Hazırda heç bir komandanı çalışdırmayan Marçello Lippi “Yuventus”un rəsmi saytının qonağı olub.
“Football-plus.az” xəbər verir ki, 75 yaşlı mütəxəssis, təbii ki, əsasən bu klubla bağlı sualları cavablayıb. Turin klubu ilə daxili və beynəlxalq turnirlərdə dəfələrlə uğur qazanan, İtaliya yığmasını DÇ-2006-da qələbəyə daşıyan Lippi A seriyasında skudetto yarışının yekunu ilə bağlı proqnoz verməkdən çəkinib.
- Ötən əsrin 90-cı illərində “Yuventus” ilə Arriqo Sakki və Fabio Kapellonun “Milan”ının A seriyasındakı hegemonluğuna son qoymusuz. İndi həmin illəri necə xatırlayırsız?
- Sakki futbolu daha müasir vəziyyətə gətirdi. Kapelloya gəlincə, o, olduqca qeyri-adi idi. Belə deyim, həmin prosesdə mən də iştirak etmişəm. Onların hegemonluğuna son qoymuşam. Bu isə əsl qəhrəmanlıq idi.
- Həmin dövrdə çempionluğun taleyi əksər hallarda “Milan”la “Yuventus” arasındakı matçlarda həll olunurdu.
- “Milan”la “Yuventus” arasındakı matç, demək olar ki, həmişə skudetto ilə bağlı suala aydınlıq gətirir. Bu dəfə də belə olacaq. Söhbət iki effektiv komandadan gedir. Hər ikisi yaxşı oynayır, qələbəni öz üslubunda qazanır.
- “Yuve” bu mövsüm avrokuboklarda iştirak etmir. Vaxtilə oyunçularınızın hətta yoldaşlıq matçlarında oynamaq istədiyini, avrokubokların isə bu yarışlarda iştirak etməyənləri daha çox yoruduğunu demisiniz...
- Hə, belədi. Qitə kubokları komandanı inkişafa vadar edir, mövsümə əlavə motivasiya qatır. Avrokuboklar komandaya aldığından çox verir. Bu, “Yuve” üçün tam fərqli vəziyyətdi.
- Niyə?
- Ona görə ki, Turində Çempionlar Liqasında bu turnirə vəsiqə qazanmadıqları üçün deyil, komanda ora buraxılmadığı üçün iştirak etmədiklərini bilirlər. Onlar yaxşı bilirlər ki, həmişə olduğu kimi, indi də qitə arenasında ən güclü klublarla mübarizə aparmalıydılar. Məlum səbəbdən komanda bu mövsüm bir yandan gücünü qənaət rejimində skudettonu qazanmaq, digər yandan isə “qəzəb”ini maksimum nəticə əldə etmək üçün sərf edəcək. Və əlbəttə, hədəflərdən biri növbəti mövsüm qitə səhnəsində görünməkdi.
- Vlahoviç ilə Kyeza hücum cütlüyünü top-klub üçün əsl tandem saymaq olar?
- “Yuve” əla hücum xəttinə malikdi. Komandada Kin və Milik də var. Onlar da praktiki olaraq start heyətinin oyunçularıdı. Vlahoviç daim qol vuracaq çox güclü mərkəz hücumçusudu. Kyeza isə yaradıcılıq qabiliyəti yüksək olan oyunçudu. O, əksər hallarda vacib oyunların qəhrəmanı olmağı bacarır.
- Hazırkı komandada daha çox hansı oyunçunu xoşlayırsız?
- Bremeri. O, “Yuve”nin yüksək səviyyəli mərkəz müdafiəçiləri ənənəsinə uyğun oyunçudu.
- Avrokuboklardan kənarlaşdırılma, bir sıra zədələr, Poqbanın dopinq, Facolinin qanunsuz pul qoyuluşu etməklə bağlı problemi... Bütün bunlar Alleqri üçün mövsümün əvvəlində bütün işlərin tərs getdiyini deməyə əsas verir?
- Məsələ heç də klubun DNT-si ilə bağlı deyil. Klubun strukturu ayrı-ayrı epizodlarla müqayisədə daha güclüdü. “Yuventus” sona qədər mübarizə aparacaq. Əminəm ki, Maks (Massimiliano Alleqrini nəzərdə tutur – red.) da belə hesab edir.
- Onun buna inandığını düşünürsüz?
- O, bayram günü mənə sərəncamındakı komandadan razı olduğunu, “Yuve”nin gücünün sona qədər irəliləyib uğur qazanmaq üçün kifayət edəcəyini deyib.
- Bu mənada onunla razılaşırsız?
- Skudettoya iddia edən dörd komanda var. Və onlardan heç biri başqalarından aralanmağa hazır deyil. Bunlar “Milan”, “İnter”, “Yuve” və fikrimcə, liderlər qrupunda olan “Napoli”di. Hazırkı məqamda bu komandalar arasında aşkar favoriti göstərməyə hazır deyiləm.
- Buna baxmayaraq, “Yuventus”un əfsanəsi kimi sizdən soruşuram: hazırkı heyəti necə dəyərləndirirsiz?
- Heyət güclü, öz gücünə əmindi. İndi bir-iki oyunçu çatmır, amma bunun “Yuventus” üçün problem olduğunu hesab etmirəm.
- Cüzeppe Marotta “Yuventus”u favorit sayır. Yoxsa bu “İnter”in baş direktoru tərəfindən verilən diplomatik açıqlamadı?
- Bəlkə o, buna həqiqətən də əmindi? Heç kimə sirr deyil ki, Marotta əvvəlki iş yeri olan “Yuventus”dakı ab-havaya yaxşı bələddi. Belə deyim, “İnter” yaxşı komandadı, amma “Yuve” cədvəldə bu komandanın yaxınlığındadı.
- Hələ ki “Napoli”nin problemləri digər iddiaçılarla müqayisədə daha çoxdu. Spallettinin yerini Qarsiya tutandan sonra nə dəyişib?
- Komandada çox şey dəyişib, o cümlədən fəlsəfə. Neapolda böyük işlər görən Spalletti futbolçulardan maksimumu almağı bacarırdı. Qarsiya işləməlidi, amma “Napoli” hələ də güclüdü və bütün çətinliklərə baxmayaraq, əsas rəqiblərinə qarşı mübarizə aparacaq.
- A seriyasının cari mövsümündə sizi hansı komanda yaxşı mənada təəccübləndirib?
- “Fiorentina”. Bu komanda çox yaxşı futbol sərgiləyir. Aqressiv, müasir futbol oynayır, hücumameyillidi. Belə oyunun florensiyalılara nə qazandıracağını demək çətindi. Komandanın son vaxtlar yüksəlişdə olması həmkarım İtalyanonun fəaliyyəti ilə bağlıdı. Onun gördüyü işləri çox bəyənirəm.
- Bəs “skuadra adzurra” haqda nə düşünürsüz?
- Bildiyiniz kimi, Spallettiyə böyük hörmətim var. İngiltərə ilə son oyunun ilk hissəsində komandanın oyununu çox bəyəndim. Matçın ipini əlində saxlayan təşkilatlanmış komanda kimi göründü. İkinci hissədə ingilislər fiziki üstünlüklərini nümayiş etdirməyə başladılar. Bu isə nəticəni (İngiltərə AÇ-2024-ün Londonda keçirilən seçmə oyununda 3:1 hesabı ilə qalib gəlib – red.) müəyyənləşdirən həlledici amil oldu: etiraf edim ki, matçın gedişində vəziyyətin belə dəyişəcəyini gözləmirdim. Amma ilk 45 dəqiqə ilə bağlı təəssüratlar məndə nikbin hisslər oyadıb.