Xorvatiya çempionatında 21-ci turun oyunları keçirilir. Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su hazırda 40 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Təbii ki, nəticələr klub rəhbərliyini qane etmir. Bundan başqa, komandanın Zaqreb derbisində "Lokomotiv"ə 0:3 hesabıyla məğlub olması azarkeşləri özündən çıxarıb. Tribunalarda Sergey Yakiroviçin istefasını tələb edən minlərlə azarkeş yanvarın 23-dən bəri keçirilən matçlarda komandanı boykot edib. Belədə tribunalara gələn tərəfdar sayı kəskin azalıb. Klub rəhbərliyi vəziyyətdən çıxış yolunu yeni inkişaf proqramı hazırlayaraq azarkeşlərə təqdim etməkdə görüb. Söhbət "Dinamo” baharı"ndan gedir. Bu haqda məlumatı "gol.hr" saytına İdarə Heyətinin üzvü İvan Naukoviç verib.
Bizi maraqlandıran mövzu isə məhz heyətlə bağlıdı. Belə ki, çempionluq uğrunda yarışda meydana çıxacaq, daha dəqiqi, daim güvəniləcək futbolçuların siyahısı yayınlanıb. Məlum olub ki, Zaqreb təmsilçisi komandada daha əvvəl çıxış etmiş futbolçuları geri gətirmək niyyətindədi. Qısası, həm müdafiə, həm də hücum xəttinin möhkəmləndirilməsi yönündə planlar var.
Klubun azarkeşlərə təqdim etdiyi 25 aparıcı futbolçunun yer aldığı siyahıya gəlincə, Mahirin adı yoxdu. Səbəb zədəli olması deyil. Sadəcə, "Dinamo" bundan sonra tarixi köklərə əsaslanan layihələrlə çıxış etmək istəyir ki, bu da proqramın bir hissəsidi. Yəni yerli və klubun tarixində iz qoymuş uyğun futbolçularla danışıqlar başlayacaq. İvan Naukoviç "gol.hr"ya açıqlamasında bildirib ki, bir neçə köhnə tanışla müqavilə imzalanacağı təqdirdə bəzi legionerlər yola salınacaq. O, həmçinin Sergey Yakiroviçin istefasını tələb edən azarkeşlərdən səbirli olmağı xahiş edib.
Yeri gəlmişkən, Mahir "Dinamo"nun Konfrans Liqasında keçiriləcək oyunları üçün UEFA-ya göndərdiyi iştirak ərizəsində yer alıb. Amma Naukoviç onun meydana çıxmaq ehtimalının, demək olar ki, sıfra bərabər olduğunu deyib.
KƏNAN BAHADIR