Türkiyənin superliqa təmsilçisi "Adana Dəmirspor"un işləri yolunda getmir. Komanda son 3 oyunda məğlub olubsa, 9 matçdı qələbəyə həsrətdi.
"Football-plus.az" xəbər verir ki, xoşagəlməz durum azarkeşləri də narazı salıb.
Rəhbərliyə ciddi təzyiq göstərən tərəfdarlar komandada islahatların aparılmasını istəyir. Əslində bu məsələ bir neçə həftə öncədən gündəmdə idi. Lakin 25-ci turda "Kasımpaşa"ya məğlubiyyət əsəbləri daha da tarıma çəkib. Onlar qəti şəkildə baş məşqçi Hikmət Karaman və millimizin üzvü Şahruddin Məhəmmədəliyevin komandadan göndərilməsini tələb edir. Bu mövzuda ötən həftə jurnalistlərə açıqlama verən klub prezidenti Murat Sancak nə çalışdırıcının, nə də qolkiperin yola salınacağını demişdi. Buna baxmayaraq, bir legioner qapıçı transfer edəcəklərini əlavə etmişdi.
Görünür, indi durum dəyişib. Sancak "Kasımpaşa" ilə matçdan əvvəl media nümayəndələrinə bildirib ki, legioner qapıçı alınmayacaq. Vəziyyətdən çıxış yolu Şahruddinə güvənməyə davam etmək və uyğunlaşma dövrünü yaşadığını nəzərə alıb bir az zaman verməkdi.
KƏNAN BAHADIR