Luçano Spallettinin çalışdırdığı İtaliyanın futbol yığması oktyabrın 14-də Baridə Maltanı elə bir xüsusi çətinlik çəkmədən 4:0 hesabıyla məğlub etdi. Digər tərəfdən, sonuncu Avropa çempionları “Uembli”də qrup lideri İngiltərə ilə qarşılaşdı. Ancaq iş ondadı ki, belə önəmli oyun da futbolla dolayısıyla bağlı olan qalmaqal üzündən bir qədər arxa plana keçib. Bir adam səhnəyə çıxıb və ortaya elə faktlar qoyur ki, İtaliya futbolu dağıdıcı zəlzələyə məruz qalan bina kimi yerindən oynayır.
"Football-plus.az" xəbər verir ki, alkoqoldan və narkotiklərdən sui-istifadə, yol hərəkəti qaydalarına əməl etməmək, davalar, hər iki cinsin təmsilçilərinin iştirakı ilə orgiyalar, şantaj, fırıldaqçılıq, vergi ödəməmək, saxta pulun dövriyyəsi, korrupsiya sxemləri, saxta iflas, yalançı şahidlik, böhtan – bütün bunlar bir adam haqqındadı. Hətta bəlkə nələrisə unutmuşuq. Həkimlər əmin edir ki, bu personaj şəxsiyyətin ikiləşməsindən əziyyət çəkir, tez-tez depressiyaya düşür, bu üzdən onu müntəzəm həbsxanadan ev dustaqlığına buraxırlar. Bu payız onu, çox güman, keçmiş günahlarından daha birinə görə növbəti proses gözləyir.
Bu adam 49 yaşlı Fabritsio Koronadı. Söhbət “Qeyri-qanuni pul qoyuluşları” saytı vasitəsi ilə paylaşım etməklə İtaliyanın futbol ictimaiyyəti üçün partlayış törədən, bu ölkədən kənarda isə hər kəsin diqqətini çəkən insayderdən gedir. Koronanın “Yuventus”un parlamaqda olan ulduzu Nikolo Facoli haqda yaydığı informasiya quru həqiqət idi – o, artıq günahını (məhz futbola pul qoyduğunu) etiraf edib. Sakitləşmək bilməyən Korona Facolinin ardından futbol hadisələri ilə bağlı pul qoyuluşuna qarışan daha iki məşhur italiyalı futbolçunun adını çəkib. Bunlar “Milan”ın yayda “Nyukasl”a 64 milyon avroya satdığı Sandro Tonali və 2023-cü ilin fevralında “Roma”dan “Qalatasaray”a keçən, indi isə icarə əsasında “Aston Villa”nın şərəfini qoruyan Nikolo Zanyolodu.
Tonali artıq ictimaiyyət önündə ludomaniyadan müalicə almağa hazrı olduğunu etiraf edir, hərçənd məhz futbol oyunlarına qeyri-qanuni pul qoyuluşlarında iştirakını təsdiqləməkdən də boyun qaçırır. Zanyolo isə hələ ki bütün ittihamları inkar edir. Bununla belə, sonuncu başqa adamların təsirinə tabe olan o qədər dar düşüncəli və acgöz insan kimi şöhrət qazanıb ki, sonda onun futbol mərci mövzusuna qarışması sübut olunarsa, heç kim təəccüblənməz. Tonali və Zanyolo Koronanın ittihamlarından dərhal sonra təcili İtaliya yığmasının düşərgəsini tərk edib. Onlar nə Malta, nə də İngilərə ilə oyunda meydana çıxıb.
Bu arada əsrin ilk onilliyində italiyalı paratatsilərin kralı sayılan Korona saytında dördüncü adamın da soyadını çəkib. Bu şəxs “Roma”nın yarımmüdafiəçisi Nikola Zalevskidi, onun hətta öz oyunlarına pul qoyduğu iddia olunur. Polşalı futbolçunun vəkilləri bu açıqlamaya görə Koronanı hətta məhkəməyə verməyə də hazırdılar, ancaq insayder səhv etmədiyinə əmindi. Mən bu yazını qələmə alanda Korona İtaliya telekanallarından birinin canlı efirində bukmeker qalmaqalının yeni iştirakçılarının soyadlarını səsləndirməyə hazırlaşırdı. İnsayder belə səs-küylü hadisə üçün çox münasib vaxt – İngiltərə - İtaliya oyunundan dərhal sonranı seçmişdi. Dəfələrlə realiti və tok-şoulara, teleseriallara və videoçarxlara çəkilən Korona televiziyaların və sosial şəbəkələrin daxili təbiətini hamıdan yaxşı bilir, qalmaqallı insaydlardan bilərəkdən məhz bu şəkildə yararlanır: saytının auditoriyasını genişləndirir və bütün İtaliyanı yenidən onun haqda danışmağa məcbur edir. Fabritsio bunsuz, sadəcə, yaşaya bilməz.
Bununla yanaşı, Korona ona da işarə edir ki, saytı ilə paralel şəkildə araşdırma aparan hüquq-mühafizə orqanları və idman ədaləti məhkəməsi daha bir neçə səs-küylü adın izinə düşüb. Daha bir maraqlı məqam odu ki, get-gedə sürət yığan işdə futbolçuların agentlərinin, top-menecerlərin və hətta klub prezidentlərinin də adı çəkilə bilər.
Bütün İtaliya təəccüb içində vurnuxur ki, artıq çoxdan acı məhbus həyatı yaşayan, təcridxana havasını ciyərlərinə çəkən bir adama belə önəmli informasiyalar hardan və necə sızıb? Yığmanın baş məşqçisi Luçano Spalletti isə medianın təzyiqi altına düşən Facoli, Tonali və Zanyolo ilə yanaşı, İngiltərə ilə oyunda zədədən sonra bərpa dövrü keçən Kyeza və İmmobilenin də xidmətindən məhrum idi. Yeri gəlmişkən, İngiltərəyə qarşı oyun İtaliya üçün nəyisə kardinal şəkildə dəyişmir. Nəticənin necəliyindən asılı olmayaq, “skuadra adzurra” noyabrın 20-də Leverkuzendə keçiriləcək Ukrayna ilə taleyüklü oyuna hazırlaşmalıdı.
* “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli pul qoyuluşu ilə bağlı qalmaqal üzündən 7 aylığa diskvalifikasiya olunub. “Sky Sport Italia” xəbər verir ki, Turin prokurorluğu artıq 22 yaşlı futbolçunun cəzalanmasını dəstəkləyib. Onun yaşıl meydana yalnız gələn ilin mayında dönməsi mümkündü. Xatırladaq ki, oktyabrın 11-də Facolinin qeyri-leqal platformalarda pul qoyuluşuna görə istintaqa cəlb olunduğu açıqlanmışdı. Sonradan “Yuve”nin yarımmüdafiəçisi futbol oyunlarına pul qoyduğunu boynuna aldı. Ancaq dediyinə görə, heç vaxt formasını geydiyi komandaların oyunlarına pul qoymayıb.
* Facoli həmçinin futbol qumarı üzündən borca düşdüyünü boynuna alıb. Onun prokurorluqda verdiyi ifadənin bəzi detalları mediaya sızıb: “Qeyri-leqal bukmeker kontorlarına böyük məbləğdə borcum yaranmışdı – birinə 1,5 milyon, o birinə 1,3 milyon avro. Borcu qaytarmaq üçün komanda yoldaşlarımdam birinə saat almaq üçün ehtiyacımın olduğunu deyib pul aldım. Borclarım artır, bu zaman təhdidlər alırdım. Bir dəfə mənə hədə-qorxu gəldilər ki, ayağını qıracağıq. Mənə elə gəlirdi ki, futbolu məhz borclarla üzülüşmək üçün oynayıram”.
* Facoli sosial şəbəkələrdə də maraqlı paylaşım edib. Onun fikrincə, kütləvi informasiya vasitələri futbol oyunlarına pul qoyması ətrafında çoxlu saxta xəbərlər də yayır: “Yuventus” fanatları və bütün dünyadan olan azarkeşlər qarşısında üzr istəmək fikrindəyəm. Ancaq bunun fonunda KİV-in haqqımda yaydığı hər cür zir-zibillə tanış olmağa məcburam. Adamlar minlərlə saxta xəbərin sayəsində məni dünyaya çox pis göstərmək istəyirlər. Tezliklə bütün bunlar haqda danışacam”.
* “La Gazzetta dello Sport” qəzeti də futbol qumarı ilə bağlı xəbər yayıb. Bu qaynaq artıq “Nyukasl”ın yarımmüdafiəçisi, əvvəllər isə “Milan”ın formasını geyən Sandro Tonalinin də günahını boynuna aldığını iddia edir. 23 yaşlı italiyalı futbolçu bildirib ki, “Milan”ın oyunlarına pul qoyurmuş. Ancaq yalnız özü meydana çıxmadığı oyunlarda, özü də “Milan”ın qələbəsinə. Tonalinin günahı təsdiqlənərsə, birilliyə cəzalanacaq.