Dünən saat 14.00-da Qəbələ şəhər stadionunda start götürən “Qəbələ” – “Kəpəz” görüşünə adi bir yoxlama oyunu kimi baxmaq çətindi. Axı ölkə çempionatının turnir cədvəlinin son iki pilləsində məhz bu iki komanda qərarlaşıb. Stadiona toplaşan bir qrup azarkeş və oyunu PFL-in “yutub” kanalından izləyənlər oyunboyu “görəsən hansı elitadan gedəcək”, - deyə düşünürdü. Dünənki oyunun nəticəsi “Qəbələ” dedi...
Komandalar oyuna fəal başladı. Xüsusən də “qırmızı-qaralar” fəal idi. Bunun da məntiqi nətiəcəsi kimi 13-cü dəqiqədə hesab açıldı. Ülvi İsgəndərov cərimə meydançası daxilində rəqiblərindən sıyrılaraq topu tora qovuşdurdu. Qoldan sonra fəallaşan Adil Şükürovun yetirmələri çox keçmədən hesasbı bərabərləşdirdi. 25-ci dəqiqədə “Kəpəz”in 25 nömrəli futbolçusu Georgi Papunaşvili cərimə zərbəsindən baxımlı qola imza atdı. 7 dəqiqə sonra isə Murad Musayev qapıların yerini səhv saldı – 1:2. Qalan vaxt ərzində hesab dəyişmədi. Elmar Baxşıyevin yetirmələri çox çalışsalar da, bərabərlik qolunu vura bilmədilər.
Komandaların start heyətini təqdim edirik.
Qəbələ: Rəşad Əzizli, Urfan Abbasov, Gilad Abramov, Ahmed Ayzaya, Nicat Əliyev, İlkin Qırtımov, Bilel Auaşeriya, Samuel Tetteh, Ülvi İsgəndərov, Murad Musayev, Emil Səfərov.
Kəpəz: Kamran İbrahimov, Yeqor Xvalko, Elçin Əlicanov, Vüsal Məsimov, Şakir Seyidov, Olavale Onanuqa, Latir Fal, Georgi Papunaşvili, Mate Kvirkviya, Martins Junior, Amil Yunanov.
“Qəbələ” yanvarın 15-də “Araz-Naxçıvan”la, “Kəpəz” isə həmin gün “İmişli” ilə qarşılaşacaq.