Tadiç “Trabzonspor”la oyundan öncə balıq tutdu...

3.11.2023 23:15 188
Dünya futbolu
Türkiyə çempionatında artıq indidən bütün diqqətlər şənbə gününə yönəlib.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm bir çox rekordları alt-üst edən və hazırda rəsmi matçlarda 21 oyunluq möhtəşəm qələbə seriyasına malik olan “Fənərbaxça” həmin gün “Trabzonspor”u qəbul edəcək. Bu, İsmayıl Kartalın komandasının mövsümdəki ilk ciddi sınağı olacaq. “Fənər” bu mövsüm hər nə qədər rəqib tanımasa da, bir faktı unutmayaq ki, komanda hələlik iddialılardan heç biri ilə qarşılaşmayıb. Bu arada “sarı-lacivərdlilər”in son paylaşımı böyük marağa səbəb olub. Klubun sosial şəbəkələrində “Duşan Tadiç Bogazda balıq tutur” başlıqlı kiçik video paylaşılıb. Orda balıq tutmaq həvəskarı kimi tanınan serbiyalı ulduz baş məşqçi İsmayıl Kartalın oğlu ilə birlikdə tutduğu balıqları nümayiş etdirib. Bu videonun məhz “Trabzonspor”la oyundan öncə paylaşılması təsadüfi deyil. Bilindiyi kimi, balıq Trabzonun rəmzlərindən biri sayılır...

Bu arada “Trabzonspor”un kapıtanı və əsas qapıçısı Uğurcan Çakır dünən səhər məşqindən öncə jurnalistlərlə söhbət edərkən “Fənərbaxça”nın paylaşımına reaksiya bildirərək qarşıdan gələn oyun haqda fikirləri ilə bölüşüb. 27 yaşlı əlcək sahibi yığma və klub çərçivsəində keçirdiyi son 4 oyunun hamısında qapısını toxunulmaz saxlayıb. O, hazırda 421 dəqiqəlik “quru” seriyaya malikdi! Çakır bunları deyib:
“Abdulla Avcı qayıdandan sonra iki oyun keçirmişik. Tam olmasa da, bəzi bölümlərdə istədiyimiz futbolu sərgiləyə bilmişik. “Fənərbaxça”nın mövsümə necə başlaması əldə etdiyi nəticələrdən də bəllidi. Amma biz də “Trabzonspor”uq. Böyük oyunların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindi. Ora qələbə üçün yollanacağıq. Kimin nə paylaşdığı bizə maraqlı deyil. Biz meydanın içində qalmaq istəyirik. Meydandan kənar olaylara diqqət ayırmırıq. Həftəsonu matç oynayacağıq və nəticənin necə olacağını da hamımız birlikdə görəcəyik. Ümid edirəm ki, qələbə bizim olacaq”.


Sonda “Trabzonspor”un “Fənər”ə qarşı bir statistikasını da diqqətinizə çatdıraq. Belə ki, qaradənizlilər İstanbul nəhənginə qarşı keçirdikləri son 15 rəsmi qarşılaşmanın yalnız 3-də məğlub olublar (6 qələbə, 6 heç-heçə)! Ötən mövsüm Trabzondakı oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanmışdısa, “Ülkər”dəki oyunda “Fənər” 3:1 üstün olmuşdu.