Türkiyə yığmasındakı debütü çox uğurlu alınan Vinçentso Montella qarşıdakı matçlar üçün heyəti açıqlayıb. Xatırladaq ki, qardaş ölkənin komandası ötən ay Stefan Kuntsun əvəzinə baş məşqçi postuna gətirilən Montellanın başçılığı altında əvvəlcə səfərdə Xorvatiyanı (1:0), sonra evdə Latviyanı (4:0) yenərək AÇ-2024-ün final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdi.
"Football-plus.az" xəbər verir ki, bu dəfə isə Türkiyə noyabrın 18-də yoldaşlıq oyunu çərçivəsində Berlində Almaniya ilə, 21-də isə AÇ-2024-ün seçmə mərhələsinin son oyununda Kardiffdə Uels ilə qarşılaşacaq. Montellanın bu dəfə açıqladığı heyətdə debütant yoxdu. Amma bəzi isimlərin uzun fasilədən sonra yığmanın heyətinə qayıtması diqqət çəkir. Söhbət ilk növbəti Abdülkadir Ömür, Berat Özdəmir və Yusuf Yazıcıdan gedir. Elə zədəsini sağaldaraq yenidən ''Fənər''də oynamağa başlayan Cengiz Ündər də heyətdədi. ''Real''da zədələrdən başı açılmayan Arda Gülər gözlənildiyi kimi növbəti dəfə heyətdən kənar qalıb. Siyahıda mərkəz hücumçusu qıtlığı diqqət çəkir. Çünki Cenk Tosun yenə zədələnib. ''Xetafe''li Enes Ünal isə hələ də mayda aldığı ağır zədədən sonra oynamağa başlamayıb. Sonda 29 nəfərlik tam siyahını sizə təqdim edirik: qapıçılar - Uğurcan Çakır (Trabzonspor), Mərt Günok (Beşiktaş), Ərtaç Özbir (Adana Dəmirspor), Altay Bayındır (Mançester Yunayted); müdafiəçilər - Fərdi Kadıoğlu, Samet Akaydın (hər ikisi ''Fənərbaxça''), Əbdülkərim Bardakcı, Kaan Ayhan (hər ikisi ''Qalatasaray''), Ərən Elmalı (Trabzonspor), Zəki Çəlik (Roma), Cenk Özkacar (Valensiya), Çağlar Söyüncü (Atletiko), Ozan Kabak (Hoffenhaym), Rıdvan Yılmaz (Reyncers); yarımmüdafiəçilər - İsmayıl Yüksək, Cengiz Ündər, İrfan Can Kahveci (hamısı ''Fənərbaxça''), Kərəm Aktürkoğlu (Qalatasaray), Berat Özdəmir, Abdülkadir Ömür (hər ikisi ''Trabzonspor''), Əmrə Akbaba, Yusuf Sarı (hər ikisi ''Adana Dəmirspor''), Hakan Çalhanoğlu (İnter), Salih Özcan (Borussiya D), Berkan Kutlu (Cenoa), Kənan Yıldız (Yuventus), Yusuf Yazıcı (Lill); hücumçular - Bertuğ Yıldırım (Renn), Barış Alpər Yılmaz (Qalatasaray).
ƏLİ