Türkiyə Futbol Federasiyası ötən il verdiyi qərarı ləğv etməyə hazırlaşır.
Həmin qərar “Qarabağ”la “Qalatasaray” arasında keçirilən qardaşlıq oyunundan sonra coşub-daşan ehtirasların nəticəsi idi. Biz illər idi futbolçularımızın Türkiyədə legioner sayılmamasını arzulayırdıq. Türkiyədəki zəlzələdən sonra qardaşlarımıza uzatdığımız əl və bu ələ verilən qarşılığın kuliminasiya nöqtəsi oldu. Onsuz da isti olan münasibətlərimiz daha da istiləşdi, bir-birimizin əlindən bir qədər də bərk yapışdıq. Çox keçmədən TFF illərdi gözlədiyimiz qərarı açıqladı. Qərarda türkdilli ölkələrin vətəndaşı olan futbolçuların Türkiyədə legioner sayılmayacağı, yerli statusu ilə oynaya biləcəyi qeyd olunurdu. Bu qərar superliqa klubları ilə yanaşı, aşağı liqalarda mübarizə aparanlara şamil ediləcəkdi.
Həmin vaxt bizə elə gəlirdi ki, bundan sonra Türkiyə klubları bazasının qapılarını azərbaycanlı futbolçuların üzünə taybatay açılacaq, hər gün bir futbolçumuz yeni müqavilə xəbəri ilə bizi sevindirəcək. Amma düşündüklərimiz, xəyallarımız reallıqla uzlaşmadı. Azərbaycan pasportu daşıyan, milli komandamızda forma geyən futbolçulardan indiyə qədər yalnız ikisi superliqa təmsilçilərinin maraq dairəsinə düşməyi bacarıb. Renat Dadaşov “Hatayspor”un, Şahruddin Məhəmmədəliyev isə “Adana Dəmirspor”un futbolçusudu. Özü də birinci futbolçu icarə əsasında Türkiyədə oynayır, ikinciyə isə “Qarabağ” Adanaya yollanmaq yolunda heç bir əngəl törətmədi. İşin maraqlı tərəfi odu ki, hər iki futbolçu sonradan “milliləşdirilənlərdi”. Deməli, acı reallıq ondan ibarətdi ki, Azərbaycanda doğulub-böyüyən, bizim futbol məktəblərindən “məzun olanlar”ın səviyyəsi Türkiyə elitasının tələblərinə cavab vermir.
Hər halda, bundan sonrası üçün də nələrəsə ümidimiz var idi. TFF heç bir il ömrü olmayan qərarı ləğv etməklə olan-qalan ümidlərimizi də puç etdi. Bilmirəm qazaxlar, özbəklər də buna bizim qədər üzülür ya yox. Qazaxıstanlı Baxtiyor Zaynutdinov məhz bu qərar qüvvəyə minəndən sonra “Beşiktaş”a transfer olunmuşdu. Amma o da var ki, “Beşiktaş”dan əvvəl Baxtiyor Moskva ÇSKA-sında forma geyirdi. Zaynutdinovun həmyerlisi Nuralı Alip isə Rusiyanın ən güclülərindən sayılan “Zenit”in əsas heyət üzvlərindədi. Heç də təsadüfi deyil ki, Nuralıya “Fənərbaxça” da “elçi düşmüşdü”. Deməli, bu qərarın qüvvədə olub-olmaması məsələnin mahiyyətinə elə də ciddi təsir göstərmir. Qazaxıstanlı futbolçuların səviyyəsi onların belə çempionatlarda oynamasına imkan verir. Heç özbəklər də onlardan geri qalmır. Hər halda, özbəklərin həm əsas yığmasının, həm də aşağı yaş qrupları üzrə millilərinin Asiya qitəsində, eləcə də dünya miqyaslı turnirlərdə göstərdiyi nəticələr bu ölkənin futbolu haqqında yüksək fikirlərə düşməyə imkan verir. Eldor Şomuradov İtaliyanın A seriyasına gedib çıxmağı bacarıbsa, başqalarının da Türkiyədə oynamağa gücü yetər. Dərd bizim futbolçuların dərdidi.
Bəli, bizimkilər də Türkiyədən dəvət alır, orda futbol oynayır. Amma superliqada yox, 1-ci liqada. Ölkənin ən üzdə olan futbolçularından biri Ramil Şeydayevin “Kocaelispor”a keçidi rəsmiləşdi. Gözümüz aydın olsun. Avropanın qərbinə doğru böyük ümidlərlə yola saldığımız Vüsal İsgəndərli də bu qış “Boluspor”la əl sıxışdı, onu da təbrik etdik, uğur arzuladıq. Millimizin digər üzvü Coşqun Diniyev “Umraniyəspor”da forma geyir, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”un futbolçusudu. Onsuz da Renatla Şahruddinin də superliqada adından söz etdirdiyini, komandalarında lider olduğunu deyə bilmərik. Azərbaycan milli komandasının üzvləri Türkiyə superliqasında itib-batıblar, sıradan biridilər. 1-ci liqaya gedənlərimiz də böyük hədəflər uğrunda mübarizə aparmır, günlərini keçirirlər. Elə türklərin özünün dediyi kimi, salla başı, al maaşı.
Bütün bunları göz önünə gətirəndə adamın Türkiyə Futbol Federasiyasını qınamağa dili də gəlmir. Türk abilərimiz bizim üçün bir mövsümlük pəncərə açdılar. Gördülər ki, bizimkilərdən superliqada oynayan çıxmaz. Ümidləri doğrultmayan elə azərbaycanlı futbolçulardı. Ona görə də günahı özümüzdə axtaraq, TFF-də yox. Nə vaxtsa azərbaycanlı futbolçular superliqada oynayacaq səviyyədə olsa, onda heç yerli-legioner söhbətinə də baxan olmayacaq. Düzdü, zaman-zaman türklərin bizim futbolçulara yuxarıdan aşağı baxmasına da şahidlik edirik. Uzun müddətdi belə də davam edir. Amma onun da günahı özümüzdədi. Güclənmək, inkişaf etmək lazımdı ki, başqalarını özünlə hesablaşmağa məcbur edəsən. Başqa yol yoxdu.
AMAL