Millimizin hücumçusu Ramil Şeydayev yanvarın 17-də Türkiyənin "Kocaelispor" klubuna keçdi.
1-ci liqa təmsilçisi onunla ilyarımlıq müqavilə imzaladı. Bundan sonra əsas sual futbolçunun yeni komandasında nə vaxt debüt edəcəyi idi. Baş məşqçi Ərtoğrul Sağlam məsələylə bağlı danışarkən belə demişdi:
“Ramil Şeydayevin digər yeni oyunçularımızla birgə əskiklərimizi böyük ölçüdə həll edəcəyini düşünürəm. Yeni futbolçular hazır durumdadı. Amma bəzi alternativ çözümləri ortaya qoyacağıq. Həftəsonu oyunçulardan hansı uyğun olsa, onun oynaması ilə bağlı qərar verəcəyik”.
Mütəxəssis fikirlərini bölüşərkən 19-cu tur çərçivəsində evdə “Eyupspor”a qarşı keçirəcəkləri matçdan bəhs edirdi. Məhz bu üzdən xeyli azərbaycanlı azarkeş yanvarın 20-də reallaşan görüşü televiziyadan izlədi. Lakin gözlənilən an gəlib çatmadı. Daha dəqiq desək, Ramilin debütü baş tutmadı. Bəs səbəb nə idi? Əslində futbolçunun gələcək taleyi ilə bağlı suallar bununla yekunlaşmır. Məsələyə daha geniş prizmadan yanaşaq.
Həsrət, dəstək...
Ramil yaşın meydana sonuncu dəfə dekabrın 17-də “Buriram Yunayted”in heyətində çıxıb. Yanvarın 20-də bir aylıq həsrətin sona çatacağı gözlənilirdi. Görünür, baş məşqçinin dediyi kimi, həmin an durum uyğun deyildi. Əslində həqiqətən belə idi. Çünki, “Kocaelispor” “Eyupspor”la oyuna yaxşı başlamışdı. İlk dəqiqələrdən meydanda hakimiyyəti ələ alan komanda ardıcıl hücum cəhdləriylə rəqibi çəkindirir, təhlükəli vəziyyətlər yaradırdı. Bunun nəticəsi o oldu ki, ev sahibləri 10-cu dəqiqədə Daniel Kandeas sayəsində hesabı açdı. Matç irəlilədikcə rəqibi üstələməyə çalışan qonaq lar 23-cü dəqiqədə Canni Brunonun qol vurmasına sevindi. İlk hissənin faydasız olsa da, qarşılıqlı rəqabət şəraitində keçməsi oyuna rəng qatırdı. Yekun hesab isə 69-cu dəqiqədə bəlli oldu. Duqlas Tanq görüşün sonuncu qolunu vuraraq “Kocaelispor”un qələbəsini təmin etdi. Əslində Ərtoğrul bəy Ramili meydana buraxmaq niyyətində idi. Hər halda, belə plan olmasa həmyerlimiz isinməyə başlamaz, özünü meydana çıxmağa hazırlamazdı. Deyəsən, rəqibin şəriksiz lider “Eyupsor” olması, buraxılacaq bir qolun xal itkisinə səbəb ola biləcəyi onu çəkindirdi. Maraqlıdı ki, Ramil isinmə hərəkətləri edərkən azarkeşlər onu alqışladı. Hətta üzərində “Azərbaycan” yazılan şərflə tribunalara gələn tərəfdarlar da var idi.
Arzu, reallıq...
Ramilin arzusu yeni komandasıyla birgə çempionluğu qeyd etməkdi. Hazırda “Kocaelispor”u “Eyupspor”dan 9 xal ayırır. Hələ ki hədəfə çatmaq çətin görünür. Üstəlik komanda Türkiyə Futbol Federasiyasının sanksiyaları altındadı. Daha dəqiq desək, TFF klubu bir neçə gün öncə yarım milyon lirə civarında cərimələyib. Səbəb isə rəhbərliyin hakimlərə qarşı ciddi etiraz və narazılığının həm klub, həm də digər mətbuat orqanlarında geniş işıqlandırılmasını təmin etməkdi. Belədə onsuz da maddi çətinliklərlə mübarizə aparan komandanın durumu, təbii ki, enişə doğru gedə bilər. Məhz Ramilin “Kocaelispor”dakı şansları isə ürəkaçan ola bilər. Bunu qəzetimizə açıqlama verən Ramal Hüseynov deyir:
“Futbolçumuzun elə klubla müqavilə imzalaması çox doğru addımdı. “Kocaelispor” Türkiyənin ən böyük klublarından biri olub. Sadəcə, ciddi maliyyə problemləri olduğuna görə aşağı liqaya yuvarlandı. Çox maraqlı, kreativ və cəsarətli azarkeş kütləsi var. Ümumiyyətlə, özünəməxsus müsbət xüsusiyyətləri və zəngin tarixi olan klubdu. Bəzən sosial şəbəkələrdə yazılan rəylərdə Ramilin yanlış addım atdığını deyənləri görürəm. Qətiyyən belə deyil. Məncə, oyunçumuz Avropada qazana biləcəyindən daha artıq təcrübəni burda qazanacaq. O, mənim üçün Azərbaycanın bir nömrəli hücumçusudu. Millimizdə də özünü yaxşı tərəfdən göstərir. Ramil əvvəlki formasına qayıda bilsə, Türkiyədə çox qalmayacaq. Bəlkə də cari mövsümün sonunda daha güclü kluba transfer edildi. Hər şey özündən asılıdı”.
Qeyd edək ki, Ramal Hüseynov 2008/09 mövsümündə “Kocaelispor”da çıxış edib. Komanda həmin dönəmdə superliqada idi.
Şans, rəqabət...
Hələ ki, Ramilin start heyətində özünə yer tapması çətin görünür. Yəni ən azı ilk turlarda verilən şansları dəyərləndirməsi çox vacibdi. Çünki onun “rəqibləri”, daha dəqiq desək, komandadakı hücumçular yetərincə iddialı adlardı və yaxşı göstəricilərə malikdilər. Onlardan öndəgedəni Duqlas Tanqdı. Braziliyalı futbolçu cari mövsümdə 17 matçda meydana çıxıb və 9 qol, 1 məhsuldar ötürmənin müəllifi olub. “Yaşıl-qaralar”ın ikinci qəhrəmanı Barış Alıcıdı. Davam edən “futbol ili”ndə 15 görüşdə top qovan oyunçu 5 qol, 5 məhsuldar ötürməyə imza atıb. Coy Amaral 17 oyunda şans qazanıb. Portuqaliyalının hesabında 2 qol, 6 məhsuldar ötürmə var. Daniel Kandeasa cari mövsümdə bütün matçlarda güvənilib. Amaralın həmyerlisi 4 qol, 4 məhsuldar ötürməylə komandasına fayda verib. Georgi Beridzeni də kiçiltməyək. 13 oyunda “Kocaelispor”un şərəfini qoruyan gürcüstanlı 2 qol, 1 məhsuldar ötürməylə yadda qalıb. Hücumçuların siyahısı qeyd etdiklərimizlə yekunlaşmır. Cem Ekici, Yusuf Emre Gültəkin, Kristian Kuaku kimi adlar da Ramilin rəqabət aparmalı olduğu oyunçulardı. Hələ göstəricilər baxımından özünü yaxşı tərəfdən göstərən müdafiəçi Əmir Ortakayanı demirik. “Fənərbaxça”dan icarəyə götürülən futbolçu 16 qarşılaşmada meydana çıxıb və hesabına 3 qol, 1 məhsuldar ötürmə yazdırıb. Kəsəsi, Ramil start heyətində yer almaq, ən azından hər matçda sonradan meydana çıxa bilmək üçün “ağzıya quş tutmalıdı” desək, yanılmarıq.
Yeri gəlmişkən...
“Kocaelispor"un baş məşqçisi Ərtoğrul Sağlam Türkiyə 1-ci liqasının 20-ci turunda "Altay"la səfər oyunu ərəfəsində mətbuat konfransı keçirib. "Kocaeli Halk" qəzetinin məlumatına görə, mütəxəssis tədbirdə komandanın yeni transferləri Ramil Şeydayev və Duhan Aksu haqda da danışıb:
“Duhan Ramildən bir az daha geridədi. Fiziki çatışmazlıqları var ki, yavaş-yavaş aradan qaldırırlar. Komandanın istirahət günündə də məşq ediblər. İnşallah, ən qısa zamanda bizə dəstək olacaqlar”.
Ramil Şeydayevi də dinləyək:
“Kocaelispor”a keçməzdən əvvəl bir vaxtlar bu komandada çıxış etmiş, hazırda isə "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqovla danışdım. Söhbətimizdə çox yaxşı azarkeşlərimiz olduğunu söylədi. Dedi ki, özün üçün nəyi yaxşı hesab edirsənsə, həmin qərarı ver. Mən də bura gəlməyi üstün tutdum. Uyğunlaşmaq asan olacaq. Çünki burada yaxşı dostluq var. Bundan başqa Türkiyəni də tanıyıram, dilini də bir az bilirəm. Din baxımından da mənə fərqlilik yoxdu. Eyni dinə mənsubuq. Komanda yoldaşlarımla söhbət edərək yaxşı vaxt keçiririk. Mənim üçün hər şey yaxşı gedir. Növbəti turda “Altay”a qarşı matçda oynamaq istəyirəm. Bu, baş məşqçimizin qərarıdı. Onun verəcəyi qərara həmişə sayğı duyaram. Çempionluq yolunda da addım-addım irəliləmək lazımdı. Hədəf superliqaya vəsiqə qazanmaqdı. Ora çempion kimi çıxmaq üçün addım-addım gedəcəyik”.
KƏNAN BAHADIR