“Fənərbaxça” qrupdakı son iki oyunda uduzmaqla işini bir qədər çətinə salsa da, son turdan öncə komandanın taleyi öz əlində idi.
“Football-plus.az” xəbər verir ki, qrupun aşkar autsayderi Trnava “Spartak”ı üzərində qələbə istənilən halda “Fənər”i pley-offa daşıyacaqdı. İsmayıl Kartal, demək olar, əsas heyəti meydana buraxdı. Yeganə istisna qapıda yaşandı. Livakoviçi start heyətində İrfan Can Eğribayat əvəzlədi. Amma komanda o qədər güclü oynadı ki, bu qapıçıya iş düşmədi. Fanatların oyuna gözlənilən səviyyədə maraq göstərməməsi diqqəti çəkdi. Çünki “Ülkər”in tribunalarında ciddi boşluqlar gözə dəyirdi. Böyük üstünlüyə malik olan “sarı-lacivərdlilər” hələ fasiləyə qədər intriqanı öldürə bilərdilər. Osayi-Samuel və Ceko əla fürsətləri boşa verdi. Hesabı 36-cı dəqiqədə özünəməxsus tərzdə qol vuran Fərdi Kadıoğlu açdı. Meydan sahibləri ikinci hissə başlayan kimi penalti qazandılar. Tadiç ötən həftəsonu “Beşiktaş”a qarşı derbidə iki penaltidən birini boşa versə də, yenə topun başına keçdi. Təcrübəli futbolçu bu dəfə də zərbəni inamlı yerinə yetirmədi. Onun zərbəsindən sonra top dirəyə tuş gəlsə də, daha sonra qapıçı Dominik Takaça dəyərək tora daxil oldu. Bu qol protokolda avtoqol kimi qeyd olundu. Tam həvəsdən düşən Trnava təmsilçisi çox keçmədən 1 dəqiqəyə 2 top buraxdı. Hər iki qolu hesabına Ceko yazdı. Elə penaltini də bosniyalı ulduz qazanmışdı. Qrupun digər oyununda da “sarı-lacivərdlilər” üçün sevindirici nəticə qeydə alındı. “Ludoqorets” “Norşellann”ı minimal hesabla yendi. “Fənər” şəxsi oyunlarda bolqarlardan üstün olduğu üçün qrupu lider kimi tamamladı. Bu da o deməkdi ki, komanda mübarizəni davam etdirmək üçün əlavə pley-off oynamalı olmayacaq. “Fənər” birdəfəlik 1/8 finalda oynamaq haqqı qazandı. Son tura lider kimi daxil olmasına baxmayaraq, avrokubok macərası başa çatan “Norşellann” isə maraqlı göstəriciyə nail oldu. Danimarka təmsilçisi avrokuboklar tarixində +10 top fərqi ilə qrupda qalan ilk komanda oldu!
Qrup mərhələsini çox zəif keçirən “Beşiktaş” isə son turda səfərdə “Luqano” ilə qarşılaşdı. Xatırladaq ki, İsveçrə təmsilçisi İstanbuldakı ilk matçda 2 top fərqi ilə geri düşməsinə rəğmən, böyük sürpriz edərək 3:2-lik tarixi qələbə qazanmışdı. Məhz həmin məğlubiyyətdən sonra Şenol Günəş ayrılmış və “Beşiktaş”da radikal addımlar atılmışdı. Bu dəfə İstanbul nəhəngi bu rəqibi yenməyi və qisas almağı bacardı. Maraqlıdı ki, “Fənərbaxça” kimi “Beşiktaş” da hesabı 36-cı dəqiqədə açdı. Cenk Tosun asma etmək istəyərkən rəqib oyunçuya dəyərək istiqamətini dəyişən top tora daxil oldu. Fasilədə məhz Cenkin yerinə meydana çıxan gənc Semih Kılıçsoy komandasının oyununu bir qədər də gücləndirərək özünü yaxşı tərəfdən göstərməyi bacardı. İstedadlı futbolçu iki dəfə qol vurmağa yaxın olsa da, adını tabloya yazdıra bilmədi. Ümumiyyətlə, Rza Çalımbayın bu matçda bir çox gənc oyunçuya şans verməsi diqqəti çəkdi. Həmin gənclərdən biri olan Əmrəcan Terzi debüt matçına çıxmasına baxmayaraq, son anlarda qol vurdu və yekun nəticəni müəyyənləşdirdi. Özü də “Beşiktaş”ın U-19 komandasının üzvü olan bu futbolçu müdafiəçidi! Beləliklə, “Qartal”ın bu mövsümdəki avrokubok macərası qələbə ilə yekunlaşdı. Şəxsi oyunlarda “Luqano”dan üstün olduğu üçün komanda qrupu 3-cü pillədə tamamladı.
qrup mərhələsi, 6-cı tur
D qrupu
Luqano (İsveçrə) – Beşiktaş 0:2
Cenk Tosun, 36. Əmrəcan Terzi, 88.
Beşiktaş: Ərsin Destanoğlu, Onur Bulut, Zaynutdinov, Amarti, Əmrəcan Terzi, Haciahmetoviç (Aytuğ Kömeç, 90+4), Salih Uçan (Dəmir Tıknaz, 61) Oksleyd-Çemberleyn, Muleka (Mustafa Həkimoğlu, 61), Tayfur Bingöl (Əmirhan Delibaş, 85), Cenk Tosun (Semih Kılıçsoy, 46).
H qrupu
Fənərbaxça – Spartak (Slovakiya) 4:0
Fərdi Kadıoğlu, 36. Takaç, 48-öz qapısına. Ceko, 60; 61.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Sərdar Əziz, 63), Ciku (Yusuf Akçiçək, 78), Oostervolde, Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Fred, Şimanski, İrfan Can Kahveci (Kinq, 63), Tadiç (Cengiz Ündər, 74), Ceko (Umut Nayır, 74).
Faktlar
* “Beşiktaş” avrokuboklarda 242-ci oyununda 91-ci qələbəsini qazandı (48 heç-heçə, 103 məğlubiyyət, top fərqi – 320:365).
* “Beşiktaş” İsveçrə klublarına qarşı 4-cü oyunda 2-ci qələbəsini qazandı (1 heç-heçə, 1 məğlubiyyət). Daha öncə “Qartal” 2007/08-də ÇL-in 3-cü təsnifat mərhələsində “Sürix”lə qarşılaşmışdı (evdə 2:0, səfərdə 1:1).
* 19 yaş 345 günlüyündə fərqlənən Əmrəcan Terzi təsnifat mərhələlərini nəzərə almasaq, “Beşiktaş”ın tarixində avrokuboklarda qol vuran ən gənc futbolçu oldu!
* “Beşiktaş” avrokubokların qrup mərhələsində 12 oyunluq qələbəsiz seriyaya (1 heç-heçə, 11 məğlubiyyət) son qoyaraq antirekordunu bitirdi.
* “Fənərbaxça” avrokuboklarda 266-cı oyununda 105-ci qələbəsini qazandı (55 heç-heçə, 106 məğlubiyyət, top fərqi – 360:384).
* “Fənərbaxça”nın indiyə qədər KL-də keçirdiyi 14 qarşılaşmanın heç birində bərabərlik qeydə alınmayıb (10 qələbə, 4 məğlubiyyət).
* “Fənərbaxça” tarixində ilk dəfə avrokuboklarda iştirak etdiyi ardıcıl 2 mövsümdə qrup mərhələsini lider kimi tamamladı. Komanda ötən mövsüm AL-də də qrupu birinci pillədə bitirmişdi.
* “Fənərbaxça” bu mövsüm təsnifat mərhələlərini də nəzərə almaqla avrokuboklarda keçirdiyi 12 matçın 10-da qələbə qazanıb (2 məğlubiyyət). Bu, bir mövsüm üçün klub tarixinin yeni rekordudu. Əvvəlki rekord 2012/13-də qeydə alınmışdı. Həmin mövsümdə İstanbul nəhəngi avrokuboklarda 9 qələbə qazanmışdı.
* 37 yaş 271 günlüyündə dubl edən Ceko Türkiyə klubunun heyətində avrokuboklarda bir oyuna iki qol vuran ən yaşlı futbolçu oldu.
Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Hesabdan asılı olmayaraq qalib gəlsək, qrupdan çıxacağımızı bilirdik. Qrupu lider kimi başa vurmaq istəyirdik. Ona görə də ideala yaxın heyətlə oynadıq. Əvvəldən sona qədər oyuna nəzarət etdik və 4 qol vuraraq çox inamlı qələbə qazandıq. Fanatlarımıza möhtəşəm dəstəyə görə təşəkkür edirəm. Bacardığımız qədər irəliləməyə çalışacağıq. Hədəfimiz ən azı finala yüksəlməkdi. Hətta kuboku qazanmağa səy göstərəcəyik. Fərdi Kadıoğlu üzərində çox çalışır və inkişaf edir. Bu gün əla performans sərgilədi və onu təbrik edirəm. Komandaya çox fayda verir. Türkiyə çempionatında liderik. Burda da qrupu lider kimi tamamladıq. Pozitiv futbol sərgiləməkdə, inkişaf etməkdə davam edirik. Fevralda oynamayacağıq. Avropada növbəti oyunumuzu martda keçirəcəyik. Bu baxımdan lider olmaq çox önəmli idi. “Norşellann”la oyunda itkilərimiz çox idi. Seçim imkanımız geniş deyildi. Süni örtük idi və hava da çox soyuq idi. Təbii ki, 1:6 uduzmaq xoş deyil. Tənqid etmək istəyən onsuz da həmişə bəhanə tapacaq. Amma unutmayın ki, “Norşellann”ı öz meydanımızda yenmişdik”.
Mixal Qasparik, “Spartak”ın baş məşqçisi: “Üzgün deyiləm. Bu qrupda yer almağın özü artıq bizim üçün böyük uğur idi. Yaxşı oynamadıq. “Fənərbaxça”nın səviyyəsini zatən bilirdik. Ona görə də oyunçularımı günahlandıra bilmərəm. Bu qrupda sərgilədiyimiz oyundan və qazandığımız xaldan məmnunam. Bu gün çox da müdafiə futbolu oynamaq istəmədik. Hücum etməyə də çalışdıq. İlk yarıda pis təsir bağışlamasaq da, ikinci hissədə qısa müddət ərzində 3 qol buraxdıq. “Fənərbaxça”nın xüsusilə cinah müdafiəçiləri çox yaxşı performans sərgilədilər. Bizim üçün faydalı təcrübə oldu. Səviyyəmizi bilirik. Cekonun aylıq qazancı ikiillik büdcəmizə bərabərdi!”
Rza Çalımbay, “Beşiktaş”ın baş məşqçisi: “Kaş ki, qrupdakı durumumuz fərqli olaydı və bura iddialı şəkildə gələydik… Yaxşı performans sərgilədik. İntizamlı və baxımlı oynadıq. Üstəlik gənclərə də şans verdik. 16 yaşında futbolçu oynatdıq. Onların arasında gələcəkdə “Beşiktaş”a böyük fayda verə biləcək oyunçular var. “Altyapı”dakı oyunçularla yaxından maraqlanıram. Avrokuboklara qələbə ilə vidalaşmaq bizim üçün xoş təsəlli oldu. İlin sonuna qədər iki oyunumuz qalıb. Hər iki matçı yaxşı nəticə ilə bitirməyə çalışacağıq. Bu qələbəyə psixoloji cəhətdən ehtiyacımız var idi. Qış transfer dönəmində 3-4 futbolçu alandan sonra daha yaxşı yerlərə gələcəyik. Fanatlarımız bizim üçün çox önəmlidi. Açığı, bu gün stadionda bu qədər azarkeşimizin olacağını gözləmirdim. Onlara təşəkkür edirəm”.
Mattia Kroçi-Torti, “Luqano”nun baş məşqçisi: “İlk yarıda əlimizə gözəl fürsətlər düşdü. Onlardan, heç olmasa, birini qola çevirsəydik, sonluq başqa cür ola bilərdi. Təcrübəsizlik özünü göstərdi. KL-in qrupunda oynamaq bizim üçün əla təcrübə oldu. Növbəti mövsümlərdə bu təcrübənin bizə böyük faydası dəyəcək”.