“Aşağı yaş qrupları üzrə yığmaların uğursuzluğun silsilə səbəbləri var”

31.10.2023 22:52 214
Yığma / Manşet
Ölkəmizin U-17 yığmasının Avropa çempionatının seçmə mərhələsinin Serbiyada keçirilən oyunlarında uğursuzluğa düçar olduğunu xəbər vermişdik.

Xatırladaq ki, Füzuli Məmmədovun çalışdırdığı komanda Serbiyaya 1:5, Sloveniyaya 0:3 uduzub və son oyunda Lüksemburqla heç-heçə edib (1:1). Məmmədov seçmə mərhələnin yekunu ilə bağlı “Futbol+”ə açıqlama verdi:

"Bu oyunlara ciddi hazırlaşmışdıq. Hər bir oyunda mübarizliklə çıxış edib maksimum xal toplamağı hədəfləmişdik. Rəqiblərimizin hər biri aşağı-yuxarı bərabər səviyyədəydi. Hətta çoxlarının zəif saydığı Lüksemburq da son dərəcə üstün heyətə malik idi. “Cırtdanlar”ın heyətindəki oyunçuların çoxu Avropanın müxtəlif çempionatlarında oynayır. Onlar Sloveniya ilə oyunda hesabı açan tərəf idi və 90+4-cü dəqiqəyə kimi qələbə qazanırdılar. Ani səhvdən qol buraxdılar və görüş heç-heçə bitdi. Bunları deməklə zəif çıxışımıza bəraət qazandırmıram. Amma səviyyə fərqi göz önündədi. Unutmatyaq ki, ilk beynəlxalq görüşlərimizi keçirdik. Üzərimizdə təzyiq, stress vardı. Ona görə səhvlərimiz, buraxdığımız qollar da bu üzdən baş verirdi. Amma bizim üçün yaxşı təcrübə oldu. Serbiya ilə matçda yaxşı çıxış etməsək də, sonrakı oyunlarda inkişaf gördüm. Uşaqlar oyundan-oyuna artırırdılar. Təbii ki, bundan yaxşı çıxış edə bilərdik, amma alınmadı. İrəli baxmalı, inkişaf etməliyik. Bu uşaqların potensialı var. Onların daha yaxşı çıxış edəcəyinə inanıram".


Bildiyiniz kimi, U-19 da bir neçə gün əvvəl Özbəkistanda keçirdiyi iki oyunda böyükhesablı məğlubiyyətlərlə barışmışdı. Bəs yeniyetmələrin, gənclərin zəif çıxışının səbəbi nədi? Bunu aydınlaşdırmaq üçün təcrübəli mütəxəssis Aslan Kərimovun fikirlərini öyrəndik:

"Aşağı yaş qrupları üzrə yığmaların uğursuzluğun silsilə səbəbləri var. Onların hər birini sadalasaq, günlərlə vaxt bəs etməz. Amma fiaskonun birinci və başlıca səbəbi infrastrukturun bərbad olması və ya heç olmamasıdı. Hələ yığmaları qoyaq kənara, klublatımızdan danışaq. Elita təmsilçilərinin əksərinin akademiyasında vəziyyət ürəkaçan deyil. Akademiyalarda, demək olar, yaxşı koordinatorlar yoxdu. Bu işlərin içində və müşahidə etməklə olan biri kimi deyirəm ki, A komandaları üçün yaradılan şəraitin, ayrılan vəsaitin ondabiri aşağı yaş qrupları üşün yoxdu. Uşaqların və yeniyetmələrin məşqi üçün futbol meydançaları tapılmır. Bəzən bir meydanda 6 yaş qrupunun təmsilçiləri eyni vaxtda məşq etməli olur. Belədə keyfiyyətli məşqdən söhbət gedə bilməz. Adicə əks-hücüm məşqini meydanın 75 faizində icra etməlisən. Eləcə də digər taktiki-texniki məqamlar var ki, futbol məkanı ancaq bir komandanın sərəncamında olmalıdı. Kəsəsi, peşəkarlaşmaq, inkişaf istəyiriksə, infrastruktur əsas şərtdi. Bu məsələ həll olunmasa, başqa çatışmazlıqlardan danışmaq əbəsdi".


ABDULLA İSMAYILOĞLU