“Napoli”yə sanksiya verilə bilər

26.01.2024 16:24 181
Dünya futbolu
“Napoli” sanksiya təhlükəsi ilə üzləşib.

Buna klubun maliyyə fəaliyyətində şübhə doğuran əməliyyatlar səbəb ola bilər.

Roma prokurorluğu klubun prezidenti Aurelio De Laurentisin adını yalançı mühasibat sənədləri təqdim etməkdə şübhəli bilinənlərin siyahısına daxil edib. Bununla bağlı təhqiqata Viktor Osimhenin transferi zamanı klub kapitalının süni şəkildə artırılmasına səbəb olan əməliyyatlar rəvac verib. “Napoli” 2020-ci ildə nigeriyalı hücumçuya görə “Lill”ə müəyyən məbləğdə təzminat ödəməklə yanaşı 4 oyunçusunu da Fransa klubuna yollamışdı. Neapollular bu keçid zamanı oyunçularının transfer qiymətini süni şəkildə artırmaqda ittiham olunurlar. Yerli mənbələrə görə, prezident De Laurentisə qarşı aparılan təhqiqat artıq başa çatıb, klubun digər rəhbərləri ilə bağlı araşdırmalar isə davam etdirilir.

Toplanan materialların məhkəməyə təqdim olunacağı gözlənilir. Hökm ittiham xarakterli olacaqsa, De Laurentis diskvalifikasiya olunacaq, “Napoli”yə isə cərimə kəsiləcək. İtaliyanın son çempionunun hesabından xal çıxıla biləcəyi də istisna edilmir.