Avropa çempionatının seçmə mərhələsində bu ay iki oyuna çıxan yığmamız həm qələbə, həm də məğlubiyyət ilə yadda qaldı.
Hər iki oyundan sonra jurnalistlərin sual yağışına tuş gələn De Byazinin cavabları müzakirələrə səbəb oldu. İtaliyalı baş məşqçinin diqqətçəkən addımlarından biri də millinin düşərgəsinə çağırdığı bəzi oyunçuları heç sınamamasıdı. İstər Estoniya, istərsə də Avstriya ilə oyunda De Byazinin eyni taktiki düzülüşü və oyun üslubunu sınadığını gördük. Bu iki rəqib arasındakı səviyyə fərqini nəzərə alsaq, baş məşqçinin atdığı addımın nə dərəcədə doğru olduğunu demək çətindi.
Qayıdaq meydana çıxmaq imkanı qazanmayan futbolçulara. Hər iki görüşdə qapı “Adana Dəmirspor”da legioner həyatı sürən Şahruddin Məhəmmədəliyevə tapşırılmışdı. Ölkə çempionatında “Səbail”in şərəfini qoruyan Səlahət Ağayevlə “Qəbələ”də çıxış edən Rəşad Əzizli isə ehtiyatda qaldı. Əvvəldən də məlum idi ki, De Byazi yalnız Şahruddinlə bağlı hansısa problem yaranarsa, bu qapıçıların xidmətindən yararlanacaq. Türkiyəyə yeni yollanan qapıçı oyun praktikasından çox da uzaq qalmadığı üçün ideal seçim hesab olunurdu.
Müdafiə xəttini gücləndirmək məqsədi ilə milliyə dəvət olunan Yusif Nəbiyev və gənc futbolçu Cəlal Hüseynov da meydana çıxmaq şansı qazanmadılar. Xüsusilə Cəlal Hüseynovun Bolqarıstan “Arda”sında uğurlu çıxışı diqqəti çəkir. Ardıcıl qələbələr qazanan komandanın mərkəz müdafiəçisi olan Cəlal ötən ay qol vurmağı da bacarmışdı. Doğrudu, istər klub, istərsə də milli komanda karyerası baxımından Höccət Haqverdi daha təcrübəli görünür, lakin ən azı Estoniya ilə oyunda Cəlala şans vermək olardı. Yerli çempionatda “Səbail”in uğurları üçün çalışan Yusif Nəbiyev də yaxşı formadadı. Maraqlıdı ki, müdafiəçi İordaniya ilə yoldaşlıq oyununda da sona qədər ehtiyatda qaldı.
Avstriyaya qol vurmadan bitirdiyimiz oyunu ehtiyat oyunçular skamyasından izləyənlərdən biri də Nəriman Axundzadə idi. 19 yaşlı forvard bir gün sonra Lüksemburqun 21 yaşlılarını qol vurmaqla məyus eləməyi bacardı. Hollandiyanın ikinci liqasında top qovan Ozan Can Kökçü də Nərimanla eyni aqibəti yaşadı. Halbuki hücumçu “Eyndhoven”in son oyununda baxımlı qolla komandasına qələbə qazandırmağı bacarmışdı. De Byazinin ona güvənməməsinin əsas səbəbi kimi İordaniya ilə oyunu göstərmək olar. Çünki bu oyunda Ozanı start heyətinə daxil etsə də, istədiyini ala bilmədiyi üçün 2-ci hissənin əvvəlində Rüstəm Əhmədzadə ilə əvəzləmişdi. Hazırda premyer-liqanın şərikli liderlərindən olan “Zirə”nin uğurları üçün çalışan Rüstəmin isə məhsuldarlığı son vaxtlar aşağıdı. Bu səbəbdən onun milli komandada çox imkan əldə edə bilməməsini başa düşmək olar.
ADİL NƏHMƏTLİ
De Byazi yeddi futbolçuya şans vermədi
Yığma / Manşet




