İddiasını ildən-ilə artıran və ötən mövsümü Vinçentso Montella ilə 4-cü pillədə başa vuran “Adana Dəmirspor” bu yay Patrik Klyuverti baş məşqçi postuna gətirəndən sonra fanatlar arasında müəyyən şübhələr yaranmışdı.
"Football-plus.az" xəbər verir ki, çünki 47 yaşlı niderlandlı hər nə qədər futbolçu kimi öz dönəminə damğa vuran ulduzlardan olsa da, müstəqil məşqçi kimi uğur qazanmaq bir yana, heç normal təcrübəsi də yox idi. Buna qədər o, əsasən idman direktoru, akademiyanın rəhbəri və köməkçi məşqçi vəzifələrində çalışmışdı. Amma Adana təmsilçisi riskə gedərək Klyuvertə gözəl fürsət yaratdı. Hələ ki bu işbirliyi özünü doğruldur. “Adana Dəmirspor” mövsümə fırtına kimi başlayan “Fənərbaxça” ilə “Qalatasaray”ın ən yaxın izləyicisidi. Futbolçu kimi “Ayaks” ilə ÇL-in, “Barselona” ilə La Liqanın qalibi olmuş Klyuvert bugünlərdə Türkiyənin “Sabah” nəşrinə müsahibə verib.
- Məşqçi kimi sizi ''Adana Dəmirspor''a gəlməyə nə vadar etdi?
- Səyahətdəydim və menecerim zəng vuraraq bir komandanın mənə ciddi marağının olduğunu dedi. Komandanın layihəsi, planları, nəticələri ilə tanış oldum. Amma ən önəmli məqam odu ki, yenidən baş məşqçi kimi işləmək fürsəti qazandım. Çünki PSJ-də köməkçi məşqçi idim. ''Barselona''da isə akademiyanın başında yer alırdım.
- Bu klubun sizin üçün yeni bir fürsət olduğunu düşünürsüzmü?
- Əlbəttə. Köməkçilərim də, mən də Adanada xoşbəxtik. Rahat şəkildə işləyə bilirəm. Düzdü, İstanbul nəhəngləri böyük klublardı və səviyyə baxımından onlardan bir qədər geridə olduğumuzu etiraf etməliyəm. Amma onlarla başabaş mübarizə aparmağa və ya o səviyyəyə gəlməyə çalışacağıq.
- Adanaya artıq tam uygulaşa bilmisiz?
- Uyğunlaşma çox yaxşı və gözlədiyimdən də sürətli oldu. Çünki Konfrans Liqasının təsnifat mərhələlərində oyunlarımız var idi. Bu üzdən mövsümə erkən başladıq və hər şey sürətlə davam etdi.
- Bu mövsüm evdə keçirdiyiz 9 rəsmi oyunun hamısından qələbə ilə ayrılmısız. Rəqiblər üçün Adanadan çıxış olmadığını deyə bilərikmi?
- Bəli, evimizdəki nəticələrimizlə qürur duya bilərik. Fanatlarımızın önündə oynamağı sevirik. Belə seriya həm də digər rəqiblərə mesaj göndərmək, onların gözünü qorxutmaq baxımından önəmlidi. Amma oyunların hamısı evdə olmur. Səfər matçlarında da nəticələrimizi yaxşılaşdırmalıyıq.
- Cari mövsümün ''Fənərbaxça'', ''Qalatasaray'' və başqaları arasında keçdiyini söyləyə bilərikmi?
- Razıyam ki, bu iki klub çox mühüm transferlər həyata keçirib. Amma bu o demək deyil ki, indidən özlərini çempion kimi hiss etməlidilər. Biri ÇL-də, digəri KL-də oynayır. Ola bilər ki, qarşıdakı həftələrdə avrokuboklara daha çox güc qoymaq məcburiyyətində qalsınlar. Yaxşı transferlər heç də həmişə çempionluq üçün yetərli olmur.
- Çoxlarının fikrincə, siz Montellanın sistemini davam etdirirsiz. Bu haqda nə düşünürsüz?
- İnsanların belə düşünməsi normaldı. Amma mənim Montella ilə şəxsi tanışlığım, məşq metodlarından, oyun sistemindən xəbərim yoxdu. Tam fərqliyik. Yeganə bənzər cəhətimiz odu ki, ikimiz də hücumçu olmuşuq. Bəlkə də bu üzdən oyun mentallığımız eynidi və ikimiz də hucumameyilli sistemə üstünlük veririk.
- Başqan Murat Sancak ilə münasibətləriniz necədi?
- Çox yaxşı. Özəl bir şəxsdi və yetərincə yaxşı anlaşırıq.
- Nəticələriniz pisləşsə, bu, onunla münasibətlərinizə təsir edə bilərmi?
- Bu durum əslində bütün klub prezidentləri üçün keçərlidi. Nəticələr ürəkaçan olmadıqda, təbii ki, başqanla məşqçi arasında müəyyən fikir ayrılığı yaşana bilər. Ümid edirəm ki, bizim nəticələrimiz və başqanla münasibətimiz pisləşməyəcək.
- Bu komandada oynasaydız, mövsümə neçə qol vurardız?
- Ən azı 20 qol (gülür).
- Bəs sizə ən çox məhsuldar ötürməni kim verərdi?
- Məncə, Yusuf Sarı.
- Ümumiyyətlə, baş məşqçi gözü ilə baxdıqda Yusuf Sarı necə futbolçudu?
- Ötən mövsümkü durumunu bilmirəm. Amma sizə əminliklə deyirəm ki, Yusuf haqqında daha çox danışılmağa layiq futbolçudu. Daha böyük diqqətə və marağa layiqdi. Sol ayağı, sadəcə, inanılmazdı. Eyni zamanda çox cəlddi. Birəbirdə istənilən vəziyyətdə rəqibini keçməyi bacarır. Fiziki problemi yoxdusa, istənilən iddialı klubda, özü də əsas heyətdə oynayacaq səviyyədə bir futbolçudu. Belə tempdə davam etsə və fiziki problemlər yaşamasa, qarşıdakı dönəmdə onu Avropanın güclü çempionatlarından birində görəcəyik.
- Superliqanın ən yaxşı forvardı kimdi?
- Təbii ki, ilk növbədə öz komandamın hücum oyunçularını qeyd etməliyəm. Onları çox bəyənirəm və birlikdə işləməkdən məmnunam. Digər oyunçulardan Abubakarı qeyd edə bilərəm. Komandası üçün önəmli işlər görür. Onu yaxından tanıyıram. Çünki Kamerun yığmasında da çalışmışam.
- Bəs İkardi?
- ''Qalatasaray'' üçün dəyərli futbolçudu. Zatən səviyyəsi ortadadı və onun haqda çox danışmağa ehtiyac yoxdu. Həm keçmişdə, həm də indiki dönəmdə vurduğu qollarla səviyyəsini göstərən futbolçudu.
- Superliqa sizcə, texniki və taktiki cəhətdən yetərli səviyyədədi?
- Taktikanın ön planda olduğu bir liqadı. Hər məşqçinin öz taktiki gedişləri var. Amma eyni zamanda duyğular da ön plandadı. İnsanlar futbolu qəlbində yaşayır. Bunu həm tribunada toplaşan insanlarda, həm də futbolçuların özlərində görmək mümkündü.
- Arzularınız və hədəfləriniz nədi? 5 ildən sonra özünüzü harda görürsüz?
- Məşqçi üçün uzunmüddətli planlar qurmaq düzgün deyil. Çünki hər an bu planların yarımçıq qalmaq ehtimalı var. Məşqçi qısamüddətli hədəf qoymalı və nəticə qazanmağa başlamalıdı. Məşqçinin klubdakı dönəmini məhz nəticələr uzadır. Dediyim kimi, Adanada xoşbəxtik. Hər şey qaydasındadı və bura gəldiyimə görə peşman deyiləm. Həm burdakı fəaliyyətimdəm, həm də klubdan razıyam. Burdakı hədəfim oyunçuları və klubu inkişaf etdirməkdi. Təbii ki, beynimdə müəyyən uzunmüddətli planlar var. Amma indi tam bura köklənmişəm.
- Niderlandda əfsanələrdən hesab olunursuz. Bəs Adanada sizə münasibət necədi?
- Çox böyük bir sevgi ilə qarşılandığımı deyə bilərəm. Amma bu, bəlkə də hazırda işlərin qaydasında getməsindən irəli gəlir. Allah nəzərdən qorusun. Çünki işlər hər zaman bu cür getməyə bilər. Ümid edirəm ki, getmədiyi zaman da insanların bu sevgisini hiss edəcəm.
- Ulduz futbolçular baş məşqçi olanda oyunçulardan özlərinin sərgilədiyi kimi bir performans tələb edirlərmi?
- Oyunçularımın potensialını və nəyə qadir olduqlarını bilirəm. Onların da öz potensiallarını, nə edə biləcəklərini anlamalarını istəyirəm. Bəzən məşqçi lazım olan məqamda futbolçunun çiyninə vurub onu ruhlandırmalıdı. Başqa bir futbolçunu isə əksinə, qışqırmaqla ruhlandırmalıdı. Məşqçi belə incəlikləri hiss etməlidi.
- Ötən mövsüm 4-cü olan ''Adana Dəmirspor''un bu mövsüm üçün hədəfi nədi?
- Deməli, dördüncülükdən aşağı hansı pilləni tutsaq, bu, geriyə doğru addım olacaq. Mən inanıram ki, bu komandanın potensialı çempionluğa oynamağa imkan verir. Amma buna tək mən yox, oyunçular da inanmalıdı. Onlar inanmasa, boşuna vaxt itirəcəyik. Çempionluq futbolda ən çətin hədəfdi. Bunun üçün inanclı və hirsli olmalıyıq.
- Bəs oyunçular inanırmı?
- Ümid edirəm ki, inanırlar. Oyunçuların hər biri bu cür baxış tərzinə malik olmalıdı. Özlərində bu gücü hiss etməlidi. Əks təqdirdə həm fiziki, həm psixoloji cəhətdən geri gedəcəklər. Ötən mövsümdəki heyətin əsasını qoruyub saxlamağı bacarmışıq. Ona görə də komandama güvənirəm.
- “Barselona” forması ilə həm “Qalatasaray”a, həm “Beşiktaş”a, həm də “Fənərbaxça”ya qarşı oynamısız. O matçlardan yadınızda nə qalıb?
- Təbii ki, ilk ağlıma gələn şey stadionlardakı atmosferdi. Türkiyə futbolunu yaxından tanımayan bir oyunçu İstanbul nəhənglərindən birinə qarşı səfərdə oyuna çıxanda mütləq ordakı atmosferin təsiri altına düşəcək. Şəxsən məni belə şeylər çox motivasiyalandırırdı. Çünki istənilən peşəkar futbolçunun arzusu məhz bu cür çılğın atmosferdə, bu cür tribunaların önündə oynamaqdı. Birdə-birə belə atmosferə düşdükdə, bu, adama təsir edir.
- “Ayaks”ın karyeranızdakı rolu nədi?
- Futbola 7 yaşımda yaşadığım bölgənin komandasına yazılmaqla başladım. 8 yaşımda isə artıq “Ayaks”ın akademiyasındaydım. 8 yaşımdan əsas komandaya yüksələnə qədər orda qaldım. Yəni futbolu orda öyrəndim. Futbolçu kimi yetişməyimdə və populyar oyunçuya çevrilməyimdə “Ayaks”ın rolu danılmazdı.
- Bəs hansı baş məşqçilər karyeranızda mühüm rol oynayıb?
- Bir çox önəmli məşqçinin rəhbərliyi altında oynamışam. Hər məşqçidən ayrı-ayrı şeylər mənimsəyib, belə demək mümkünsə, özümü inşa etməyə çalışdım. İlk növbədə Lui van Qalın adını qeyd etməliyəm. Məni ilk dəfə akademiyadan “Ayaks”ın əsas komandasına dəvət edən məhz o olmuşdu. Raykaard, Hiddink, Robson kimi məşqçilərin də qəlbimdə özəl yeri var. Nəticə etibarilə biz robot deyilik. Qarşımızdakılar da insandı. Gərək məşqçilərdən öyrəndiklərini öz həyat təcrübənlə birləşdirərək futbolçulara aşılamağı bacarasan.
- “Barselona”da Rüştü Rəçbər ilə birlikdə oynamısız. Onunla bağlı hər hansı bir unudulmaz anınız varmı?
- Möhtəşəm insan olduğunu söyləyə bilərəm. Həqiqətən də yaxşı insan idi. Səhv etmirəmsə, bir və ya iki mövsüm birlikdə top qovduq. Yaxşı qapıçı idi. “Barselona”nın şərəfini qorumuş çox nadir türkiyəli futbolçulardan biridi.
- Övladlarınız da futbol oynayır. “Klyuvert” soyadı onların üzərində əlavə təzyiq yaradırmı?
- Mən qətiyyən onların işinə qarışmağı xoşlamıram. Təbii ki, məsləhətə ehtiyac duyduqları təqdirdə bir ata kimi yanıma gələ bilərlər. Soyad məsələsi isə istər-istəməz onlar üçün problem yaradır. Bu durumun öhdəsindən gəlmək asan deyil. Meydana çıxarkən insanlar formanın arxanda yazılan soyadı görəndən sonra səndən çox şey gözləməyə başlayır. Zaman-zaman bunun stressini və təzyiqini yaşayırlar.
- Ən çox sevdiyiniz türk yeməyi hansıdı?
- Adana zatən kababı ilə məhşurdu. Adətən, ət yeməyi xoşlayanlardan deyiləm. Amma bu cür yerə gəlmisənsə, istər-istəməz ətin dadına baxmalısan. Başqa dadlı yeməklər də var. Buranın mətbəxi çox zəngindi.
- Bu yaxınlarda toylardan birində iştirak edərək nağara çalmışdız. Yaşadığınız yerin mədəniyyətinə uyğunlaşmaq üçün nələr edirsiz?
- İnsan yeni yerdə yaşamağa başlayanda mütləq ora uyğunlaşmağa çalışmalıdı. Toyda nağaranı bir andaca mənə verdilər. Mən də ritmi yaxalamağa çalışdım (gülür).
- “Beşiktaş”la oyunda 19 yaşlı İzzət Çəlikə superliqada debüt etmək fürsəti yaratdız. Həmin an öz gəncliyiniz yadınıza düşdümü?
- Gənc futbolçuların yaxşı performans gösətrdiyini görmək məni çox sevindirir. Nəticə də buna imkan verirsə, yəni durumumuz rahatdısa, gənclərə şans verməyi xoşlayıram. İzzətdə də məhz belə oldu. Bəli, müəyyən mənada həmin an İzzətdə özümü gördüm.
- Sizdən öncə Türkiyəyə Raykaard, Advokaat, Hiddink kimi tanınmış həmyerliləriniz gəlib. Amma heç biri tam mənada ümidləri doğrulda bilməyib. Bəs siz Türkiyədə necə bir iz buraxmaq niyyətindəsiz?
- Bu məşqçilərin hər birini gözəl tanıyıram. Hər biri də çox yaxşı, futbolda sözünü demiş mütəxəssisdi. Sadəcə, hər şey nəticədən asılıdı. Nəticə yaxşı olmadısa, insanlar dərhal məşçqçinin ümidləri doğrultmadığını düşünməyə başlayır. Özümə gəlincə, bəlkə də az öncə adını sadaladıqlarınız məqşçilərlə müqayisədə məndən daha az şey gözlənilir. Amma indiyə qədər çox yaxşı işlər gördüyümüzü düşünürəm. Ən azı bu səviyyədə də yolumuza davam edə bilsək, əla olar.
- Heyətdə Nani, Balotelli kimi dünya səviyyəli ulduzlar var. Onlara meydanda və meydandan kənarda hansı tapşırıqları verirsiz?
- Digər futbolçulara necə tapşırıqlar verirəmsə, onlara da o cür şəkildə verirəm. Təbii ki, onlar fərdi cəhətdən güclü olan önəmli ulduzlardı. Mümkün olan ən yüksək səviyyədə mübarizə aparıblar. “Adana Dəmirspor” üçün vacib futbolçulardı. Özlərindən daha az təcrübəyə malik futbolçulara lazımi məsləhətlər və məlumatlar verdikləri müddətdə bu, komanda ruhuna da, özlərinə də müsbət təsir edəcək.
P.S. Müsahibənin sonunda Klyuvertə kağız, qələm verildi və ondan karyerası ərzində birlikdə oynadığı futbolçuların ən yaxşı “11-liy”ini yazmaq tələb olundu. O, mərkəz hücumçusu kimi öz adını qeyd etdi. Heyətə saldığı digər 10 futbolçu bunlardı: Van der Sar, Raytsiqer, Desayi, F.De Bur, Maldini, Xavi, Davids, Zeedorf, Fiqo, Rivaldo. Maraqlıdı ki, Klyuvert bir qədər düşündükdən sonra Zeedorfun üzərindən xətt çəkərək, onu Ronaldinyo ilə əvəzlədi!