Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç kollektivdə islahatlar aparmaq niyyətindədi.
İslahatlar əsasən hücumun gücləndirilməsinə xidmət edəcək. Artıq güclü hücumçuların komandaya cəlb edilməsi istiqamətində addımlar atılır. Həmçinin bu mövqedə çıxış edənlərdən biriylə yolların ayrılması və ya icarəyə verilməsi nəzərdə tutulur. Təcrübəli mütəxəssis hazırda Bruno Petkoviçlə Mahir Emreli arasında qalıb. Onun yaxınlarda qərarını dəqiqləşdirəcəyi gözlənilir.
“Football-plus.az” olaraq, hadisələri qabaqlayıb adı çəkilən oyunçulardan hansının kollektivdə qalmaq şansının daha yüksək olduğunu araşdırdıq.
Belə ki, Petkoviç Xorvatiya çempionatının cari mövsümündə 10 dəfə meydana çıxıb ki, bunların doqquzunda start heyətdə yer alıb. O, 741 dəqiqə çıxış edib, 6 qol, 2 məhsuldar ötürmə ötürmənin müəllifi olub. Futbolçu 193 sm boya malikdi. Petkoviç həm də Xorvatiya millisinin üzvüdü. Yığmanın heyətində 34 oyunda 10 qol, 2 məhsuldar ötürməylə yadda qalıb. Hücumçunun klubla 2025-ci ilin iyununa qədər müqaviləsi var. Onun dəyəri 5 milyon avrodu. Bruno Konfrans Liqasında 2 matçda meydana çıxıb və hər ikisində qol vurub.
Mahirə gəlincə, millimizin üzvünə yerli çempionatda 12 dəfə şans verilib. Ümumilikdə, 544 dəqiqə meydanda olan hücumçu 4 qol, 3 məhsuldar ötürməylə yadda qalıb. Emrelinin boyu 187 sm-di. Bizimkinin klubla müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub. Dəyəri 1,2 milyon avrodu. O, Konfrans Liqasında 4 dəfə meydana çıxıb və hesabına 1 məhsuldar ötürmə yazıb.
İndi seçim Yakiroviç cənablarına qalıb. Əslində Brunonun göstəriciləri daha yaxşı olduğundan cavab ortadadı. Sadəcə, qərarın rəsmiləşməsini gözləmək lazımdı.
KƏNAN BAHADIR