Qurban Qurbanov bu gün ölkəmizdə inanılmaz populyarlıq qazanıb, siyasi fəaliyyətlə məşğul olsaydı, asanlıqla parlamentə düşərdi.
Cari avrokubok mövsümündə “Braqa” və xüsusən də “Bayer-04” ilə qarşılaşmalarda “Qarabağ”ın ortaya qoyduğu oyunu göz önünə gətirəndə belə populyarlığın səbəbi anlaşılandı. Ana südü kimi halalıdı, tale, qismət bəxtinə daha böyük populyarlıq yazsın, müstəqil Azərbaycanın bar verən ağacıdı deyə, kökü həmişə möhkəm olsun!
Amma son vaxtlar Qurban bəyin ətrafında yaradılan söz-söhbət kütləsi, əslində isə vakkumu qətiyyən xoşuma gəlmir. Kimlərsə onu bilərəkdən oda atmaq, “yandırmaq” istəyir. Demək olar ki, hər gün adı hansısa məşhur klubla yanaşı çəkilir, həmkarlarımız az qala “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın mətbəxində yeməyə tikə axtaran pişiydən də münasibət öyrənməyə çalışırlar. Bu, ünlü həmvətənimizin personasına ölkə xaricindən göstərilən diqqətin ifadəsi və ya olmayan diqqətin imitasiyasıdı. Ancaq bundan da maraqlı olan və heç də yaxşı perspektiv vəd etməyən başqa söhbətlər də var. Aman, Qurban bəy AFFA prezidenti postuna gəlsin! Aman, Qurban bəy AFFA-nın İcraiyyə Komitəsinə gəlsin, futbol təsərrüfatında həm qanunverici, həm də icraedici fəaliyyətlə məşğul olsun... Ən qəribəsi odu ki, bizim ünlü məşqçi də bu variantların heç birinə etiraz etmir, bəzən təbəssümlə qarşılayır, bəzən “qismət necəsidə, elə də olacaq” deyir.
Düzü, belə mülahizələri oxuyanda, Qurban bəyin həmin məsum-iddialı təbəssümünü göz önünə gətirəndə məni titrətmə tutur. Mənə görə, Qurbanovun AFFA prezidenti postunu tutmaq üçün heç bir potensialı yoxdu, bu söhbəti dilə gətirmək belə ona pislik etməkdi. Futbolun praktiki-meydaniçi yönləri başqadı, nəzəri-idarəçi yönləri başqa. “Qarabağ” camiəsi bütün aşağı yaş qrupları ilə birgə 500, lap uzağı 1000 adamı əhatə edir. AFFA isə 1000 nəfərlik camiə yox, 10 milyonluq ölkənin futbol idarəsidi. Kimlərsə Qurban bəyi daha bir oyuna qoşmaq, sonra da uğursuzluğa düçar olanda əllərini bir-birinə sürtüb sevinç qışqırıqlarına qərq olmaq istəyir. Qurban bəy, bu oyuna qoşulmayın, o meydanda sizə yer yoxdu, yalandan start heyətində yer verib sonra ya qırmızı vərəqə göstərəcəklər, ya da penaltiyə səbəbkar olmağınıza yol açacaqlar!
İcraiyyə Komitəsində təmsilçiliyə gəlincə... Axı siz bu yolu seçmisiz, o qurumda təmsil olunmusuz, sonra da belə fəalliyətin mənasızlığını görüb bir kənara çəkilmisiz. Bəs indi nə oldu, sizi İK-ya çəkən nədi? Şəxsən məni – sizin və Azərbaycan futbolunun uğur qazanmasını istəyən Allah bəndəsini, yəni Huşəngi İK üzvü kimi məhz “Qarabağ”ın mənafeyinə, turnir maraqlarına xidmət edən qərarların verilməsi üçün çalışmayacağınıza necə inandıra biləcəksiz? Təbii ki, bilməyəcəksiz. Mən sizə hər nə qədər inansam da, bu mümkün deyil!
Odu ki, yola davam, Qurban bəy! “Qarabağ”da bitməyən missiyanız var. Yox, razılaşmırsızsa, klubda missiyanızın bitdiyini düşünürsüzsə, onda allı-güllü, canımız-qanımız Azərbaycan yığması var! Vətən sizdən yardım istəyir, gözləyir, umur! “Bayer-04”lə səfər oyununda 10 milyonu ekran qarşısına necə pərçimləmişdizsə, indi də yığma ilə bunu edin, bu yükü boynunuza götürün, bacarın. Hər şey o qədər sadədi ki...
HUŞƏNG