Deyəsən, Region Liqasının 2023/24 mövsümü çox maraqlı olacaq.
Turnirin rəsmi “feysbuk” səhifəsində hər gün fərqli komandaların adı ictimaiyyətə təqdim olunur. Ən çox diqqəti çəkən klublardan biri ŞKGB-dı. Xaçmaz təmsilçisi ilə bağlı sosial şəbəkələrdə həm xoş, həm də pis paylaşımlar edirlər. Bəziləri klubunun adını lağa qoyaraq məzələnirlər. Maraqlıdı, ŞKGB nə deməkdi? Bu adın mənası nədi? Suallarımıza cavab tapmaq üçün Xaçmaz təmsilçisinin təsisçisi Məzahir Abdulrəhmanovla əlaqə saxladıq. Klub rəmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“ŞKGB-ni 1999-cu ildə yaratmışıq. Mənası Şimal Kəndli Gənclər Birliyidi. İdmanla bağlı yarışlarda iştirak etmişik. Futbol üzrə qızlar turnirlərində çıxış etmişik. Bu il də futbol klubunun Region Liqasında iştirak etməsini istədik. Komandanı 44 günlük zəfərimizlə əlaqədar yaratmışıq. Bizim kənddə 29 veteran var. Bu komandada ümumilikdə Xaçmaz veteranları oynayacaq. Hazır qeydiyyatdan keçən klubumuz var idi. Düşündük ki, Region Liqasında bu adda iştirak edək. Kimlər gülür ki, adımıza? Yəqin ki, mənasını başa düşmürlər. Bizə gülənlər səviyyəsiz adamlardı. Komandamızın üzvlərinin çoxu 44 günlük Vətən müharibəsində iştirak edənlərdi. Onlar vətən uğrunda can qoyublar. İndi futbol oynaya bilməzlər? Başa düşmürəm, nəyə gülürlər?”
İLKİN SULTANLI