Tacikistan yığmasında baş məşqçi problemi yaranıb. Petar Şeqrt bu postu tərk edib.
Alman mütəxəssis yerli federasiya ilə müqaviləsinin müddəti sona çatdığı üçün komandadan ayrılmalı olub. O, Tacikistan yığmasını 2022-ci ildən çalışdırırdı.
Komanda yenicə başa çatan Asiya Kubokunda tarixində ilk dəfə çıxış etmişdi. Qrupda Livana qalib gələn (2:1) Şeqrtın sabiq komandası Qətərə uduzmuş (0:1), Çin ilə heç-heçə (0:0) etmişdi. 4 xalla qrupda Qətərdən sonra 2-ci yeri tutan Tacikistan 1/8 finalda Birləşmiş Ərəb Əmirlikləri ilə əsas və əlavə vaxtı 1:1 hesabıyla sona çatan matçdan sonrakı penalti seriyasında qalib gəlmiş (5:3), 1/4 finalda isə İordaniyaya minimal hesabla uduzmuşdu.