Hesabat turunda nəhənglərdən “Real” çətin, “Barselona” asan qələbə qazandı. “Real Sosyedad”ın evdə “Vilyarreal”a uduzması, “Atletiko”nun aşkar autsayder “Almeriya” ilə oyunda xal itirməsi gözlənilməz oldu.
"Football-plus.az" xəbər verir ki, “Sevilya” üzərində qələbə “Real”a asan başa gəlmədi. O mənada ki, madridlilər oyun üstünlüyünü heç cür qola çevirə bilmirdi. Hücumların son mərhələsində daim nəsə çatmırdı. “Sevilya” lap əvvəldən əks-hücum taktikası seçərək sona qədər ona sadiq qaldı, diqqətli və etibarlı müdafiə olunmağa çalışdı. Oyunun ilk yarısında bu taktika özünü doğrultdu. Hərçənd “Real” erkən qol vurdu. Sadəcə, kombinasiya zamanı qayda pozuntusuna görə bu qol sayılmadı. Ardından “Sevilya” əks-hücumları gücləndirdi. Ancaq tədricən madridlilər Nülandın qapısını üzük qaşı kimi mühasirəyə aldı. 2-ci hissənin bəzi məqamlarında “Sevilya” bütün oyunçuları ilə müdafiə olundu. Modriçin 75-ci dəqiqədə meydana çıxması oyunun taleyini həll etdi. Xorvatiyalı ulduz 6 dəqiqə sonra uzaqdan zərbə ilə komandasına qələbə qazandırdı.
Düşünmək olardı ki, “Barselona” Neapoldakı oyundan sonra yorğun görünəcək, axı, bu komandanın dincəlmək üçün vaxtı az idi. Ancaq Xavinin komandası “Xetafe”ni darmadağın etməklə azarkeşlərini yaxşı mənada təəccübləndirdi. “Xetafe” 1-ci dövrədə bu rəqibdən xal ala bilmişdi. Bu dəfə də rəqibin yorğun olacağına ümid edirdi. Oyuna daha fəal başlayan qonaqlar cəsarətlə irəli çıxırdılar. Ancaq “Barsa” daha kəskin hücumlar qururdu. Və start heyətində meydana çıxan Rafinya 20-ci dəqiqədə hesabı açdı. Kataloniyalıların sürətli hücumları “Xetafe”ni çətinə salırdı. Artıq fasiləyə qədər fərq darmadağın həddinə çata bilərdi. Ancaq qeyri-dəqiqlik buna mane oldu. 2-ci hissədə də oyunun axarı dəyişmədi. Sadəcə, “Barsa” qol vəziyyətlərini daha yaxşı reallaşdırmağa başladı. 53-cü dəqiqədə baxımlı hücumun sonunda Felişə yalnız topu boş qapıya göndərmək qaldı. Ardından 4 dəqiqə ərzində meydan sahibləri daha iki dəfə fərqləndi. Levandovskinin qolu ofsayd üzündən sayılmadısa, De Yonqun qolu ilə bağlı heç bir şübhə yox idi. Son 30 dəqiqədə fəallaşan “Xetafe” darmadağından qurtulmaq üçün bir neçə şans qazandı. Ancaq Rodrigeslə Mayoral əlverişli vəziyyətdən yararlana bilmədi. Artırılan vaxtın əvvəlində “Barsa” 4-cü qolu da vurdu – sonradan meydana çıxan Lopes fərqləndi. Xavinin komandası növbəti qələbə ilə ən azı birgünlüyə 2-ci pilləyə yüksəldi. “Xetafe” isə avrokuboklara vəsiqə uğrunda mübarizədə işini çətinə saldı.
“Atletiko” heç cür sabitlik yaxalaya bilmir. “Hindular”ın aşkar autsayder “Almeriya” ilə heç-heçəsinə izah tapmaq çətindi. “Atletiko” bu şəhərə son 8 səfərin yalnız birində qələbə qazanıb. Korrea artıq 2-ci dəqiqədə qonaqları irəli çıxarsa da, “Milan”dan icarəyə götürülən argentinalı Romero fantastik qolla hesabı bərabərləşdirdi. 57-ci dəqiqədə De Paul yenə hesabı qonaqların xeyrinə dəyişdi. Amma Romero Oblakla təkbətəkdən qalib ayrılmaqla dublunu rəsmiləşdirdi. Oyun heç-heçə bitsə də, “Atletiko” 4-cü pilləni əldən vermədi. Ona görə ki, “Atletik” də səfərdə “Betis”ə uduzdu. “Betis” 38-ci dəqiqədə hesabı 2:0 edəndən sonra onsuz da xal ümidi azalan baskların vəziyyətini 40-cı dəqiqədə meydandan qovulan Niko Uilyams bir qədər də çətinləşdirdi. “Atletik” azlıqda fərqi minimuma endirməyi bacarsa da, Kardoso 67-ci dəqiqədə “Betis”in qələbəsini möhkəmlədən qolu vurdu.
“Vilyarreal”la ev oyunu “Real Sosyedad” üçün uğursuz alındı. San-Sebastyan təmsilçisi hücumda zəif təsir bağışladı, oyunboyu əlində olan ərazi üstünlüyündən lazımi şəkildə yararlana bilmədi. Əvəzində “sarılar” uğurla müdafiə olundu və əks-hücumlarda qollar vurdu. Qonaqlar hesabı erkən açdı, Komesanya 2-ci hissənin əvvəlində daha bir qol vurmaqla dublu rəsmiləşdirdi. Sona 4 dəqiqə qalmış basklar Merinonun qolu sayəsində intriqanı bərpa etdi. Ancaq onlar geridönüş etməyi bacarmadı. Sörlot 5-ci uzatma dəqiqəsində “Real Sosyedad”ın xal ümidini gözündə qoydu. Maraqlıdı ki, bu komanda noyabrdan bəri evdə çempionat oyununda qalib gələ bilmir. Məğlubiyyət bir yana, “Real Sosyedad” zədələrlə də üzləşdi. Oyunun lap əvvəlində - 7-ci dəqiqədə Barreneçea sıradan çıxdı, Traore zədə üzündən 2-ci hissədə oynamadı, Zaxaryan isə 72-ci dəqiqədə bu səhəbdən əvəzləndi. “Real Sosyedad” üçün indi mövsümün ən önəmli dönəmidi. San-sebastyanlılar həftəiçi ölkə kubokunda “Malyorka” ilə qarşılaşacaq, PSJ ilə ÇL-in 1/8 final oyunu da uzaqda deyil. Yəni baskların belə ciddi kadr problemləri ilə üzləşməsi heç yerinə düşmədi.
“Alaves” – “Malyorka”, “Las-Palmas” – “Osasuna” oyunlarında eyni (1:1) hesablı heç-heçə qeydə alındı. Aşkar autsayder “Kadis” “Selta” ilə oyunda 0:2 geri düşsə də, 90+10-cu (!) dəqiqədə vurduğu qolla məğlubiyyətdən qurtula bildi. Turun dünən axşam keçirilən son oyununda “Jirona” “Rayo Valyekano”nu məğlub etməklə 2-ci pilləni özünə qaytardı.
26-cı tur
Real – Sevilya 1:0
Modriç, 81. (74969)
Real: Lunin, Mendi, Rüdiger, Vaskes, Valverde, Kroos, Çuameni, Dias (Sebalyos, 90), Naço (Modriç, 75), Vinisius, Rodriqo (Rodriges, 90+4).
Barselona – Xetafe 4:0
Rafinya, 20. Feliş, 53. De Yonq, 61. Lopes, 90+1. (36803)
Barselona: Ter Ştegen, Kanselo (Fort, 84), Kubarsi, Arauxo, Kunde, Gündoğan (Pedri, 83), Kristensen (Romeo, 77), De Yonq, Feliş (Lopes, 63), Rafinya (Roke, 77), Levandovski.
Almeriya – Atletiko 2:2
Romero, 27; 64 – Korrea, 2. De Paul, 57. (14472)
Atletiko: Oblak, Mandava, Paulista, Saviç, Lino (Rikelme, 46), Molina, Barrios, De Paul (Vitsel, 82), Koke (Lyorente, 46), Depay (Morata, 69), Korrea (Saul, 70).
Real Sosyedad – Vilyarreal 1:3
Merino, 86 – Komesanya, 17; 47. Sörlot, 90+5. (30609)
Betis – Atletik 3:1
Avila, 13. Berçiçe, 38-öz qapısına. Kardoso, 67 – Quruseta, 45+7. (53537)
Alaves – Malyorka 1:1
Benavides, 76 - Nastasiç, 88. (16102)
Kadis – Selta 2:2
Xuanmi. 60. Maçis, 90+10 – Aspas, 11. Svedberq, 58. (18123)
Las-Palmas – Osasuna 1:1
Rodriges, 52 – U.Qarsiya, 49. (25075)
Jirona – Rayo Valyekano 3:0
Sıqankov, 52. Savio, 90+1; 90+5. (8923)
“Qranada” – “Valensiya” oyunu təxirə salınıb.
1. Real 26 20 5 1 54-16 65
2. Jirona 26 18 5 3 57-32 59
3. Barselona 26 17 6 3 56-34 57
4. Atletiko 26 16 4 6 52-28 52
5. Atletik 26 14 7 5 46-26 49
6. Betis 26 10 12 4 31-26 42
7. Real Sosyedad 26 10 10 6 35-26 40
8. Las-Palmas 26 10 6 10 26-26 36
9. Valensiya 25 10 6 9 29-29 36
10. Xetafe 26 8 10 8 33-38 34
11. Osasuna 26 9 6 11 30-37 33
12. Alaves 26 7 8 11 25-32 29
13. Vilyarreal 26 7 8 11 38-48 29
14. Rayo Valyekano 26 5 10 11 22-36 25
15. Malyorka 26 4 12 10 23-34 24
16. Sevilya 26 5 9 12 30-38 24
17. Selta 26 4 9 13 29-39 21
18. Kadis 26 2 12 12 17-37 18
19. Qranada 25 2 8 15 27-49 14
20. Almeriya 26 0 9 17 25-54 9
Bombardirlər: Bellingem (Real) – 16, Mayoral (Xetafe) – 15, Dovbik (Jirona) – 14, Morata (Atletiko), Budimir (Osasuna) - 13.
Növbəti turun oyunları martın 1-4-ü aralığında keçiriləcək: Selta – Almeriya, Sevilya – Real Sosyedad, Rayo Valyekano – Kadis, Xetafe – Las-Palmas, Valensiya – Real, Vilyarreal – Qranada, Atletiko – Betis, Malyorka – Jirona, Atletik – Barselona, Osasuna – Alaves.
Turun rəqəmi
11000 – Frenki de Yonq “Barselona”nın qol sayını bu həddə çatdırdı. 2019-cu ilin iyulundan bu klubun şərəfini qoruyan niderlandlı yarımmüdafiəçi bütün turnirlərdə keçirdiyi 209 oyunda 17 qol vurub.
Turun ulduzu
Rafinya (Barselona) – start heyətinə qayıdan braziliyalı ümidləri doğrultdu. “Xetafe”nin darmadağının əsasını o qoydu. 2-ci hissənin əvvəlində daha bir məhsuldar hücumu başladı, De Yonqun vurduğu qolda isə hər şey etdi. Niderlandlıya yalnız topu boş qapıya göndərmək qaldı.
Turun sitatı
Joao Feliş, “Barselona”nın hücumçusu: “Barselona” lap sona qədər titul uğrunda mübarizə aparacaq. Bütün komandalar istənilən anda xal itirə bilər. İnanmağa davam etmək lazımdı”.
Faktlar
* “Almeriya” cari mövsümdə ilk dəfə ardıcıl 3 oyunda uduzmadı.
* “Betis”in çalışdırıcısı Manuel Pelleqrini La Liqada evdə “Atletik”ə qarşı keçirdiyi 13 oyunun heç birində uduzmayıb (10 qələbə, 3 heç-heçə).
Reaksiyalar
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Tam bir komanda kimi oynadıq, rəqibə intensivılik baxımından uduzmadıq. Boş zonalar tapa bildik. Bunun sayəsində qollar vurduq. Ağ dəsmal atmırıq, mübarizəni davam etdiririk. Sona 12 oyun qalır. Baxaq görək “Jirona” ilə “Real” nə edir... Mövsüm bitəndən sonra postumdan ayrılmaqla bağlı qərara görə təəssüflənmirəm. Həm mənim, həm də “Barsa” üçün doğru qərardı. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm, ancaq belə lazım idi. İndi komanda güclü motivasiya göstərir”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Lap sona qədər mübarizə apardıq. “Real” oyunboyu intensib futbol göstərdi, nəzarəti əldən vermədik və haqq etdiyimizi aldıq. Çoxlu təhlükəli vəziyyət yaratdıq, nəhayət, qol da gəldi. Modriç gözəl qol vurdu. Lukanı ehtiyatda saxlamaq çətindi, ancaq o, bütün komanda üçün nümunədi. Gələcəyi yalnız özündən, növbəti mövsüm nə etmək istəməsindən asılıdı. Bizə yalnız onun qərarını gözləmək qalır”.