“Araz-Naxçıvan” Misli premyer-liqasında 2023/24 mövsümünün ikinci yarısına hazırlığı davam etdirir.
Xatırladaq ki, komanda ötən ili 26 xalla 6-cı pillədə bitirib. Kollektiv məşqlərə yanvarın 5-də başlayıbsa, 12-də təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb. Muxtar Respublika təmsilçisi indiyə qədər iki yoxlama oyunu keçirib. Naxçıvanlılar həm “Zirə”ə (1:2), həm də “Qəbələ”yə uduzub (0:2).
“Qırmızı-ağlar”ın hədəfləri böyükdü. Azər Bağırovun yetirmələri Konfrans Liqasında mübarizə aparmaq niyyətindədi. Bəs bu hədəf üçün hansı işlər görüləcək? Komanda irəlidəki 18 tura necə hazırlaşır? Ümumi durum ilk “dördlük”də qərarlaşmağa ümid etməyə əsas verirmi?
Bu və başqa suallarla “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırova müraciət etdik. O, bizimlə söhbətdə bir çox qaranlıq məqama aydınlıq gətirdi.
– Bir neçə gündü Qəbələdəsiz. Komanda tam heyətlə düşərgədədi?
– Xeyr, iki futbolçumuz – Orxan Əliyev və İsmail Azzazui yüngül zədə üzündən Bakıda müalicə olunur. Ümid edirəm ki, tezliklə yenidən sıralarımıza qayıdacaqlar.
– Oyunçular istirahətdən hansı ab-havada qayıtdı?
– Ümumilikdə hamısının əhval-ruhiyyəsi yaxşıdı. Sadəcə, braziliyalılar (İqor Ribeyro və Melo Vanderson – red.) var idi ki, ölkəmizə gəlmək üçün uzun yol qət etmişdilər və bu üzdən onlara daha çox istirahət verdik. İndi hazırlıq sürətlə davam edir.
– Hələ ki “Sabah”dan İldar Alekperov icarəyə götürülüb. Yeni transferlər gözlənilir? Və yolları ayırmaq istədiyiniz futbolçular varmı?
– Bəli, planlar var. Transferlər ediləcək. Bəzi yerli futbolçularla danışırıq. Gənc və təcrübəli olanları komandaya cəlb etmək istəyirik. Əsasən yerli futbolçulara ehtiyac var. İstəyirik ki, öz klublarında az meydana çıxan oyunlarla anlaşaq. Alınıb-alınmayacağını zaman göstərəcək. Bir neçə gün sonra bu yöndə bütün suallara aydınlıq gələcək. Sözün düzü, bugünkü imkanlar, klublardakı vəziyyət buna imkan vermir. Amma çalışırıq ki, bütün mövqelərdə yerli futbolçular arasında rəqabət olsun.
– Heyətdə 2 legioner, 1 yerli qapıçı var. Bizdə olan məlumata görə, daha bir azərbaycanlı qolkiper axtarışında olsaz da, cəhdlər fayda vermir. Belədə boşluğu necə aradan qaldırmaq olar?
– Deməzdim ki, futbolumuzda yerli qapıçı qıtlığı var. Ehiyat oyunçular skamyasında əyləşən qapıçıların əksəriyyəti premyer-liqa klublarının start heyətində yer ala biləcək potensialdadı. Bu mənada “Sabah”ı misal çəkmək olar. Masazır təmsilçisi ən yaxşı yerli qapıçıları heyətinə cəlb edib və fürsət tapdıqca şans verir. Öz komandama gəlincə, Vüsal Şabanova güvənirəm. Kubok matçlarında özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ona yenə şans verməyə çalışacam. Digər tərəfdən, yerli qapıçı tapsaq, Bukviç ölkəsinə qayıdacaq.
– Misli premyer-liqasının ilk 18 turunda futbolçularınızın potensialını müşahidə etdiniz. Sizcə, yay “transfer pəncərə”sində atdığınız yanlış addım olub? Yəni gözləntilərinizi yanıldan futbolçu adı çəkə bilərsiz?
– Əlbəttə, nöqsanlar var. Xatırladım ki, “Araz-Naxçıvan” 10-15 gün ərzində formalaşdırıldı. Məncə, bəzi səhvlər qaçılmaz idi. Əsas məsələ odu ki, yaxın vaxtlarda çatışmazlıqları aradan qaldıraq və klubun gələcəyi üçün vacib mövqeləri gücləndirək.
– Hazırda turnir cədvəlinin 6-cı pillədəsiz. Konfrans Liqasına vəsiqə qazanmaq üçün iki komandanı qabaqlamağa məcbursuz. Bunu bacaracağınıza inanırsız?
– Məncə, indiki durumda bunun elə də fərqi yoxdu. Əsas məsələ komandanı ən yaxşı halına gətirməkdi. Bundan sonra nəticələr qazanmaq asanlaşa bilər. Kollektivdən tələbimiz odu ki, yoldaşlıq oyununda belə bütün gücünü meydanda qoysun. Hədəfə çatacağımıza inanıram. İnşallah, “Araz-Naxçıvan” 3-4-cü dövrələrdə daha sürətli, rəngarəng və çevik oyun sərgiləyəcək. Çünki rəqiblər bizə qarşı daha ciddi hazırlaşır. Biz də oyun üslubumuzu və keyfiyyətimizi daha da yaxşılaşdırmalıyıq.
– Ötən ilin sentyabrında demişdiz ki, mövsüm haqda dəqiq proznoq vermək üçün qış fasiləsini gözləmək lazımdı. İndi bu haqda danışmaq mümkündü?
– Hələ yox. Komandaların heyətində və oyun tərzində müəyyən dəyişikliklər mümkündü. Yəqin ki, 21-22-ci turdan sonra turnir cədvəlinin yekun nəticələrinin necə olacağı müəyyənləşəcək.
– Aydındı. Başqa bir ifadənizi də xatırlatmaq istəyirəm. Ümumi hədəfin “Qarabağ”ın sisteminə uyğun komandanın formalaşdırılması olduğunu da bildirmişdiz. Bugünə qədər bunu nə dərəcədə bacarmısız? Və rəhbərlik məqsədə çatmaq üçün sizə lazım olan dəstəyi göstərirmi?
– Bizə zaman lazımdı. Böyük klub yaradıb tutarlı addımlar atmaq üçün səbirli davranmaq lazımdı. Əsas məsələ kollektivin oyun tərzinin təkmilləşdirilməsi və işlək mexanizmin formalaşdırılmasıdı. Gün keçdikcə, yəni bunu bacardıqca görülən işlər nəticələrdə əksini tapacaq. İndi pis mövqedə deyilik və futbolçu baxımından 80 faiz düzgün seçim etdiyimizi düşünürəm. Rəhbərliyə gəlincə, onlar yanımızdadı və lazım olanı edirlər.
– “Araz-Naxçıvan” ötən mövsüm 1-ci divizionun çempionu oldu. Həmin dönəmdə bu liqada olan problemləri müşahidə etmisiz. İndi 1-ci liqada hansısa inkişafdan danışmaq olarmı? Yoxsa eyni çatışmazlıqlar hələ də aktualdı?
– Problem hər yerdə var. Bəhs etdiyimiz çempionatda baş verən dəyişikliklər, komandaların yaradılması və yeni çempionatlarda iştirak etməsi irəliyə doğru atılan addımdı. Belədə müəyyən çatışmazlıqların olması normaldı. Ümid edirəm ki, PFL bütün işlərin qaydasına düşməsi üçün çalışır və tezliklə bu alınacaq.
– Orxanla İsmailin zədələnməsi transfer planlarında hansısa dəyişikliklərə səbəb olacaqmı?
– Xeyr. Dediyim kimi, hər ikisinin mikrozədəsi var və bir-iki gün sonra bizə qoşulacaqlar.
– İlin ilk oyununda, yəni premyer-liqanın 19-cu turunda “Qarabağ”la qarşılaşacaqsız. Ağdam təmsilçisinin üç turnirdə - ölkə kubokunda, çempionatda və Avropa Liqasında mübarizə aparması 3 xal ümidlərini arıtırırmı? Bunu fürsət kimi dəyərləndirmək olar?
– Belə düşünmürəm. “Qarabağ” üçün ikinci heyət anlayışı yoxdu. Bu kollektivə qarşı oynamaq həmişə çətindi. Qurban Qurbanovun bütün futbolçuları əsas heyətin üzvü sayılır. İnşallah, meydana qələbə üçün çıxacağıq.
KƏNAN BAHADIR