Yığma üzvü, “Qarabağ”ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyev sentyabrın 8-də Türkiyənin superliqa təmsilçisi “Adana Dəmirspor”a transfer edildi.
Həmin dönəmdə yerli azarkeşlər onun keçidini sevinclə qarşılamış, Avropada dəfələrlə sözünü demiş komandanın qolkiperi ilə bağlı böyük gözləntilərini dilə gətirmişdi. Lakin işlər çoxunun gözləmədiyi kimi irəliləyir. Belə ki, “Adana Dəmirspor” futbolçunu transfer edəndən sonra 10 rəsmi matçda meydana çıxıb. Şahruddin bunlardan səkkizini ehtiyat oyunçular skamyasında izləyib. “Beşiktaş”la oyunda, ümumiyyətlə, adı iştirak ərizəsinə salınmayıb. Xatırlayırsızsa, bu haqda ətraflı məlumat vermişdik. Səbəb qapıçının Adana təmsilçisinə qarşılaşmanın keçirilməsinin planlaşdırıldığı ilk tarixdən sonra keçməsiydi. Qaydalara görə, görüşdə yalnız həmin vaxta qədər qeydiyyatdan keçirilmiş oyunçular iştirak edə bilərdi. Nəhayət, qolkiper komandasının 6-cı turda “Kasımpaşa”ya qarşı çıxış etdiyi səfər matçında debüt etdi. Lakin bu da planlı deyildi. Daha dəqiq desək, o, ilk 11-likdə yer almasa da, 23-cü dəqiqədə “qırmızı” alan Ərtaç Özbiri əvəzləmişdi. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatmış, Şahruddin 25-ci dəqiqədə cərimə zərbəsindən, 51-ci dəqiqədə isə penaltidən qol buraxmışdı.
Maraqlıdı ki, bundan sonra keçirilən 7 görüşdə bizimkinə ehtiyac duyulmayıb. Onun zədəli olmadığı da bəllidi. Üstəlik adanalılar qapıçının transferindən sonra Qoran Karaçiçlə müqaviləyə təktərəfli xitam verib. Buna baxmayaraq, baş məşqçi Patrik Klyuvert Ərtaç Özbirə daha çox güvənir. Görəsən, bunun səbəbi nədi? Şahruddin nə vaxta qədər ehtiyat oyunçular skamyasında əyləşəcək? Ümumiyyətlə, hadisələrin axarı onun klubdan ayrılmasıyla nəticələnə bilərmi?
"Football-plus.az" olaraq, bu suallarla Türkiyə superliqası haqda məlumatlı mütəxəssis, “CBC Sport”un aparıcı eksperti Elçin Cəfərova müraciət etdik:

“Şahruddinin “Adana Dəmirspor”a transferi gündəmə gələndə klubun prezidenti Murad Sancakla əlaqə saxlayıb məlumatın doğru olub-olmadığını öyrənmişdim. Belə planlarının olduğunu deməklə yanaşı, qapıçı haqda məndən bilgi almış, transferin uğurlu olub-olmadığını soruşmuşdu. Futbolçunun müsbət cəhətlərini qabardaraq, azərbaycanlı azarkeşlərin də komandaya marağının artacağını demişdim. Sözün açığı, Şahruddin özü də əsas heyət üzvü olmayacağını bilirdi. Çünki ilk “11-lik”də Ərtaç Özbir kimi qapıçı var. Onun yerli azarkeşlər arasında hörməti böyükdü. Üstəlik adanalıdı. Qəribə səslənsə də, bu amil qolkiperin karyerasında vacib rol oynayır. Özbir “Malatyaspor”da məşhurlaşsa da, burda forma geyəndən sonra tezliklə aparıcı oyunçulardan birinə çevrildi. Düzdü, Şahruddin oyun üslubuna görə Ərtaçdan fərqlənmir. Lakin psixoloji hazırlıq səviyyəsi və mental baxımdan bir addım geridədi. Patrik Klyuverti düşündürən məqam da məhz budu. Ümumiyyətlə, qapıçımızın Türkiyə superliqasında asanlıqla meydana çıxa biləcəyini, əsas heyət üzvlərinin sırasına qoşulacağını düşünmək yanlış fikirdi. Hadisələrin axarının belə olacağı əvvəlcədən bəlliydi. Türkiyə klubundasansa, şanslardan maksimum faydalanmalısan. Xatırlayırsızsa, “Kasımpaşa”yla qarşılaşmada Şahruddin üçün fürsət yaranmışdı. Təəssüf ki, qapıçı debüt etdiyi matçda iki bəxtsiz qol buraxdı. Üstəlik oyuna köklənməkdə müəyyən problemlər yaşadı. Bu, istər-istəməz öz təsirini göstərdi. Çünki “Adana Dəmirspor” azarkeşləri yeni transferin çıxışını maraqla gözləyirdi. İlk matçda istənilən səviyyədə oynamaması yaxşı olmadı. Növbəti səbəb Ərtaçın Şahruddindən daha təcrübəli olmasıdı. Düzdü, seyvlər, reflekslər, ayaqla oynamaq kimi keyfiyyətlər millimizin üzvündə daha yaxşı inkişaf edib. Lakin komandada psixoloji və mental cəhətdən hazırlıq məsələsi ön plandadı”.
Mütəxəssis qolkiperin qazana biləcəyi şanslara da toxundu:
“Ümidli olmaq lazımdı. Superliqada hər an sürprizlər ola bilər. Şahruddin bütün oyunlara start heyətində olacaqmış kimi hazırlaşmalıdı. Əminəm ki, bu bir gün baş verəcək. Murad bəylə ötən həftə müzakirə apararkən qapıçımıza niyə şans verilmədiyini soruşdum. Cavabında “Konyaspor”la matç zamanı baş verən şanssızlıqdan bəhs etdi. Bildirdi ki, baş məşqçinin işinə qarışılmır. Klyuvert elə mütəxəssisdi ki, qapıçının fərqləndiyini hiss etsə, ona daha çox şans verəcək. “Qarabağ”da Qurban müəllim ona arxa-dayaq olurdu. Səhvlər etsə belə, dəstək göstərirdi ki, özünü tək hiss etməsin. Türkiyədə isə heç kimin nazıyla oynamırlar”.
Elçin bəydən futbolçunun özünü psixoloji cəhətdən toparlaya bilməməsinin səbəbini də soruşduq. O, bunu “Qarabağ”ın heyətində çıxış edərkən yaşananlarla əlaqələndirdi:
“Məncə, onun əsas problemi Azərbaycanda yaşadığı uğursuzluqlardı. Futbolçu dəfələrlə tənqidə tuş gəldi. Mütəxəssislər, azarkeşlər və idman jurnalistləri haqlı olaraq, onun haqda mənfi fikirlər səsləndirdi. Şahruddin belə hadisələrə görə ölkəmizdən uzaqlaşdı. Daha dəqiq deesək, qapıçı “Qarabağ”da start heyətində olmaqdansa, “Adana Dəmirspor”da ehtiyat oyunçular skamyasında əyləşməyi üstün tutdu. O, müəyyən psixoloji problemləri aşmalıdı. Qolkiperin son durumuyla bağlı skautların mənə verdiyi məlumat budu. Çatışmazlıqlara baxmayaraq, onun keyfiyyətsiz oyunçu olduğundan şans əldə etmədiyini demirəm. Əlbəttə, bir gün ona fürsət yaranacaq”.
Ekspert futbolçunun karyerasının necə davam edəcəyi haqda da danışdı:
“Murad bəy mənimlə söhbətdə ən azı mövsümün sonuna qədər onunla əməkdaşlıq edəcəklərini bildirdi. Əsas məsələ Şahruddinin özünü necə göstərməsidi. Qısası, hər şey futbolçudan asılıdı”.
KƏNAN BAHADIR