Ötən həftəsonu, daha dəqiqi, noyabrın 25-də keçirilən “Şeffild Yunayted” – “Bornmut” oyununda tarixi hadisə baş verdi.
“Football-plus.az” xəbər verir ki, o mənada tarixi ki, meydan sahiblərinin 1:3 uduzduğu oyunda ikinci qolu Castin Klyuvert vurdu. Bu, onun premyer-liqada vurduğu ilk qol idi. Castin bununla da Avropanın aparıcı 5 çempionatının hər birində fərqlənməyi bacaran 3-cü futbolçu oldu. Kiçik Klyuvert buna qədər A seriyası, Liqa 1, bundesliqa və La Liqada fərqlənmişdi. Artıq premyer-liqanın adının önünə də “quş qoymaq” olar.
Klyuvertin “böyük beşlik” ölkələrində vurduğu qollar
A seriyası: Roma – 5
Bundesliqa: Leyptsiq – 3
Liqa 1: Nitsa – 4
La Liqa: Valensiya – 6
Premyer-liqa: Bornmut – 1
Ən əsası bu uğuru 5 (“böyük beşlik” ölkələrində keçirdiyi ilk matçdan hesablasaq, 6) mövsümə sığışdıra bildi. Castin dünyaca məşhur, ancaq indi böhran yaşayan “Ayaks”ın yetirməsidi. Niderlandda öz nəslinin yetirmələri arasında ən istedadlılardan biri sayılırdı, ancaq 24 yaşında olan bir futbolçu kimi ümidləri o qədər də doğrultmadı. Əsasən də buna görə tez-tez klub dəyişir – hələ ki heç bir yerdə aparıcı fiqura çevrilməyib, necə deyərlər, öz komandasını axtarır. Bununla belə, axtarışı uğurla nəticələnməsə də, ən azı “böyük beşlik” ölkələrinin hər birində qol vurduğuna görə özü ilə öyünə bilər.
Bəs top-liqaların hamısında fərqlənən başqa futbolçular kimdi? Özünüzü əziyyətə salmayın, yalnız iki belə ad var.
Florin Reduçoyu. Belə təntənəli titulu daşıyan ilk futbolçu rumınıyalı hücumçudu. Hələ ötən əsrin 90-cı illərində A seriyasında – “Bari”, “Verona”, “Breşiya” və “Milan”da çıxış edib. Sonra karyerasında “Espanyol”, “Vest Hem”, “Ştutqart” və “Monako” da olub.
Reduçoyunun əsasını qoyduğu yolda sonradan – 2021-ci ildə Stevan Yovetiç addımlayıb. Onun xidməti siyahısında “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako” və “Herta”nın adı var. Çox maraqlıdı ki, 21-ci əsrdə uzun müddət, yəni Yovetiçə qədər rumın Reduçoyunun uğurunu təkrarlayan yox idi.
Yeri gəlmişkən, Castinin atası Patrik Klyuvert də bu uğura yaxın olub. O, “Milan”ın heyətində A seriyasında 6 qol vurub, sonradan La Liqada “Barselona”nın (90 qol), premyer-liqada “Nyukasl”ın (6 qol) və Fransa çempionatında “Lill”in (4 qol) heyətində çıxış edib. Patrikin yolu yalnız Almaniyaya düşməyib.
Belə çıxır ki, oğul bu planda atanı arxada qoyub. Ona yalnız Çempionlar Liqasını qazanmaq və top-liqaların heç olmasa, birində 10-dan artıq qol vurmaq qalır.