Futbol üzrə ölkə çempionatının 2-ci liqasında mübarizə aparan klublarda bəlkə də ən təcrübəli futbol adamı Yaşar Seyidovdu.
“Dinamo”nun təsisçisi və prezidenti “zolaqlılar”ın “Şəfa” ilə oyununu ayaqüstə izlədi. Sank o həm də baş məşqçi idi. Oyundan sonra Yaşar bəylə komandanın indiki durumu və gələcək planlar ətrafında söhbətləşdik.
- Bu gün oyunu sona qədər ayaqüstə izlədiz.
- Gərgin oyun oldu. Qapıçımızın qırmızı vərəqə almasına, azlıqda oynamağımıza və heyətlə bağlı sıxıntılarımıza rəğmən, yekunda qələbə qazanmağımız bütün gərginliyimizi aradan qaldırdı. Komandam xarakter göstərərək layiqli qələbə qazandı.
- Qələbə qolunu oğlunuz Valehin vurması sizə ikiqat sevinc bəxş edirmi?
- Xeyr, mən, sadəcə, klub rəhbəri kimi bu gün şadam. Yaxşı oynamaq, qollar vurmaq Valehin borcudu. O, hər oyunda komandaya faydalı olmalıdı. Bu gün meydan olan futbolçularımız özünü yaxşı tərəfdən göstərdi.
- Oğlunuzun hazırkı çıxışından razısızmı?
- Valeh daha böyük klublarda oynamalıydı. Amma mənim bir ata kimi səhv qərarım buna mane oldu. O Portuqaliya aşağı liqasında çıxış edirdi. Lakin mənim səhv tövsiyəmə görə oğlumun karyerası alt-üst oldu. Onun təhsil almasında da maraqlıydım. Elə gətirdi ki, ABŞ-a gedib təhsil aldı. Hazırda da Amerika şirkətlərindən birində çalışır. Ölkəmizdəki yeni “futbol ili”ndə çıxışımıza son anda icazə verildi. 44-cü komanda komanda kimi peşəkar liqaya qoşulduq. Məhz bundan sonra Valehdən bir ata kimi xahiş etdim ki, gəl komandamızda oyna. O da sağ olsun, sözümü yerə salmadı. Elə vaxtilə Valehlə birgə “Bakı”nın Futbol Akademiyasında yetişən 1995-98 təvəllüdlü 7 futbolçunu da kluba cəlb etdik. Yerdə qalanlar isə 2004-06 təvəllüdlülər, İsgəndər Cavadavov Futbol Məktəbinin yetirmələridi.
- Başda oğlunuz olmaqla, hazırda heyətdə yer alan “Bakı” Futbol Akademiyasının yetirmələrini yenidən ölkə futboluna qazandırmaq mümkün olacaqmı? Yəni onları 1-ci liqada və elitada oynamağa hazırlaya biləcəksizmi?
- Çox istəyərdim ki, futbolçularımız daha üst səviyyəli çempionatlarda oynasın. Konkret Valehi deyirsizsə, hesab edirəm ki, oğlum 1-ci liqada və elitada çıxış etməyə hazırdı. Bu mənim şəxsi qənaətimdi. Düzdü, Valeh həm də beynəlxalq şirkətdə işləyir. Hesab edirəm ki, bir qədər də üzərində çalışsa, Valehi peşəkar klublarda görəcəyik. Təbii ki, məşqçilərimiz də onun oyununa baxmalıdı.
- Bu gün komandanı oyuna Esmael Vəkiliqazicahani çıxardı. Mütəxəssisin qarşısına hansı hədəflər qoyulub?
- Bizim qarşımızda iki yol var idi: ya futbolu inkişaf etdirmək, ya da çempionatda oynamaq xatirinə iştirak etmək. Biz birincini seçdik. Bu gün 2-ci liqada bir çox klub həftədə bir-iki dəfə məşq edir və oyuna çıxır. Biz isə həftənin bütün günləri məşq edirik. Məqsədimiz gəncləri inkişaf etdirmək və dayanıqlı komanda yaratmaqdı. Novruz Əzimovla çempionata başladıq, sonra o, istefa verdi. Biz də komandanı hələlik Cənubi Azərbaycandan olan soydaşımıza tapşırmışıq. Onun da qarşısında yaxşı, döyüşkən komanda formalaşdırmaq, ölkə futbolu üçün oyunçu yetişdirmək tapşırığı qoyulub.
- Vəkiliqazicahani mövsümün sonuna kimi postunda saxlanılacaqmı?
- Hələlik Esmael müəllimə baş məşqçi postunu 3 oyunluq həvalə etmişik. 1-ci dövrə başa çatandan sonra onun işinə qiymət verərək yekun qərarımızı açıqlayacağıq.
- Komanda qarşıdakı iki oyunda da qələbələr qazansa, cənublu soydaşımız ilin sonuna kimi baş məşqçi postunda qalacaqmı?
- Məsələ maksimum xal qazanmaqda deyil. Əsas olan komandanın baxımlı oyun sərgiləməsidi. Bizim üçün başlıca məqsəd "Dinamo"nun özünəməxsus oyun ansamblının formalaşmasıdı. Bu olsa, zatən nəticələr gələcək. Esmael müəllim məqsədimizi həyata keçirə bilsə, onun xidmətindən daha uzun müddət yararlanmağı düşünürük.
- Transferlər gözlənilirmi?
- Sözsüz, güclənməyə ehtiyacımız var. Əsas da təcrübəli oyunçuları cəlb etməyi düşünürük. Məhz təcrübəli futbolçuların yanında gənclərimizi daha yaxşı yetişdirə bilərik. Baxın, Anatoli Banişevskinin yanında gənclərimiz oynadı, nəticədə İsgəndər Cavadov, Maşallah Əhmədov yetişdi. İkincilərlə birgə oynayanlardan Yunis Hüseynov, Vidadi Rzayev, Nazim Süleymanov üzə çıxdı. Amma bu gün, təəssüf ki, həmin uğur zənciri qırılıb. Bunun da bəlasını hım ölkə futbolu, həm də millimiz çəkir. Biz də təcrübəlilərlə gənclərin vəhdətini yaradacağıq.
- Gözaltı etdiyiniz oyunçular varmı?
- Bəli. Amma bu barədə hələlik nəsə deməyəcəm. Çempionatda fasilə yarananda kimləri transfer edəcəyimizi görəcəksiz.
ABDULLA İSMAYILOĞLU