Milli komandaların oyunları üçün nəzərdə tutulan zaman kəsiyi noyabrın 21-də sona çatdı.
"Football-plus.az" xəbər verir ki, əlbəttə, bir həftə ərzində baş tutan beynəlxalq səviyyəli matçların nəticələri daha çox müzakirə olunur. Amma müzakirəlik digər mövzu da var. Həm də bu mövzu futbol aləmində heç də yeni deyil.
Onlarla oyunçu klublara zədəli halda qayıdıb
Söhbət futbolçuların milli komandalardan klubların düşərgəsinə zədəli halda qayıtmasından gedir. Həm də ciddi xəsarət almaqla. Məsələn, Eduardo Kamavinqa Fransa yığmasının məşqində Usman Dembele ilə toqquşma nəticəsində zədə alıb. Həkimlərin proqnozuna görə, yarımmüdafiəçi təxminən 2 ay futbol oynamaya bilər. İndi FİFA “Real”a təzminat ödəməlidi. Ali futbol təşkilatı Kamavinqanın zədəsinin bərpa olunacağı müddətdə hər günə görə İspaniya klubunun xəzinəsinə 20,5 min avro köçürməli olacaq. Təzminatın ümumi məbləği təxminən 1,2 milyon avroya çata bilər. Bu məbləğ futbolçunun müəyyən müddət üçün məvacibinə hardasa bərabər ola bilər. Amma təzminat Eduardonun “Real”ın oyunlarındakı iştirakını qətiyyən təmin edə bilməz!
Doğrudu, məsələnin maliyyə tərəfi də klubu tam qane edə bilməz. Məsələn, Kilian Mbappe və ya Antuan Qrizmannın Cəbəllütariq ilə matçda ciddi zədə alması uyğun olaraq PSJ-nin və “Atletiko”nun mövsümlük gəlirinə mənfi təsir edir. Bilindiyi kimi, Avropa çempionatının final mərhələsi 24 komanda ilə keçirilir. Bu, UEFA-ya daxil olan 55 milli futbol qurumunun hardasa yarısının final mərhələsində iştirakı deməkdi. Deməli, seçmə qrup mərhələsi 2015-ci ilə qədərki mənasını böyük ölçüdə itirib (qitə birinciliyi ilk dəfə 24 komandanın iştirakı ilə 2016-cı ildə keçirilib). Məlum problemə görə nəhəng turnirlərin seçmə mərhələsinin formatında dəyişiklik edilməsini təklif etməmək oyunların hazırkı sıx qrafiki üzrə təşkili ilə barışmaq anlamına gəlir. Ortada isə çox ciddi problem var. Sona yaxınlaşan 2023-cü ildə futbolçuların üzləşdikləri zədələrin yarıdan çoxu FİFA və UEFA kimu beynəlxalq təşkilatların başbilənlərinin yanlış siyasətinin nəticəsi olub.
Canni İnfantino DÇ-2022-ni məlum səbəbdən ilin son iki ayında keçirməklə qətərli şeyxləri hesabına rəhbəri olduğu FİFA-nın qazancını artırdı. İndi məlum olur ki, həmin turnirin Avropanın aparıcı liqalarında mövsümün qızğın dövrünə salınması ilk növbədə meydanda top qovanların sağlamlığına mənfi təsir edib. İstənilən halda müasir futbolun illik təqvimi həddən artıq sıxdı. Əlbəttə, aparıcı klublarda çıxış edən ulduz futbolçuların zədələnməsi diqqəti daha çox cəlb edir. Amma normadan artıq yüklənməyə görə xəsarət alan məşhur olmayanların da canı ağrıyır. Kamavinqa kimi Erlinq Holann, Vinisius Junior, Qavi, Andre Onana, Markus Reşford, Alessandro Bastoni, Mark-Andre ter Ştegen, Mikel Oyarsabal və Uorren Zair-Emeri yığmaların sıralarında olarkən müxtəlif dərəcəli zədələrə məruz qalıblar. PSJ-nin yeniyetmə xavbeki və Fransa yığmasının debütantı olan Uorren ilin sonuna qədər oynaya bilməyəcək. Əlbəttə, bir aydan artıq müddətdə meydana çıxmamaq oyun ritmini itirmək və klubunun əsas heyətindən kənarda qalmaq təhlükəsini labüd edir.
Unutmayaq ki, bir müddət əvvəl PSJ-nin aparıcı hücumçularından olan Neymar da sıradan çıxıb. Özü də məhz Braziliya yığmasının oyununda karyerasının ən ağır zədəsi ilə üzləşib. Bir il əvvəl Neymar dünya çempionatına fəal şəkildə hazırlaşırdı. Onun Qətərdəki turnirdən sonra bir neçə dəfə zədələnməsi heç də təsadüfi deyil. Amma FİFA rəhbərliyi böyük qazanc üçün qurbanlar verməyə çoxdan alışıb. Xatırladaq ki, Asiyanın çox kiçik ölkəsində böyük turnirə hazırlıq prosesində sivil əmək təhlükəsizliyi normalarının kobud şəkildə pozulması yüzlərlə işçinin xəsarət almasına və hətta həlak olmasına səbəb olmuşdu. Ancaq görünür, FİFA bunları unudub, ya da ciddi hal hesab etmir. Belə olmasaydı, futbolçuların səhhəti ilə riskə getmək siyasətini davam etdirməzdi.
Qavi qarşıdakı 8 ayda futboldan kənarda qalacaq. Bu, İnfantinonu çox da maraqlandırmır. İngiltərə premyer-liqasında oyunların əsas vaxtına daha çox dəqiqə artırılması da diqqətdən yayına bilməz. Axı meydanda daha artıq müddət qalan və hansısa mübahisəli epizoda görə həyəcan keçirənlər də oyunçulardı. Hakimlər Komitəsinin rəhbəri Hovard Uebb bu planda FİFA və UEFA-dakı məmurlara dəm tutur. Nəticədə futbolçular sıradan çıxırlar...
Futbolda islahatlar çoxdan yetişib
Belə grünür, beynəlxalq futbol təşkilatlarını normal islahatlar aparmaqdan daha çox qorxudan heç nə yoxdu. FİFA və UEFA xaos vəziyyətindən qazanc əldə edirlər. Məsələn, VAR sistemi on il əvvəl tətbiq olunsaydı, indi daha az səhv qərar faizi ilə seçilən yeni hakim nəsli yetişərdi. Amma yox, bu məsələni ertələmək lazım idi. Çünki Yozef Blatter ilə Mişel Platini uyğun olaraq rəhbərlik etdikləri FİFA və UEFA-da hələ bütün pulları ciblərə dürtmək imkanına malik deyildilər. Nəticədə indi maliyyədən tutmuş futbolçuların müalicəsinə qədər bütün səviyyələrdə xaotik durumun şahidi oluruq.
Dünya futbolunda son on ilin ən böyük və uğurlu klubu sayılan “Real” bir neçə gün əvvəl həkimini işdən azad edib. Səbəb komandada zədə epidemiyasının baş alıb getməsi ilə bağlıdı. Ola bilsin ki, tibb işçiləri artıq karyerasını başa vuran belçikalı Eden Azarı uzun müddət düzgün müalicə edə bilməmişdilər. Son vaxtlar isə türkiyəli istedad Arda Gülərin ard-arda zədə alması rəhbərliyi adekvat addım atmağa vadar edib. Sual olunur: klubda kimlər həkim kimi fəaliyyət göstərirlər? Bilindiyi kimi, məşqçi korpusunda baş məşqçinin dostları və ya qohumlarına heç də az təsadüf edilmir. Ola bilsin ki, klublarda işləyən həkimlər arasında ən yaxşı mütəxəssislər yox, dost-tanış da olur.
Güclü cərrah futbolçunun ayağını müayinə etmək yox, insan həyatını xilas edəcək. Yeri gəlmişkən, müasir məşqçilər arasında fiziologiya və psixologiya sahəsində biliksiz olanlar kifayət qədərdi. Daha tətbiqi tibbi demirik. Ola bilsin ki, oyunçunu bir müddət sonra şikəst edən məşq metodlarına əl atanlar var. Ən yaxşı müasir həkimlər yalnız indi trenajor zalında çalışmağın zədəyə səbəb olmaq ehtimalı ilə bağlı məsələni gündəmə gətirirlər. Kriştiano Ronaldoya fikir verməyin. Onu sağlamlıq planında təbiət mükafatlandırıb. Amma ukraynalı Mixail Mudrik “Çelsi”də olduğu ilk mövsümdə daha çox zalda məşq etmişdi ki, bu da onun zədə sindromuna tutulmasına yol açmışdı.
Deməli, futbol tibbi üçün kompleks islahata ehtiyac var. Belə islahat isə həkimlərin lisenziyalaşdırılması və futbol təqviminin yenidən qurulmasından ibarət olmalıdı.
Futbolçuların tətili nə dərəcədə mümkündü?
Belə şey olmamışdı, belə hala futbolda nadir təsadüf olunur. Ona görə ki, idmançılar məşqçilərin göstərişlərini ümumilikdə yaxşı yerinə yetirirlər. Məsələn, Ceydon Sanço heç bir cinayət törətməyib, amma Erik ten Haq onu “Mançester Yunayted”in əsas komandasından qovub. Çünki futbolçudan üzrxahlıq tələb etsə də, bu münasibəti görməyib. Belə hallarda oyunçular əsas heyətə geri qayıtmaları üçün çox vaxt məşqçidən və ya rəhbərlikdən üzr istəyirlər. Bununla da problem aradan qalxır. Futbolçuların hər hansı hərəkət və ya davranışına görə cəzalanmasına tez-tez rast gəlinir. Və ya elə olur ki, məşqçilər daim ehtiyatda qalan oyunçuya uzun müddət şans vermək istəmirlər. Qarşılıqlı əlaqədən danışsaq, idmançılar müəllimdən əmr alan məktəbli durumunda olurlar.
Amma belə hal əbədi ola bilməz. Bilindiyi kimi, Çempionlar Liqası növbəti mövsümdən yeni format əsasında keçiriləcək. Yeni format isə əlavə oyunların təşkilini nəzərdə tutur. DÇ-2026-da isə futbol tarixində ilk dəfə 48 komanda iştirak edəcək. Turnirə Şimali Amerikanın üç böyük ölkəsi - Kanada, ABŞ və Meksika səhnə olacaq. Aydın məsələdi ki, həmin mundial yüzlərlə futbolçu üçün əlavə yüklənmə, uzaq məsafələrə uçuşlar və fərqli iqlimin mənfi xüsusiyyətləri kimi problemlər yaradacaq. İnfantino isə UEFA-dan olan həmkarı Aleksander Çeferin ilə mübarizəsini davam etdirir. FİFA artıq 32 komandanın iştirak edəcəyi daha böyük Klublararası Dünya Çempionatının təşkilinə qərar verib. Sözsüz, yeni formata görə daha çox aparıcı klubların və yığmaların oyunçuları əziyyət çəkəcəklər.
Futbolda axmaq duellərdən qaçmaq üçün çıxış yolları axtarmaq lazımdı. Bu baxımdan Millətlər Liqası əla nümunədi: burda müxtəlif liqalarda hər komanda böyük ölçüdə öz səviyyəsinə uyğun rəqiblə qarşılaşır. Amma DÇ-2026-nın Cənubi Amerikadakı (burda 10 komandadan 7-sinin final mərhələsinə vəsiqə qazanmaq imkanı var) və AÇ-2024-ün qrup və pley-off mərhələsindən ibarət seçmə turniri futbol məmurlarının mübahisəli qərarları sayılmalıdı. Onlar futbolçuları fakt qarşısında qoyurlar: sıx qrafikə tab gətirməyib ciddi zədə alan idmançılar həm sağlamlığı, həm də bütün karyerası ilə riskə getmiş olurlar. Ona görə ki, İsveçrənin Sürix və Nyon şəhərlərində yaşayıb futbola rəhbərlik edənlər daha çox qazanmaq istəyirlər.
Belə hal nə vaxta qədər davam edə bilər? Bütün dünya nə üçün isveçrəli ruhaniləri qida ilə təmin edir? Bu sualı uzun illərdi oyunçularla məşqçilər bir-birinə verirlər. Çıxış yolu nədi? Böyük tətil! Öz aramızdı, Yürgen Klopp ilə Xosep Qvardiola futbolçuların tətilinə asanlıqla başçılıq edə bilərlər...
Yeri gəlmişkən...
2022/23 mövsümündə Avropanın 5 aparıcı liqasında qeydə alınan zədə faktları klubları ümumilikdə 767 milyon dollar ziyana salıb. Bu, əvvəlki mövsümün göstəricisindən 30 faiz çoxdu. “Bloomberg” və Böyük Britaniyanın “Howden Group Holdings” sığorta şirkətinin birgə yaydığı məlumata görə, zədə sayındakı kəskin artıma mövsümün gedişində keçirilən DÇ-2022 çox təsir edib. Bu planda 49 oyunçunun zədə aldığı İngiltərə premyer-liqası daha çox zərər görüb. Almaniya bundesliqası 46 zədə faktı ilə 2-ci yeri tutub.