Avropa Liqasının H qrupunun "Bayer-04" - "Qarabağ" (5:1) matçında rekord qeydə alınıb.
Football-plus.az xəbər verir ki, görüşü izləyən azərbaycanlı azarkeşlərin sayı 1000-dən çox olub. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev təsdiqlədi:
"Matçda məğlub olduq. Amma qarşılaşmada sevindirici məqam da yaşandı. "Qarabağ" azarkeşlərinin əyləşdiyi tribunaya nə az, nə çox 1600 bilet satılmışdı. Bu, klub tarixinin rekordu idi. İlk dəfə idi ki, səfər oyunumuzu bu qədər azarkeşimiz gəlirdi. Həqiqətən sevindirici məqamdı. Əslində bizə dəstək olanların çoxu hətta "Bayer-04" azarkeşlərinin arasında da əyləşmişdi. Onların əllərində bayraqlar var idi. Bunu açıq-aşkar görmək olur. Düşünürəm ki, 2000-dən çox "Qarabağ" azarkeşi matçı stadiondan canlı izləyirdi. Oyundan öncə bizimlə əlaqə quranlar var idi. Çox adam "Bayer-04" matçının biletləri ilə maraqlanırdılar. Biz də onlara məlumat verirdik. Düşünürdük ki, oyuna çox azarkeşimiz gələcək. Amma belə rekordun qeydə alınması şəxsən məni daha çox sevindirdi".
İLKİN SULTANLI