“Qalatasaray”ın parlaq performansından sonra İstanbulun digər nəhəngləri bunun davamını gətirə bilmədilər.
“Football-plus.az” xəbər verir ki, əksinə, “Beşiktaş” və “Fənərbaxça” elə bərbad oyun sərgilədi ki, bu həftə Türkiyə futbolunun ən “qara” həftələrindən biri kimi tarixə düşdü.
“Beşiktaş”ın fiaskosuna müəyyən mənada haqq qazandırmaq olar. Çünki onsuz da komandanın pley-off şansı tükənmişdi. Üstəlik heyətdə də ciddi sıxıntılar var idi. Amarti və Bayi zədəli, Nəcip Uysal cəzalı olduğundan müdafiənin mərkəzində əsl mövqeyi cinah olan Onur Bulut qərarlaşmışdı. Bütün bunlara rəqibin gücünü də əlavə etsək, 0:5-in səbəbləri aydınlaşar. Amma digər tərəfdən, özünü böyük sayan komanda hansı heyətlə və hansı şərtlər altında oynamasından asılı olmayaraq, bu hesabla uduzmamalıdı. Xüsusilə də öz meydanında! Müdafiədə tutaq ki, problemlər var idi. Bəs hücumçuların ayağını kim bağlamışdı? Axı hücumda əsas oyunçular qərarlaşmışdı. Amma komanda o qədər bərbad və aciz futbol sərgilədi ki, 50-ci dəqiqədə “Brügge” 4-cü qolu vurarkən bu komanda rəqibin cərimə meydançasına artıq 22-ci dəfə daxil olmuşdu. Həmin ana qədər isə “Beşiktaş”ın “çərçivə”yə bir zərbəsi də yox idi. Üstəlik rəqibin cərimə meydançasında topa cəmi 4 dəfə toxunulmuşdu! Çalımbayın təyinatından sonra yaranmış pozitiv ab-hava bu sarsıdıcı məğlubiyyətilə yenə dağıldı. Gözləyək görək, komanda bunun psixoloji şokunu üzərindən nə vaxt atacaq...
“Beşiktaş”ın fiaskosuna süni bəhanələrlə don geydirmək olarsa, “Fənərbaxça”nın rəzil futboluna heç bir ad vermək mümkün deyil. Düzdü, “Fənər”in də heyətlə bağlı ciddi sıxıntıları var idi. Bekao, Sərdar Əziz, Ciku zədəliydısa, Samet Akaydının adı avrokubokların iştirak ərizəsinə salınmamışdı. Bu üzdən məkəz yarımmüdafiəçisi kimi görməyə alışdığımız İsmayıl Yüksək müdafiənin mərkəzində oynayırdı. Onun yanında isə 17 yaşlı Yusuf Akçiçək qərarlaşmışdı. Bu üzdən Danimarkada müdafiə xətti qapıları taybatay açıq olan evə bənzəyirdi. Belə desək, hər yoldan keçən həmin evə asanlıqla daxil olurdu. Düşünmək olardı ki, Batşuayi fasilə ərəfəsində fərqi minimuma endirəndən sonra qonaqlar ayılacaq. Amma “Norşellann” əksinə, fasilədən sonra daha 4 top vurdu. Halbuki mümkün 1 xal “Fənər”i ən azı pley-offa daşıyacaqdı. Amma bunu heç olmasa, son turda da etmək real görünür. Çünki “sarı-lacivərdlilər” evdə heç bir hədəfi qalmayan Trnava “Spartak”ı ilə qarşılaşacaq. Digər oyunun nəticəsindən asılı olaraq “Fənər” hətta qrupu lider kimi də tamamlaya bilər. Onu da vurğulayaq ki, Danimarkadakı matçın ardından İsmayıl Kartalın mətbuat konfransı cəmi 38 saniyə (!) davam etdi. Çox pərt görünən və qısa açıqlama verən təcrübəli mütəxəssis jurnalistlərdən heç bir sual qəbul etməyərək məkanı tərk etdi. Maraqlıdı ki, o, konfransı tərk edərkən təcrüməçi hələ də onun sözlərini təcrümə edirdi...
qrup mərhələsi, 5-ci tur
D qrupu
Beşiktaş – Brügge (Belçika) 0:5
Nilsen, 4. Tyaqo, 14; 46. Onyedika, 50. Skov Olsen, 70.
Beşiktaş: Ərsin Destanoğlu, Tayfur Bingöl (Aytuğ Kömeç, 84), Onur Bulut, Kolli, Zaynutdinov, Dəmir Tıknaz (Haciahmetoviç, 56), Salih Uçan (Fernandeş, 56), Oksleyd-Çemberleyn, Cenk Tosun (Semih Kılıçsoy, 64), Rebiç (Muleka, 46), Abubakar.
H qrupu
Norşellann (Danimarka) - Fənərbaxça 6:1
Hey, 21. Svensson, 25. Nyuqren, 55; 75; 84. Rasmussen, 66 – Batşuayi, 43.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, İsmayıl Yüksək, Yusuf Akçiçək, Oostervolde, Krespo, Şimanski, Cengiz Ündər (İrfan Can Kahveci, 62), Tadiç, Kent (Kinq, 74), Batşuayi (Ceko, 62).
Faktlar
* “Beşiktaş” avrokuboklarda 241-ci oyununda 103-cü məğlubiyyətlə üzləşdi (90 qələbə, 48 heç-heçə, top fərqi – 318:365).
* “Beşiktaş” avrokubokların qrup mərhələsi çərçivəsində keçirdiyi son 12 qarşılaşmadan 1 heç-heçə, 11 məğlubiyyətlə ayrılıb! Bundan başqa, komandanın avrokubokların qrup mərhələlərində evdəki məğlubiyyət seriyası 6 oyuna yüksəldi. Bu, “ağ-qaralar”ın tarixinin ən pis seriyasıdı!
* “Beşiktaş”ın Belçika klublarına qarşı qələbəsiz seriyası 6 oyuna çatdı (2 heç-heçə, 4 məğlubiyyət). Ümumilikdə İstanbul nəhəngi Belçika klublarına qarşı keçirdiyi 10-cu oyunda 4-cü dəfə məğlub oldu (2 qələbə, 2 heç-heçə).
* 0:5 “Beşiktaş” tarixinin avorkuboklarda ev matçlarındakı ən böyükhesablı məğlubiyyətinin təkrarı deməkdi. Komanda 1987-nin martında ÇK-nın 1/4 finalında Kiyev “Dinamo”suna da bu hesabla məğlub olmuşdu. Həmin tarixdən bəri “Qartal” Avropa arenasında evdə heç vaxt 5 top buraxmamışdı.
* “Fənərbaxça” avrokuboklarda 265-ci oyununda 106-cı məğlubiyyətini yaşadı (104 qələbə, 55 heç-heçə, top fərqi – 356:384).
* “Fənərbaxça” son 31 ildə rəsmi matçlarda ən böyükhesablı məğlubiyyətlə üzləşdi! Komanda sonuncu dəfə bundan daha betər məğlubiyyəti 1992-nin noyabrında UEFA kubokunun 2-ci mərhələsində səfərdə Çexiya təmsilçisi “Siqma”ya 1:7 uduzmaqla yaşamışdı. Maraqlıdı ki, “Fənər”in indiki çalışdırıcısı İsmayıl Kartal həmin matçda futbolçu kimi meydanda idi və artıq 41-ci dəqiqədə komandasını azlıqda qoymuşdu. İstanbul nəhəngi həmin görüşü 8 futbolçu ilə tamamlamışdı.
* “Fənərbaxça” son 19 ildə ilk dəfə bir rəsmi oyunda 6 top buraxdı. Bu hal sonuncu dəfə 2004-ün sentyabrında ÇL-in qrupunda “Mançester Yunayted”lə səfər oyununda (2:6) yaşanmışdı.
* “Fənərbaxça” bu mövsüm KL-in qrupunda ilk 4 turda 5 top buraxmışdısa, bu dəfə bir oyunda 6 top buraxdı.
* Türkiyə klubları üçün Avropada mövsüm yaxşı başlasa da, son dönəmlərdə vəziyyət dəyişib. Qardaş ölkə təmsilçiləri son 9 avrokubok matçında cəmi 1 qələbə qazanıb (1 heç-heçə, 7 məğlubiyyət)! Türkiyə əmsallar cədvəlində 35,600 xalla 9-cu pillədə qərarlaşsa da, 33,650 xalla 10-cu pillədəki Şotlandiya fərqi bir qədər azaltmağa müvəffəq olub.
Oyundan sonra
Rza Çalımbay, “Beşiktaş”ın baş məşqçisi: “Oyuna istədiyimiz kimi hazırlaşa bilmədik. Çünki komandanın 70 faizi zədəlidi. Meydana çıxanların çoxu fərqli mövqelərdə oynamaq məcburiyyətində qaldı. Ona görə də onlardan gözlədiyimiz faydanı ala bilmədik. Xüsusilə müdafiə xəttində ciddi itkilərimiz var idi. Müdafiədəki 4 futbolçudan üçü yad mövqedə oynadı. Yalnız Kolli öz mövqeyində oynadı. KL-də zatən artıq heç bir iddiamız yox idi. Bizim üçün superliqa və ölkə kuboku daha önəmlidi. Fanatlarımız adına çox üzüldüm. Onlardan səbirli olmalarını istəyirəm. Kaş daha öncə bu vəzifəyə gələydim. Və ya bu oyun 1-2 ay sonra keçiriləydi. Hər şey fərqli olardı. Bəhanə kimi çıxmasın, amma oynatmağa həqiqətən də futbolçu yox idi. Bu problem məndən öncə də var idi. Bu qədər zədəlilərin səbəbini anlamaq çətindi. Mən daha öncə KL-də qrupdan çıxmağı bacarnış məşqçiyəm. Qışa qədər bu futbolçularla davam etməliyik. Qarşıda seçki var və qışda heyətdə yeniliklər olacaq. Yeni president üçün heyətlə bağlı geniş raport hazırlayacam”.
Ronni Deyla, “Brügge”nin baş məşqçisi: “Oyun və hesab məni çox sevindirdi. İlk 15 dəqiqədə 2 qol vurmaqla ciddi üstünlük əldə etdik. Sonradan bir az oyundan qopduq. Amma ikinci hissə başlayan kimi yenə təzyiqi işə salaraq üstünlüyü ələ keçirdik. Səfərdə oynamağımıza baxmayaraq, “Beşiktaş” kimi rəqibə heç bir şans vermədik. Açığı, püşkdən sonra bu qrupda “Beşiktaş”ın favorit olduğunu düşünürdüm. Ona görə də onların 5 tura 1 xal toplamaları mənim üçün böyük sürprizdi. Düzdü, öz meydanımızda onları yenə bilməmişdik. Amma həmin matçda da çox yaxşı futbol sərgiləmişdik və qələbəyə layiq idik”.
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Belə məğlubiyyətdən sonra deyiləcək çox söz yoxdu. “Fənərbaxça”ya yaraşmayan bir nəticə qeydə alındı. Çox üzgünük. Fanatlarımızdan və camiədən üzr istəyirik. Bazar ertəsi superliqada “Sivasspor”a qarşı önəmli oyunumuz var. Həm o qarşılaşmaya, həm də növbəti matçlara çox yaxşı konsentrasiya olacağıq. Fanatlarımız narahat olmasın, son turda öz meydanımızda Trnava “Spartak”ı ilə qarşılaşmada lazımi nəticəni əldə edərək qrupdan çıxacağıq”.
Yohannes Torup, “Norşellann”ın baş məşqçisi: “Belə oyundan sonra qürurlanmamaq mümkün deyil. Bizi hər durumda dəstəkləyən fanatlarımız başda olmaqla komanda ilə əlaqəsi olan hər kəsi təbrik edirəm. Məvsümün ən vacib oyunlarından birində bəlkə də mövsümün ən parlaq qələbəsini qazandıq. Bu, gərgin əməyin və yüksək konsnetrasiyanın nəticəsidi. Belə gecələri hər gün yaşamırıq. Ona görə də qədrini bilməli və zövq almalıyıq. Məhz belə oyunlara görə bu qədər əziyyət çəkməyə dəyər. Liderliyə yüksəldik və son turdan öncə hər şey öz əlimizdədi”.