Qəzetimizin ötən sayında “Bavariya” rəhbərliyinin mövsümün sonunda baş məşqçi Tomas Tuxellə yolları ayırmağa qərar verməsi ilə bağlı xəbəri nəzərinizə çatdırmışdıq. Bəs indiki durumun yaranmasının səbəbləri nədi?
"Football-plus.az" xəbər verir ki, “Bavariya” indi qorxunc durumdadı: ardıcıl üç məğlubiyyət üzündən çempionluq yarışından, demək olar ki, uzaq düşüb (“Bayer-04” ilə xal fərqi 8-ə bərabərdi) və son 12 ildə ilk dəfə, ümumiyyətlə, titulsuz qalmaq təhlükəsi ilə üzləşib. Münhen nəhəngi hələ noyabrda ölkə kuboku uğrunda mübarizədən çəkilib, Çempionlar Liqasında isə pley-offun ilk mərhələsində ortabab “Latsio”ya 0:1 hesabıyla uduzub (düzdü, hələ cavab görüşü də var). Meydandakı xaos münhenlilərin daxili problemlərini göstərən əlamətdi: paltardəyişmə otağına nəzarəti itirən Tuxel enində-sonunda klubu tərk edəcək. Bu hadisə “dostluq ab-havasında keçən danışıqların” nəticəsi kimi mövsümün sonunda baş verəcək. Heç bir qalmaqalsız. Sadəcə, son vaxtlar əməkdaşlığı dayandırmağın xeyli əvvəldən elan olunması dəb halını alıb. Yürgen Klopp və Xavi Ernandes nümunələri ortadadı.
Tuxelin qovulmasının səbəbləri
Bundesliqanın 22-ci turunda təvazökar “Bohum”a 2:3 hesabıyla uduzan “Bavariya” lider “Bayer-04”dən ciddi şəkildə geri düşdü. Elə həmin oyunda Tuxel 63-cü dəqiqədə komandanın liderlərindən biri Coşua Kimmixi oyundan almaqla onunla münasibətlərə son qoydu. Artıq final fitindən sonra yarımmüdafiəçi tribunaaltı ərazidə baş məşqçinin köməkçisi Tomas Joltla qalmaqal törətdi. Qalan yardımçılar yalandan özlərini elə apardılar ki, guya hər şey qaydasındadı, hərçənd söz savaşı az qala əlbəyaxa davaya keçəcəkdi. Klubun baş direktoru Yan-Kristian Dresen isə bu olaya belə münasibət bildirdi: “Nəyin baş verdiyindən xəbərdaram. Hər kəsin bilməsinin lazım olduğu nəsə baş verməyib. Futbolda bəzən paltardəyişmə otağında emosiyalar coşur”.
Əslində Tuxel paltardəyişmə otağına nəzarəti tam itirib, özü də bütün bunlar hələ yayda başlayıb. Enerjili pressinqin tərəfdarı olan baş məşqçi, onun fikrincə, Kimmixlə Leon Qoretskanın aşağı olan tempinə irad tutdu və buna görə də daha bir dayaq yarımmüdafiəçisi almaq fikrinə düşdü. Harri Keynlə Kim Min Cenin transferinə xərclənən ciddi para (birlikdə 145 milyon avro) Tuxelə orta sahəni yenidən qurmaq imkanı vermədi, ancaq onun iki yarımmüdafiəçiyə iradları qaldı.
Kimmixin payına daha çox irad düşdü. Hətta onun baş məşqçi ilə aqressiv mübahisələr üzündən klubdan getmək istəməsi ilə bağlı şayiələr gəzirdi. Tuxel Kimmixi “8 nömrə” kimi görür, axı birbaşa müdafiə xəttinin önündə çıxış edən dayaq yarımmüdafiəçisi rolu üçün ona daha dinamik futbolçu lazımdı. “Bild”in infpormasiyasına inansaq, Tomas Coşua ilə şəxsi söhbətdə onu lənglikdə və oyun tempini aşağı salmaqda suçlayıb. Futbolçu özü isə karyerasının böyük hissəsini keçirdiyi mövqeyini dəyişmək istəmir, rəhbərlik də bu məsələdə onu dəstəkləyir. Rəhbərlik yayda hətta Tuxelin fikirlərini bir kənara qoyaraq, Keyni 95 milyona almağa üstünlük verdi.
“Bavariya”nın bosslarının futbolçunu dəstəkləməsi təəccüb doğurmir: onlar baş məşqçinin kollektivə nəzarəti əldən verdiyini etiraf edirlər. “The Athletic” klub rəhbərliyində olan anonim mənbənin baş məşqçinin davranışı ilə bağlı şərhinə də yer ayırıb: “Coşua baş məşqçi ilə münaqişə şəraitində olan yeganə futbolçu deyil, əslində münaqişədə olmayanları saymaq daha asandı”. Almaniya mənbələri iddia edir ki, baş məşqçini futbolçulardan yalnız altısı – Manuel Noyer, Rafael Gerreyro, Camal Musiala, Leroy Sane, Harri Keyn və Erik Dayer dəstəkləyir. Tuxellə mübahisə edənlər sırasında isə Kimmixdən başqa Leon Qoretska, Tomas Müller, Matteys de Liqt, Serj Qnabri və hətta gənc Matis Tel də var. Çoxlarını meydanda keçirdiyi oyun vaxtı razı salmır. Qoretskda çempionatda meydana çıxdığı 18 oyunun yalnız 10-da 90 dəqiqə oynayıb. Baş məşqçi dəfələrlə Gerreyroya görə onu “yerindən oynadıb”. Veteran Müller nadir hallarda start heyətində görünür. Başqa narazılar da meydanda indi olduğundan daha artıq vaxt keçirə bilərdilər. Belə görünür ki, Alfonso Devis da bu xaosdan yaxasını qurtarmağa çalışır – kanadalının agenti artıq Barselonaya – Kataloniya nəhənginin idman direktoru Deku ilə söhbətə yollanıb. İspaniya nəənglərindən “Real” da sol cinah müdafiəçisinə iddialıdı. “Bohum”a məğlubiyyətdən sonra Qoretska dözə bilməyərək bunları dedi: Bu, bitmək bilməyən qorxu filmlərinə bənzəyir. Düşünürəm ki, bütün başverənlər indiki məqamda bizi şübhəyə salır. Biz bundesliqanı qazanmayacağıq. Mən bunu səmimi deyirəm”.
Tuxeli kim əvəz edəcək?
Çox güman, titulsuz bitəcək mövsüm, aparıcı futbolçularla münaqişə - bütün bunlardan sonra Tuxeli “Bavariya”da saxlamaq istəməmələri təbiidi. Münhendə baş məşqçiləri bundan da az günahlara görə qovurlar. Məsələn, Yulian Naqelsmann çempionluğun və iki ölkə superkubokunun ardından qovdular. Nədi-nədi, 2022/23 mövsümünün sonunda 1-ci yeri əldən vermişdi (klub onsuz da sonda çempion oldu). Özü də ən maraqlısı odu ki, işsiz Tuxellə çalışmaq imkanını əldən verməmək üçün. Belə görünür ki, Naqelsmannın Münhendə qalması bundan yaxşı olardı.
Baxmayaraq ki, mövsüm hələ bitməyib, “Bavariya” hələ də çempionluq və Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparır, artıq Tuxelin mümkün əvəzediciləri ilə bağlı açıq söhbət gedir. Ən çox ehtimal olunan namizədlərdən biri Hans-Diter Flikdi. O, artıq Münhen klubunda çalışıb, tam olmayan iki mövsüm ərzində 7 titul, o cümlədən Çempionlar Liqasını da qazanıb. Gənc mütəxəssis klubda ondan sonra da qalacaqdı, sadəcə, 2021-in yayında yığma naminə ayrıldı. İndi isə işsizdi.
Flik “Bavariya”nı möhtəşəm nəticələrə daşısa da, hazırda baş məşqçi postuna namizəd kimi göstərilən Zinəddin Zidan qədər cəlbedici nüfuz qazanmadı. Bir neçə qaynağın, eləcə də almaniyalı insayder Florian Plettenberqin məlumatına görə, məhz Zizu münhenlilərin fikrincə, baş məşqçi vəzifəsinə ən çox arzulanan namizəddi. “Real”ın sabiq baş məşqçisi 2020/21 mövsümünün sonundan bəri işsiz-gücsüz oturub, baxmayaraq ki, Madrid klubu ilə 11 titul (ÇL-də ardıcıl üç qələbə) qazanıb. Fransalı mütəxəssisin xidmətində bir çox top-klub maraqlı olsa da, Zidan hələ ki işsizdi.
Tuxel hələ “Bavariya”ya təyin olunana qədər çətin xarakteri ilə ad çıxarmışdı. Ancaq Münhen dönəminə qədər hər yerdə sistemli futbol oynadırdı, hansısa uğurlara nail olurdu. Dortmund “Borussiya”sı ilə ölkə kubokunu qazandı, PSJ-ni tarixində ilk dəfə ÇL-in finalına çıxardı (ölkə daxilində də 6 titul qazandı), “Çelsi”ni Çempionlar Liqasında, UEFA Superkubokunda və klublararası dünya çempionatında qələbəyə daşıdı. İndi isə Tuxel iflas olub: futbolçular artıq ona dözə bilmir, heç olmasa, mövsümün sonuna qədər iş başında olub-olmayacağı da aydın deyil.