“Real”ın bir qədər stajlı azarkeşləri İvan Elqeranı gözəl xatırlayır.
"Football-plus.az" xəbər verir ki, “Rasinq”in yetirməsi olan, “Real”a gələnə qədər “Albasete”, “Roma” və “Espanyol”un şərəfini qoruyan universal müdafiəçi Madrid nəhəngində 8 mövsüm (1999-2007) top qovub. Bu müddət ərzində 3 La Liqa çempionluğu, 2 ÇL daxil olmaqla 8 titul qazanıb və 346 oyunda 34 qol vurub. Karyerasının son dönəmini “Valensiya”da keçirən və 2009-un dekabrında butslarını mıxdan asan Elqeranın hazırda 48 yaşı var. Bugünlərdə İspaniyanın məşhur “As” nəşrinə müsahibə verən sabiq futbolçu “Real”ın durumundan, Mbappenin mümkün transferindən və başqa məqamlardan danışıb.
- “Real”ın bu mövsümdəki çıxışı barədə nə düşünürsüz? “Leyptsiq” üzərində qələbə komandanın düzgün yolda olduğunu göstərdi?
- Ümumi götürəndə mövsüm yaxşı keçir. Həmişə fevraldan etibarən mövsümün həlledici məqamı başlayır. Çünki ÇL-də fasilə başa çatır. Hər həftə iki oyun keçirmək lazım gəlir. Nəfəs dərməyə imkan yoxdu. Zədəlilər isə çoxdu. Bu təkcə “Real”a aid deyil. Komanda “Leyptsiq”i çox çətinliklə məğlub etdi. Ardından “Rayo Valyekano” ilə oyunda bərabərlik qeydə alındı. Bu iki qarşılaşmada alışdığımız “Real”ı görə bilmədik. Ümumiyyətlə, bu təqvim ilində “Real” o qədər də inamlı görünmür. Komanda toparlanmalıdı. Əks təqdirdə oyundakı bu enişin nəticələri çox ağır ola bilər.
- Fiziki cəhətdən komandanı bəyənirsiz?
- Bəli, “Real” fiziki cəhətdən güclüdü. Bellingem bu baxımdan yaxşı mənada fərqlənir. Mən Vinisiusu da xüsusi qeyd edərdim. Demək olar ki, 2-3 ildi fasiləsiz oynayır və zədələnmir. Halbuki bu müddətdə az qala bütün oyunçular zədələnib. Futbolçuların fiziki durumunun qaydasında olması “Real”a çox yardım edir.
- Zədə epidemiyasına baxmayaraq, “Real”, demək olar ki, uduzmur. Bu, sizi təəccübləndirir?
- Xeyr. Çünki Ançelotti nə etdiyini gözəl bilir və hətta daimi oynamayanları da psixoloji cəhətdən hazır vəziyyətdə saxlamağı bacarır. Bu, istər müdafiəyə, istərsə də hücuma aiddi. Məsələn, Xoselu əsas heyət üzvü sayılmır. Amma şans qazandığı məqamlarda yaxşı məhsuldarlıq nümayiş etdirir. Heç də bütün böyük klublar bu özəlliyə malik deyil. Digər nəhənglərdə, adətən daimi oynamayan futbolçular onlara ehtiyac duyulduğu vaxt ümidləri doğrultmurlar. Ançelotti bu baxımdan çox mühüm işlər görür. Məsələn, Naçoya diqqət yetirin. Əsas müdafiəçilər sağlam olanda o, heyətə düşmür. Amma nə vaxt lazım olursa, həmişə çox etibarlı və əla təsir bağışlayır. Eyni sözləri Çuameni haqda da demək olar. Zədədən qayıtdı, üstəlik alışmadığı mövqedə - müdafiənin mərkəzində oynamaq məcburiyyətində qaldı. Amma etimadı çox yaxşı doğruldur.
- Çuamenidən söz düşmüşkən, yarımmüdafiəçidən müdafiəçiyə çevrildiyinə görə onu sizə də bənzətmək olar.
- Mərkəz müdafiəçisi kimi oynamaq çox xoşuma gəlirdi. Çuameniyə qədər biz dayaq yarımmüdafiəçisi mövqeyində Kazemironun oyununa alışmışdıq. O, hücumlara qoşulmağı, qapıya zərbələr vurmağı sevirdi. Çuameninin yaxşı fiziki göstəriciləri var. Hücumlara qoşulanda da fayda verməyi bacarır. Müdafiəçi kimi də onu çox bəyənirəm. Yeni mövqeyə əla uyğunlaşdı və komanda üçün dəyərli futbolçulardan biridi.
- Ançelottini artıq “Real”ın əfsanəsi saymaq olar?
- Əlbəttə. O ilk dönəmində də kluba böyük fayda verdi, üstəlik Zidanın məşqçi kimi yetişməsinə yardım etdi. Zidan məhz onun yolu ilə gedərək böyük uğurlar qazandı. “Real” üçün etdiklərini nəzərə alsaq, Ançelottiyə hətta heykəl də qoymaq olar!
- Bir qədər də Mbappedən danışaq. Hər şey onun “Real”la müqavilə imzalamasına doğru gedir.
- Ümid edirəm ki, sonda belə də olacaq. Çünki belə olmasa, bu məsələ artıq “sabun operası”na çevriləcək. Hiss edirəm ki, bu mövzu artıq insanları yormağa başlayır. Bu məsələyə tezliklə nöqtə qoyulmalıdı. Mbappe dünyanın ən yaxşısı və ya ən yaxşılarından biridi.
- Seçim qarşısında qalsaz, ona üstünlük verərdiz, yoxsa Holanna?
- İkisi də əla futbolçudu. Amma fikrimcə, Mbappe “Real” üçün daha uyğun futbolçudu. Çünki həm cinahda, həm də mərkəz hücumçusu kimi oynamağı bacarır. Yeri gələndə yarımmüdafiədə də oynayır. Holannda bu özəlliklər yoxdu. O, yalnız hücumun sivri ucunda qərarlaşır, vəssalam. Oyun tərzi, driblinqləri baxımından Mbappe üçün “Real”a uyğunlaşmaq daha asan olacaq. Topsuz oyunda da özünü yaxşı tərəfdən göstərir. Holann daha çox cərimə meydançası futbolçusudu. Bütün bu özəlliklərə görə Mbappenin “Real”a daha uyğun olduğunu düşünürəm. Amma ikisi də mükəmməldi.
- Belə fikir gəzir ki, Mbappenin gəlişindən sonra “Real” yenə “qalaktikos” dönəminə qayıdacaq. Amma ilk “qalaktikos” dönəmində titul sayı istənilən səviyyədə olmamışdı.
- “Qalaktikos” toplansa belə, keçmişdəki səhvlərdən nəticə çıxarmaq lazımdı. Düzdü, indiki heyətdə də dünya səviyyəli ulduzlar az deyil. Amma bizim dönəmimizdəki qədər deyil. 20 il əvvəllə müqayisə aparmaq bir qədər yersizdi. İndiki futbolçular fiziki cəhətdən güclüdü. Üzərlərində çox işləyirlər. Bizim dövrümüzdəki “qalaktikos”un ümidləri doğrultmadığını deməzdim. Sadəcə, həmin komandanın ən böyük səhvi yalnız hücuma aludə olmasında idi. Yəni həmin “Real” indiki qədər balanslaşdırılmış deyildi, hər mövqe eyni dərəcədə gücləndirilməmişdi.
- Mbappenin gəlişi komandadakı balansı poza bilər? İrəlidə Vinisius, Rodriqo, Braim Dias kimi futbolçular var...
- İnanmıram. Mənim aləmimdə yaxşı futbolçular həmişə meydanda bir-birini anlamağı bacarır. Mbappe gəlsə belə, “Real” ilk növbədə balansı və fiziki durumunu qorumalıdı. Hücuma və müdafiəyə eyni səviyyədə yer ayrılmalıdı. Mbappe gəlsə, bu o demək deyil ki, müdafiəni unudub yalnız hücum etmək barədə düşünmək lazımdı. Mbappe də daxil olmaqla hər futbolçunun meydanda öz funksiyası var.
- Sonda bir qədər La Liqada yaranmış vəziyyət haqda danışaq. “Barselona” ilə “Atletiko”nun çempionluq mübarizəsində iştirak etməməsi sizi təəccübləndirir?
- Gəlin tələsməyək. İlk baxışdan onlar çox geri qalıblar. Amma mən bu fikirlə razı deyiləm. Qarşıda hələ yetərincə oyun var. Vaxtilə biz “qalaktikos”da bu uğursuz təcrübəni yaşamışdıq. Bir məğlubiyyətdən sonra işlər bərbad duruma düşmüşdü və liderliyi əldən vermişdik. “Real”ın La Liqada durumu yaxşı olsa da, qətiyyən rahatlaşmaq olmaz. Hər xalın önəmi var.
- İndiyə qədər yalnız 2020-ci ildə “Las Rosas”ın baş məşçisi kimi işləmisiz. Yenidən məşqçi kimi özünüzü sınamaq istəyiniz var?
- Bilmirəm. Komandanın başına çətin dönəmdə keçmişdim. Həm də mən vaxtını ailəsi, uşaqları ilə keçirməyi, səyahət etməyi xoşlayan insanam. Futbol məndən bütün bunları alır. Bir azarkeş kimi oyunları izləməyi sevirəm. Amma məşqçi kimi işləməyə tələsmirəm. Həm də ilk təcrübəm uğurlu alınmamışdı. Açığı, indi bununla bağlı planlarım yoxdu. Gələcəkdə nə olacağını isə bilmirəm.
ƏLİ RAUFOĞLU