Avropada mövsümün əsas kəşflərindən biri sayılan ''Bayer-04''də maraqlı bir rekord qeyd alınıb. Bu, tək klubun yox, bütövlükdə bundesliqanın yeni rekordudu.
Məsələ burasındadı ki, Leverkuzen təmsilçisinin son turda ''Darmştadt''ı səfərdə 2 cavabsız qolla məğlub etdiyi qarşılaşmada Adam Hlojek əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə əvəzlənərək meydanı tərk etdi. Bununla da çexiyalı forvard bundesliqada keçirdiyi 46-cı oyunda da əvvəldən sona qədər meydanda qala bilmədi!
22 yaşlı futbolçu bu 46 oyundan 18-də start heyətində oynayıbsa, 28-də sonradan meydana çıxıb. Start heyətində oynadığı 18 qarşılaşmanın hamısında əvəzlənib. Buna qədər bu turnirin tarixində ilk 46 qarşılaşmanın heç birini əvvəldən sona qədər keçirə bilməyən futbolçu olmamışdı. Əvvəlki rekord türkiyəli forvard Ahmed Kutucuya məxsus idi. Almaniyada doğulan və ''Şalke-04''ün yetirməsi olan Ahmed 2018-21-ci illərdə əsas komandada çıxış edib. O, məhz Helzenkirhen təmsilçisinin heyətində bundesliqada ilk 45 qarşılaşmanın heç birində əvvəldən sona qədər meydanda qala bilməmişdi.
23 yaşlı Kutucu hazırda Arda Turanın çalışdırdığı ''Eyupspor''un şərəfini qoruyur və 1-ci liqanın bombardiridi.
ƏLİ