirə) – 800 min
9-10. Julio Romao (Qarabağ) – 800 min
Bu sıralama nə dərəcədə obyektivdi, sıralama ilə razısız, yoxsa hansısa yerdəyişmə edərdiz? “Football-plus.az”ın bu sualına tanınmış menecerlər cavab verdi.
Tural Əsgərov:
“Mən bilmirəm ki, niyə buna Azərbaycanda böyük əhəmiyyət verilir? Sadəcə, bir saytdı. Bəsit və heç də obyektiv olmayan sistem üzrə iş görürlər. Ona görə bu siyahıyla razı deyiləm. Ümumiyyətlə, bu siyahını şərh etməyin tərəfdarı deyiləm. Birmənalı şəkildə bu siyahı tam ədalətli ola bilməz”.
Vaqif Heydərli:
“Bu siyahı çox qarışıqdı. Qiyməti şişirdilən də, siyahıda olmayıb ilk “10-luğ”a laiq olan futbolçular da var. Nəyə görə belə yazıblar? Niyə Juninyonun transfer dəyəri Andradedən bu qədər az olmalıdı?”
ƏSƏD SEYİDOV






