“Antalyaspor”un braziliyalı üzvü Naldo Pereyranın həyatında çox böyük faciələrin baş verməsinə səbəb olan Fərhat Karakaş adlı şəxsin srağagün ilk məhkəmə iclası keçirilib.
“Football-plus.az” xəbər verir ki, məhkəmədə futbolçunun özü, həyat yoldaşı Yuliana Tilatti, qaynanası Aleksandra Nardi və vəkilləri iştirak edib. Xatırladaq ki, bədbəxt hadisə sentyabrın 7-də Antalyanın Konyaaltı kəndində baş vermişdi. Fərhatın idarə etdiyi maşın Naldonun ailə üzvlərinin olduğu maşına çırpılmışdı. Həmin maşını futbolçunun qaynatası Valter Tilatti idarə edirdi. Zərbənin gücündən təcrübəli futbolçunun 4 yaşlı oğlu Davi Pereyra maşından çölə düşmüşdü. 65 yaşlı qaynatası isə maşının içində sıxışıb qalmışdı. Bundan başqa, Valter Tilattinin idarə etdiyi maşın yanında dayanmış və Cüneyt Eslik adlı şəxsin idarə etdiyi motosikletlə toqquşmuşdu. Yaralıların hamısı xəstəxanaya yerləşdirilmişdi. Amma faciənin qarşısını almaq mümkün olmamışdı. Hadisədən 40 gün sonra Naldonun oğlu, 66 gün sonra isə qaynatası dünyasını dəyişmişdi. Faciənin əsas səbəbkarı, 23 yaşlı Fərhat Karakaş məhkəmədə bunları deyib:
“Sürdüyüm maşın atama aiddi. Həmin gün gecəni yata bilməmişdim. Sonra səhərə yaxın bir qədər spirtli içki qəbul etdim. Yatmadığım üçün güclü başağrım var idi. Hadisədən əvvəlki gecə təxminən 23.30 radələrində bir ağrıkəsici qəbul etmişdim. Əvvəl bir problemim yox idi. Amma spirtli içkidən sonra vəziyyətim dəyişdi. Əslində maşını normal idarə edirdim. Sadəcə, həmin an birdən-birə idarəetməni itirdim. Başım sükana dəydi. Sonrasını xatırlamıram. Ayılanda balaca uşağın ambulansa qoyulduğunu gördüm. Tam özümdə olmadığım üçün “dur” nişanını da görmədim. Qəzanın dəqiq saatını xatırlamıram. İddianamədə 10.45 qeyd olunub. Elədisə, mənim spirtli içki qəbul etməyimlə qəza arasında 1,5 saatlıq fərq olub. Heç bir başqa maddə istifadə etmirəm”.
Tərcüməçi vasitəsilə göz yaşları içində ifadə verən Aleksandra Nardi qəza zamanı nə baş verdiyini xatırlamadığını bildirərək Fərkat Karakaşdan şikayətçi olduğunu söylədi. Eləcə də Naldo qəzada ən yaxın insanlarını itirdiyini vurğulayaraq Fərhatın cəzalanmasını tələb etdi. Ankara Cümhuriyyət Prokurorluğu Karakaşın 32 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Onu da bildirək ki, belə faciəyə baxmayaraq, Naldo artıq özünə gəlib və oyunlara çıxmağa başlayıb. Cari mövsüm o, superliqada 3 oyun keçirib.