Azərbaycan futbolunda barmaqla göstəriləcək oyunçular var ki, topdan doymur.
Onlardan biri də Ruslan Poladovdu. 44 yaşlı futbolçu hələ də butslarını mıxdan asmağa tələsmir. Ötən mövsümü Region Liqasında yarışan "Füzuli"də keçirən yığmamızın sabiq üzvü yeni “futbol ili”ndən 2-ci liqa təmsilçisi "Qusar"ın formasını geyir. Ruslan Poladovla karyerası, Qusar təmsilçisinin çıxışı, gələcəklə bağlı planları ətrafında danışdıq.
- Ötən mövsümü Region Liqa təmsiçisi "Füzuli"də keçirdin. Komandan 2-ci liqaya vəsiqə qazansa da, onunla yola davam etmədin. Səbəb nədi?
- Region Liqasında "Füzuli"nin qarşısına qoyulan məqsədə nail ila bilmədik. Bu hal məndə təəssüf hissi doğurdu. Amma Füzuli təmsilçisi 1-ci liqada çıxış etmək üçün AFFA və PFL-ə müraciət etdi. Sonda komandanın yeni yaradılan 2-ci liqada oynamasına icazə verdilər. Vasif müəllim komandada qalmağımı istəyirdi, sadəcə, Sumqayıt Futbol Akademiyasında çalışdığım üçün ordakı məşqlərimdən dolayı onlara kömək edə bilməyəcəyimiz dedim və xoşluqla ayrıldıq. "Füzuli"yə uğurlar arzulayıram. Bu komanda daha üst liqalarda çıxış etməyə layiqdi.
- "Qusar"a keçidin necə alındı?
- Şimal zonası mənim üçün cox doğmadı. Əslən qubalı olduğumdan, karyeram boyunca Quba, Qusar komandalarinda futbol oynamaq arzusunda olmuşam. Amma Sumqayıtda dünyaya gəlib boya-başa çatdığımdan, bu şəhərin futbol məktəbində başlamışam. Rəhmətlik Tofiq Rzayevin və Musa müəllimin yaninda futbolun sirlərinə yiyələnmişəm. Buna görə Sumqayıt mənim üçün hər şeydi. "Qusar"dan təklif alanda sevindim. Bir az akademiyadakı işimə görə tərəddud etsəm də, sonra yenidən işlərimlə yanaşı, futbol oynaya biləcəyimi yəqin edəndən sonra təklifi qəbul etdim. Kamran Əlibabayevə mənə etimad göstərdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Vaxtilə onunla birgə, çiyin-çiyinə futbol oynamışdım. İndi onun rəhbər olduğu klubda oynamaq xoşdu.
- Komanda, demək olar ki, yaşı 25-dən artıq olan futbolçulardan qurulub. Gənclərin olmaması kollektivi maraqsız etmir?
- Komandada, az olsa da, cavanlar var. Məncə, onlar gələcək üçün perspektiv vədd edirlər. Kollektivimiz mehribandı. Xeyli vaxtdı birgə məşq edirik. Hamı bir-birinin xətrini istəyir. Qusarın 2-ci liqada iki təmsilçisi var, hər biri iddialıdı. Düşünürəm ki, gələcəkdə bu bölgədən bizim nəsli üstələyəcək istedadlı futbolçular çıxacaq. Həmçinin Şimal bölgəsinin premyer-liqada da komandasının olacağına inanıram.
- Bütün kollektiv sizə ən təcrübəli futbolçu kimi arxalanır, yoxsa sürətli Ruslan Poladov kimi?
- Yaşıma baxmayaraq, sürət və təcrübəmə görə bu kluba cəlb olunmuşam. Bacardığım qədər komandama faydalı olmağa çalışıram. Sağ olsun kollektiv, həm yaşıma, həm də təcrübəmə görə hörmət edir.
- Ölkə kubokunda "Şahdağ Qusar"la oyununuz dramatik şəkildə keçdi, sonda penalti seriyasında məğlub olduz. Hansı komanda mərhələni adlamağa daha çox layiq idi?
- Çox gərgin qarşılaşma oldu. Oyunun dramatikliyi mənlə bağlı olduqu üçün cox pis oldum. Məhz mənim vura bilmədiyim penaltidən sonra "Qusar" turnirlə erkən vidalaşmalı oldu. Əlbəttə, "Şahdağ Qusar" mərhələni kecməyə layiqdi, onlara gələcəkdə uğurlar arzulayıram.
- 2-ci liqada birinci dövrənin sonuna iki tur qalıb. Hazırda 3-cü pillədə qərarlaşmısız. Səncə, bu nəticə daha yaxşı ola bilərdi, yoxsa komandanın indiki mövqeyi normaldı?
- Kollektiv olaraq, tam heyətlə məşq edə bilmirik. Müəyyən çətinliklərimiz var. Oyundan-oyuna toparlanırıq. Ona görə hesab edirəm ki, hazırkı nəticəmiz qəbaətbəxşdi.
- Bir təcrübəli futbolçu kimi 2-ci liqanın səviyyəsi haqqında təəssüratın maraqlıdı...
- Öncəliklə AFFA-ya bu liqanın təşkil etdiyinə görə təşəkkür edirəm. Gec-tez 2-ci liqa yaradılmalıydı. Bu hal gələcəkdə futbolumuzun inkişafına və liqalarda rəqabətin artmasına təkan verəcək.
- Hazırda ev oyunlarınızı Sumqayıtda keçirirsiz. Azarkeşlərlə dolu Qusar stadionunda keçirsəydiz, nəticələr daha yaxşı ola bilərdi?
- Qusar stadionundakı təmir işləri üzündən rayonun hər iki komandası ev oyunlarını kənarda keçirir. Biz Sumqayıtda oynayırıq, "Şahdağ Qusar" isə Şamaxıda. Buna rəğmən, azarkeşlərimiz bizi tək qoymur. Onlar həm "Kapital Bank Arena"ya gəlir, həm də PFL-in kanalında nümayiş olunanda izləyirlər. Təbii ki, Qusarda oynasaq, oyunlarımıza daha çox azarkeş gələr. Qismət olsa, azarkeşlərimizi Qusar şəhər stadionunda da sevindirəcəyik.
- Bu mövsüm "Qusar"ın qarşısına hansı hədəf qoyulub?
- Hədəfləri rəhbərlik va baş məşqçi bildirsə, yaxşı olar. Amma şəxsi fikrimi deyim ki, bir futbolcu üçün hansı cempionatda oynamaqdan asılı olmayaraq, hədəf yalnız çempionluq olmalıdı.
- Komandan çempion olub 1-ci liqaya yüksəlsə, 44 yaşlı Ruslan Poladovu iş başında görəcəyikmi?
- O mənim hansı formada olmağımdan asılı olacaq (gülür). Təki "Qusar" çempion olub 1-ci liqaya yüksəlsin. Əsas olan budu. Oynasaq da, oynamasaq da, şimallıların oyununa gedib baxacağam. Açığı, gələcəkdə özümü məşqçi kimi sınamaq istəyirəm. Düşünürəm ki, bunun zamanı yetişib.
- Yığmamızın son oyunları haqda nə deyərdin?
- Millimizin oyununda inkişaf var. Rəqibin səviyyəsindən, gücündən asılı olmayaraq, futbolçularımız meydanda döyüşür. Nəticələr də zamanla düzələcək.
- Doğma şəhərinin yeganə komandası "Sumqayıt" haqda nə deyərdin?
- "Sumqayıt" mövsümə yaxşı başlayıb. İnşallah, komandanın bundan da yaxşı nəticələr göstərəcəyinə əminəm.
- Necə düşünürsən, Samir Abasov "kimyaçılar"ı mükafatçılar sırasına daşıya biləcəkmi?
- Samir müəllim iddialı və təcrübəli mütəxəssisdi. Bu vaxta kimi çalışdırdığı komandaları mükafatçılar sırasına daşımaq üçün əlindən gələnin maksimumunu etməyə çalışıb. Unutmayaq ki, uzun illərdən sonra "Neftçi"ni məhz Samir Abasov çempion etdi. Ona görə bu mütəxəssisin "kimyaçılar"ı da zirvələrə daşıyacağına şübhəm yoxdu.
- Bu mövsüm çempionluğa iddalıların sayı artıb. Kimi daha şanslı sayırsan?
- Hazırkı “futbol ili”ndə güclü rəqabət var. Əvvəlcədən kimin çempionluğa daha şanslı olduğunu demək çətindi. Yuxarıda qeyd etdiyim kimi, Sumqayıt mənim üçün hər şeydi. Ona görə də doğma şəhərimin tək komandasının çempion olmasını və qitəmiqyaslı yarışlarda iştirakını çox arzulayıram. Amma kimin çempionluğu haqq etməsini zaman göstərəcək.
ABDULLA İSMAYILOĞLU