Dünən Türkiyə çempionatının 9-cu turu çərçivəsində ''Beşiktaş'' səfərdə ''Girəsunspor''u müdafiəçi Tayyib Talha Sanuçun vurduğu qolla minimal hesabla məğlub etdi.
75-ci dəqiqədə oyuna daxil olan Nəcip Uysal ''Beşiktaş''ın heyətində yubiley – 400-cü rəsmi qarşılaşmasını keçirdi! İstanbul nəhənginin öz yetirməsi olan və 2009-dan əsas komandada olan 31 yaşlı universal futbolçu bu 13 il ərzində 288-i superliqada, 68-i avrokuboklarda, 43-ü ölkə kubokunda və 1-i ölkə superkubokunda olmaqla meydana çıxdığı 400 qarşılaşmada 6 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. 4 çempionluq olmaqla indiyə qədər klubda 8 titul qazanan Uysal ''Beşiktaş'' tarixinin ən çox forma geyən 2-ci oyunçusu statusundadı. Bu yaxınlarda o, İbrahim Üzülməzi (397) geridə qoymuşdu. Bu siyahıda lider isə 484 oyunla Mehmet Özdiləkdi.