Turun oyunlarını cəmi 470 azarkeş izlədi
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 11-ci tur geridə qaldı. Bu dəfə də maraqlı nəticələr qeydə alındı.
Gözlənilmədən xal itkisi yaşayan komandalarla yanaşı, sonda sevinənlərin də şahidi olduq. MOİK-in “Zaqatala”nı qəbul etdiyi görüşdə həyəcanlı dəqiqələr yaşandı. Rüstəm Məmmədovun komandası turnirin favoritindən xal qoparmaq üzrəydi. Sonuncu dəqiqələrdə vurulan qol qonaqların arzularını puç etdi. Nəticədə ordu klubu yenidən çempionatın lideri oldu. Düzdü, “hərbçilər”in xoşbəxtliyi uzun çəkmədi.
“Difai Ağsu” isə indi sevincdən göyün 7-ci qatındadı. Axı komanda ev matçında iddialı “Karvan”ı minimal hesabla məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb. Əlbəttə, uğurlu seriya yaxalamış yevlaxlılar hardasa büdrəyəcəkdi. Amma etiraf edək ki, Kənan Kərimovun yetirmələrinin Ağsu səfərindən əliboş dönməsi sürpriz oldu.
Üçüncü oyunda “İrəvan” “Qaradağ Lökbatan” sınağından üzüağ çıxmadı. 0:2 hesablı məğlubiyyət qonaqları yenidən lider etdisə, ev sahiblərinin enişdə olduğunu ortaya çıxardı. Axı Nazim Süleymanovun komandası ötən həftə “Karvan”a da eyni hesabla uduzmuşdu. Görünür, ehtiyat oyunçular skamyası kasad olan “İrəvan” tezliklə islahatlara start verməlidi.
“Mingəçevir” evdə “Araz Saatlı”nı məğlub etdi. Gözlənilirdi ki, qonaqlar sonuncu sıradan qurtulmaq üçün nəsə edəcək. Lakin rəqibin azlıqda qalması belə onlara yardım etmədi. Tura “Şamaxı” – “İmişli” qarşılaşmasıyla yekun vuruldu. Qolsuz heç-heçə tərəflərin hərəsinə 1 xal qazandırdı.
Maraq üçün qeyd edək ki, turun oyunlarını izləyən ümumi azarkeş sayı 470 nəfərdi, yəni hər oyuna orta 100 izləyici düşmür. Deyəsən, axı qış fasiləsinə yollanmağın vaxtıdı. Bəlkə gələn il nəsə dəyişə...
KƏNAN BAHADIR