Cümə günü keçirilən üç oyunla 24-cü tura start verildi. “Ankaragücü” ilə “Sivasspor”un dueli qolsuz başa çatdısa, “Fatih Karagümrük”ü evə əliboş yola salan “Hatayspor” ardıcıl 2-ci qələbəsini qazandı.
"Football-plus.az" xəbər verir ki, günün əsas oyununda “Qalatasaray” Samsuna səfər etmişdi. Son 4 turda uduzmayan debütant 21-ci turda hətta səfərdə “Fənərbaxça”dan da xal qoparmışdı. Amma Markus Gisdolun kollektivi bu dəfə sürpriz edə bilmədi. Son 23 turda ilk 15 dəqiqələrdə cəmi 3 qol vuran son çempion bu dəfə həmin bölümə iki qolu birdən sığışdırdı. Faktiki bu qollar matçın taleyini həll etdi. Mərkəz müdafiəçisi Nelsson və son həftələrin diqqətçəkən oyunçusu Barış Alpər Yılmaz fərqləndi. “Cim-Bom” debütantlara qarşı ardıcıl 12-ci qələbəsini qazandı. Klub tarixində yalnız bir dəfə - 1996-nın martından 1998-in sentyabrına qədər olan müddətdə “sarı-qırmızılar”ın debütantlara qarşı bundan daha yaxşı (ardıcıl 15 qələbə) seriyası olub.
Şənbə gününün oyunlarına gəlincə, “Çaykur Rizəspor” evdə “Konyaspor”un müqavimətini qıra bilmədisə, yüksəlişdə olan “İstanbul BŞ” autsayder “İstanbulspor”u evə əliboş yola saldı. Ötən tur het-trik edən Pyontek bu dəfə dubl etməklə karyerasında ilk dəfə ardıcıl iki çempionat oyununda ən azı iki qol vurmuş oldu. “Kayserispor” Burak Yılmazın təyinatından sonra ən azı məğlubiyyət seriyasına son qoysa da, hələ də qələbəyə həsrətdi. Antepdən bərabərliklə dönən kayserililərin qələbəsiz seriyası 9 oyuna yüksəldi. “Fənərbaxça” üçün isə Antalya səfəri, gözlənildiyi kimi, asan keçmədi. Düzdü, “Qalatasaray”lıların ümidləri doğrulmadı və “Fənər” hesabına növbəti 3 xalı yazdı. Cengiz Ündər fasilə ərəfəsində vurduğu mükəmməl qolla qələbənin əsasını qoydusa, son saniyələrdə Batşuayi yekun nəticəni müəyyənləşdirdi. Cengiz hələ ki 2024-cü ildə superliqada ən çox (7) qol vuran futbolçudu. “Fənər” bu mövsüm daha bir rəqibinin seriyasını qırmağı bacardı. “İstanbul BŞ”nin 7, “Ankaragücü”nün 4 oyunluq məğlubiyyətsiz seriyalarını qıran İstanbul nəhəngi bu dəfə “Antalyaspor”a Sərgən Yalçının dönəmində 8-ci rəsmi oyunda ilk məğlubiyyəti yaşatdı! Liderliyini davam etdirən “Fənər” tarixində ən yüksək (83) qələbə faizinə nail olduğu və hər oyuna orta hesabla ən çox (2,63) xal topladığı mövsümünü keçirir. Onu da bildirək ki, 24 tura 63 xal “Fənər” tarixi üçün rekorddusa, “Qalatasaray” tarixi üçün 1999/00-də qeydə alınmış rekordun təkrarıdı.
Şahruddin və “Adana Dəmirspor” üçün kabus kimi mövsüm davam edir. Yeni transferləri ilə “Pendikspor” səfərinə yollanan Adana təmsilçisi yenə məğlub oldu! Şahruddin kobud səhvə yol verməsə də, qol buraxdığı epiodlarda daha inamlı oynaya bilərdi. Təsadüfi deyil ki, artıq adanalıların qapıçı axtarışına başladığı haqda xəbərlər yayılıb. Qələbəsiz seriyası 7 oyuna çatan “Adana Dəmirspor” 9-cu pilləyə gerilədi. Son 4 turda 3-cü qələbəsini qazanan “Pendikspor” isə 14-cü turdan bəri ilk dəfə düşmə zonasından çıxdı. “Kasımpaşa” “Alanyaspor” üzərində əzmkar qələbə qazandı. Son 3 turda xala həsrət qalan iki nəhəngin – “Beşiktaş” və “Trabzonspor”un duelində sevinən meydan sahibləri oldu. Matçın qəhrəmanı Semih Kılıçsoy oldu. 2005-ci il təvəllüdlü forvard hər hissədə bir qol vurmaqla “ağ-qaralar”a qələbə qazandırdı. Heç təsəlli qolunu da vura bilməyən “Trabzonspor” ardıcıl 4-cü turu xalsız başa vurdu. Komandanın soncundu dəfə belə uğursuz seriyası 300 tur öncə - 2015-ci ilin 5-8-ci turlarında olmuşdu. Abdulla Avcının məşqçi karyerasında isə sonuncu dəfə belə seriya 2010/11-də yaşanmışdı. Avcının “Trabzonspor”unu ilk dəfə məğlub edən “Beşiktaş” turnir cədvəlində 3-cü pilləyə yüksəldi. Fernando Santuş isə maraqlı bir göstəriciyə nail oldu. O, son 50 ildə “Beşiktaş”ın başında evdə keçirdiyi ilk 3 superliqa matçında qol buraxmayan birinci əcnəbi mütəxəssis oldu! Sonuncu dəfə bunu 1973-cü ilin dekabrında almaniyalı Horst Buhts (4 oyun) bacarmışdı.
24-cü tur
Antalyaspor – Fənərbaxça 0:2
Cengiz Ündər, 42. Batşuayi, 90+5.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Çağlar Söyüncü, Ciku, Fərdi Kadıoğlu, Kruniç, İsmayıl Yüksək, Cengiz Ündər (İrfan Can Kahveci, 68), Şimanski (Bonuççi, 88), Tadiç (Kinq, 68), Ceko (Batşuayi, 83).
Samsunspor – Qalatasaray 0:2
Nelsson, 5. Barış Alpər Yılmaz, 11.
Qalatasaray: Muslera, Kaan Ayhan, Nelsson, Sançes, Berkan Kutlu, Torreyra (Ndombele, 88), Kərəm Dəmirbay (Eyup Aydın, 88), Barış Alpər Yılmaz (Tete, 88), Mertens (Xəlil Dərvişoğlu, 76), Kərəm Aktürkoğlu (Zaha, 65), İkardi.
Beşiktaş – Trabzonspor 2:0
Semih Kılıçsoy, 44; 62.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson (Onur Bulut, 67), Nəcip Uysal, Zaynutdinov, Umut Meraş (Əmrəcan Terzi, 79), Amarti, Fernandeş, Gezzal, Raşitsa (Tayfur Bingöl, 79), Semih Kılıçsoy, Cenk Tosun (Rebiç, 88).
Trabzonspor: Uğurcan Çakır, Mehmet Can Aydın, Baniya, Densvil, Ərən Elmalı, Mendi, Berat Özdəmir (Funtas, 72), Visça, Bardi, Trezeqe, Enes Destan (Umut Günəş, 81).
Pendikspor – Adana Dəmirspor 2:1
Diabi, 11. Umut Nayır, 22 – Nani, 90+10.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, İsmayıl Çokçalış, Sisse, Qravilyon, Yusuf Ərdoğan, Mişu, Aliu (Ozan Dəmirbağ, 67), Əmrə Akbaba (Dorukhan Toköz, 78), Nurani (Əbdürrəhim Dursun, 47), Yusuf Barasi (Tayfun Aydoğan, 46), Aymbetov (Nnai, 67).
İstanbul BŞ – İstanbulspor 2:0
Pyontek, 36; 71.
Qaziantep – Kayserispor 1:1
Gökhan Sazdağı, 68-öz qapısına – Mehmet Eray Özbək, 11.
Kasımpaşa – Alanyaspor 2:1
Gökhan Gül, 36. Fall, 59 – Porotso, 28-öz qapısına.
Hatayspor – Fatih Karagümrük 3:1
Massanqa, 41; 90+5. Strannberq, 51-p. – Lasanya, 86.
Ankaragücü – Sivasspor 0:0
Çaykur Rizəspor – Konyaspor 0:0
1. Fənərbaxça 24 20 3 1 63-18 63
2. Qalatasaray 24 20 3 1 50-14 63
3. Beşiktaş 24 12 3 9 35-31 39
4. Trabzonspor 24 11 4 9 38-33 37
5. Çaykur Rizəspor 24 10 6 8 27-33 36
6. Kasımpaşa 24 10 5 9 43-46 35
7. Antalyaspor 24 8 10 6 29-25 34
8. İstanbul BŞ 24 9 6 9 31-28 33
9. Adana Dəmirspor 24 7 10 7 35-29 31
10. Sivasspor 24 7 9 8 28-35 30
11. Ankaragücü 24 6 11 7 30-28 29
12. Hatayspor 24 6 10 8 31-32 28
13. Kayserispor (-3) 24 8 7 9 29-34 28
14. Alanyaspor 24 6 9 9 26-34 27
15. Samsunspor 24 7 5 12 27-35 26
16. Pendikspor 24 6 8 10 31-47 26
17. Fatih Karagümrük 24 6 6 12 28-29 24
18. Qaziantep 24 6 6 12 27-36 24
19. Konyaspor 24 4 10 10 23-37 22
20. İstanbulspor (-3) 24 3 5 16 17-44 11
Bombardirlər: Ceko (Fənərbaxça) – 16, Tiam (Kayserispor/Pendikspor) – 14, İkardi (Qalatasaray) – 13, Pyontek (İstanbul BŞ) – 12.
Növbəti turun oyunları fevralın 9-12-si aralığında keçiriləcək: Adana Dəmirspor – Kasımpaşa, Fatih Karagümrük – Pendikspor, Trabzonspor – Hatayspor, Fənərbaxça – Alanyaspor, İstanbulspor – Qaziantep, Qalatasaray – İstanbul BŞ, Sivasspor – Çaykur Rizəspor, Konyaspor – Ankaragücü, Samsunspor – Antalyaspor, Kayserispor – Beşiktaş.
Turun rəqəmi
34 - “Fənərbaxça” bu mövsüm bəzi göstəricilərdə təkcə Türkiyədə yox, hətta Avropada da hamıdan öndədi. Məsələn, İstanbul nəhəngi bu mövsüm Avropada rəsmi matçlarda 100 qol həddinə çatan ilk komandadı. Eyni zamanda Antalyada qalib gəlməklə “Fənər” bu mövsüm superliqada 12-ci səfər oyununu da məğlubiyyətsiz tamamladı. Bu matçlarda 11 qələbə qazanan İstanbul nəhəngi yalnız bir dəfə - Adanada xal itirb (0:0). 12 oyuna 11 qələbə, 1 heç-heçə ilə “Fənər” bu mövsüm Avropanın milli çempionatlarında rəqib meydanlarında hamıdan çox (34) xal toplayan komandadı! “Fənər”in ən yaxın rəqibləri “Real” (12 oyun, 29 xal), “Seltik” (12 oyun 29 xal), “İnter” (11 oyun, 28 xal) və “Reyncers”di (12 oyun, 28 xal).
Turun ulduzu
Semih Kılıçsoy (Beşiktaş) – 18 yaşlı forvardın kəşf edilməsini “Beşiktaş”ın qara mövsümünün yeganə ağ nöqtəsi saymaq olar. Artıq bir sıra Avropa klublarının diqqətini cəlb edən Semih bu mövsüm superliqada meydanda olduğu 692 dəqiqə ərzində 7 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Yəni o, orta hesabla hər 77 dəqiqəyə bir qolun vurulmasında yaxından iştirak edir. Bu, son 10 ildə “Beşiktaş”lı futbolçular arasında ən yaxşı göstəricidi! Yeri gəlmişkən, Semih son 21 ildə “Qartal”ın heyətində “Trabzonspor”a 2 qol vuran ilk yerli futbolçu oldu. Sonuncu dəfə bunu 2003-cü ilin sentyabrında İlhan Mansız bacarmışdı.
Turun sitatı
Yüksəl Yıldırım, “Samsunspor”un prezidenti: “Düzdü, 3 oyunçumuzu “Qalatasaray”dan transfer etmişik. Amma bizi heç kim oyun satmaqda günahlandıra bilməz. Bilirəm ki, “Fənərbaxça”lılar başda olmaqla hərə bu məğlubiyyətə bir “qulp qoyur”. Amma bu, məni maraqlandırmır. Bu futbolçular keçmişdə “Qalatasaray”da oynayıblar deyə, “Samsunspor”a ləkə yaxmaq düzgün deyil. Mən “Samsunspor”u alıp pul buraxmasaydım, bu komanda da indi “Əskişəhərspor” kimi yoxa çıxmışdı. Milyonlarımı xərcləyirəm. Emblemində Atatürkün şəkli olan yeganə klubuq. Bu klubu yaşatmaq üçün indiyə qədər 100 milyon lirədən çox pul xərcləmişəm. “Qalatasaray”ın büdcəsi bizimkindən 10 dəfə çoxdu. Onların bizi yenməsi təbii haldı. “Fənərbaxça” bizə 1 xal verdisə, öz günahıdı. O matçda saysız-hesabsız qol fürsətlərini qaçırdılar. Qoy hər kəs bilsin ki, “Qalatasaray”la oyunda qələbəyə görə komandaya 200 min lirə mükafat söz vermişdim. Biz onun-bunun sözü ilə oyun satan insan deyilik. Milyardlarım var, pula ehtiyacım yoxdu. Oyunu niyə satım?”
Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Oyuna yaxşı başladıq və rəqibi təzyiq altına saldıq. Hesabı açdığımız epizoda qədər 2-3 gözəl fürsəti boşa verdik. Hər şeyə rəğmən, fasiləyə üstün yollandıq. Sonra fasilədə oyunçularımla bu üstünlüyü qorumaq yox, onu artırmağın yolları barədə müzakirələr apardıq. Sərgən Yaılçın da əvəzetmələrlə oyunun axarını bərabərləşdirməyə çalışdı. Sona qədər diqqətli və yığcam oynayaraq daha bir qol vurduq. Antalya bu mövsümün ən çətin səfərlərindən biri idi. Belə rəqiblə oyunda qələbə qazandığımız üçün sevincliyik. Çağlar ilk matçında çox inamlı performans sərgilədi. Son bölümdə “Antalyaspor” 2 hücumçu ilə oynayınca, biz də 3 mərkəz müdafiəçili sistemə keçdik. Çempionluq mübarizəsində rəqibdən 1 gün öncə və ya 1 gün sonra oynamağın üstünlüyü də var, mənfi cəhətləri də. Hələ ki rəqibimiz də, biz də qalib gələrək yolumuza davam edirik. Az səhv edən çempion olacaq. Əli Koç iyunda ayrılacağını açıqlayıb? İnşallah, mövsümün sonunda bu qərarını yenidən gözdəm keçirəcəyini düşünürəm”.
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Samsunspor” son həftələrdə yüksəlişdə olan komanda idi. Son 4 turda məğlub olmamışdılar. Fanatlarımız bura ayaq basdığımız ilk gündən, yəni hava limanından oyunun final fitinə qədər bizə inanılmaz dəstək verdi. Onlara təşəkkür edirəm. Erkən qollar vurduq. Sonra bəzi anlarda bizim, bəzi anlarda isə rəqibin təhlükəli hücumları oldu. Sonrakı dəqiqələrdə daha bərabərsəviyyəli br matç keçdi. 3-cü qolu vurmaq üçün fürsətlərimiz var idi. Amma onların da ikinci hissənin əvvəllərində real fürsəti oldu. Oyunçularıma təşəkkür edirəm. “Samsunspor”a da növbəti oyunlarda uğrular arzulayıram. Çox önəmli bir qələbə qazandıq və çempionluq yürüşümüz davam edir. Artıq kubok oyununa hazırlaşacağıq. Fevralda bizi çox sıx təqvim gözləyir. Çünki avrokuboklar da başlayacaq. Hələ ki üzərimizə düşəni edərək oyunlara çox yaxşı hazrılaşırıq. Berkan Kutlu sol cinahda heç də pis təsir bağışlamadı. Artıq iki təcrübəli oyunçu almışıq. Başqa istədiyimiz futbolçunu almaq imkanımız olsa, alacağıq”.
Fernando Santuş, “Beşiktaş”ın baş məşqçisi: “Yaxşı təşkilatlanmış komanda təsiri bağışladıq. Düzdü, qol vura bilmədiyimiz son 3 oyunla müqayisədə fürsətlərimiz elə də çox olmadı. Amma bu gün qollar vura bildik. Fürsətləri dəyərləndirmək çox önəmli idi. Hərçənd yenə də bəzi sadə səhvlərə yol verdik. Bu səhvlər rəqibi daha da həvəsləndirirdi. 1-2 dəfə öz əlimizlə onların qol vurmasına şərait yaratdıq. Amma yararlana bilmədilər. Üzərimizdə çalışaraq səhvlərimizi minimuma endirməliyik. Ciddi rəqibə qarşı layiqli qələbə qazandıq. Oyunçularım həftəboyu məşqlərdə yaxşı çalışdılar və bunun qarşılığını aldılar. Amma cəmi 1 oyun qazanmışıq. Bunu şişirtməyə dəyməz. Bu qələbə ilə bütün işlərimiz düzəlmədi”.