Tovuzlular gec ayıldı - REPORTAJ

5.12.2023 19:50 249
Premyer-liqa / Reportaj
Tovuz şəhər stadionunda ənənəvi azarkeş çoxluğu fonunda maraqlı matç bizi gözləyirdi.

11-ci turda "Kəpəz"i məğlub etdikdən sonra qələbəyə həsrət qalan "Turan Tovuz" sonuncu dəfə 10-cu turda "Sabah"a məğlub olan "Sumqayıt"ı qəbul edirdi. Ötən tur səfərdə “Qəbələ” önündə darmadağın olan Tovuz təmsilçisi azarkeşlə barışmaq imkanını da əldən verməməliydi.

İlk hücum cəhdi meydan sahiblərindən gəldi ki, onda da Elvin topa yiyələnə bilməyən Mehdinin günahını yudu. Az sonra Qonçalves ikili mübarizədə kobud oynadı. Futbolçu rəqibin kapitanı Vüqarı itələyib yerə yıxdığından "kimyaçılar" cərimə zərbəsi qazandı. Səbuhi - Elvin cütlüyünün baş rolda olduğu “ev tapşırığı” izlədik. Birinci qapı önünə dəqiq asma etdi, ikinci bir neçə müdafiəçinin arasından sıyrılaraq hesabı açdı. Bundan sonra "Turan Tovuz" irəli atıldı. Lakin Mehdi səddi keçilməz idi. "Bozqurd"un bir neçə hücum cəhdi puç oldu. Ən önəmlisi isə Paçunun baş rolda olduğu anlar idi. Burda Elvin açıq-aşkar Paçunun yaxasından yapışıb irəliləməsinə mane oldu. Qəribədi ki, həmin epizodda penalti təyin edilmədi. Hər halda, "Sumqayıt"ın futbolçusu rəqibi qol vurmaq imkanından məhrum etdi. Növbəti dəqiqələrdə Paçu yenə bəxtini sınasa da, alınmadı. Qapıçının fədakarlığından ruhlanan qonaqlar daha cəsarətlə irəli atıldı. "Kimyaçılar"ın cəhdləri çox keçmədən fayda verdi. Daha dəqiq desək, Kehat Sorqanın sağ cinahdan göndərdiyi topu rahatlıqla tora qovuşdurdu. Düzdü, yan xətt hakiminin bayrağı bu anda havaya qalxmışdı. Ədalət təmsilçiləri Sorqanın ofsaydda olduğunu düşünürdü. Lakin VAR-ın incələməsindən sonra qol qeydə alındı. İlk hissənin son dəqiqələri sönük keçdi. Darıxdırıcı anlar bir-birini izlədi. Sanki komandalar fasiləyə yollanmağa tələsirdi. Beləcə ilk yarı qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatdı.
Qısa istirahətdən sonra meydanda fərqli mənzərənin şahidi olduq. Ayxan Abbasov birdən-birə iki əvəzetməyə əl atmaqla oyunun axarını dəyişdi. "Turan Tovuz" meydana daha cəsarətli və inamlı qayıtdı. Tezliklə hesab arasındakı fərq azaldı. Oyuna sonradan qoşulan Ayxanla Paçu ideal qarşılıqlı anlaşma ilə rəqibi çaş-baş qoyduş Nəticədə oyunboyu fəal olan braziliyalı hücumçu qol istəyinə çatdı. Fərqin azalması yerli tərəfdarları cuşa gətirdi. Tezliklə hesab bərabərləşdi. 53-cü dəqiqəyə təsadüf edən hücumda Ayxan, Paçu, Otto və Faiq iştirak etdi. Son nöqtəni isə nigeriyalı qoydu. Beləliklə, matçın ən gərgin anlarına start verildi. Hər iki komanda daha bir qol vurub 3 xal qazanmaq niyyətindəydi. Qapıçılar ev sahiblərindən Otto, qonaqlardan Sorqa və Abu Dossonun təhlükəli zərbələrini dəf etdi. Nəticədə tərəflər “sülh”ə razı oldu.

KƏNAN BAHADIR