İnfantino ilə bağlı proses dayandırıldı

30.10.2023 16:49 187
Dünya futbolu
Canni İnfantino bundan sonra vəzifəsini daha rahat yerinə yetirə bilər.

"Football-plus.az" xəbər verir ki, İsveçrə prokurorluğu ona qarşı prosesi dayandırıb.

FİFA-nın prezidenti ilə bağlı istintaq 2020-ci ilin yayından davam edirdi. Funksioner o vaxt İsveçrənin federal prokuroru vəzifəsində işləyən Maykl Lauberlə görüşləri səbəbindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, rəsmi sirləri yaymaq və cinayət təqibinə mane olmaqda ittiham edilirdi. Lakin prokurorluq bu ittihamları sübut edə biləcək əsaslı dəlil yetərsizliyi səbəbindən təhqiqatı dayandırıb.

2016-cı ildən FİFA-da prezidentlik edən İnfantino bu xəbərə gözlənildiyi kimi reaksiya verib:

“Bu, FİFA və ədalət üçün tam və aydın qələbədi! İndi bəlli olur ki, mənə qarşı irəli sürülən ittihamlar, sadəcə, korrupsionerlərin nüfuzuma xələl gətirmək cəhdi idi. Həmin şəxslərin az da olsa ləyaqəti qalıbsa, heç olmasa etdiklərinə, vurduqları zərərə görə üzr istəməlidilər. Həqiqətən də, istintaq təsdiq edir ki, mən həmişə qanuni hərəkət etmişəm, həmişə yalnız FİFA və futbolun maraqlarını müdafiə etmişəm”.