Rusiya Premyer-Liqasının prezidenti Aleksandr Alayev bu ölkənin çempionatında mübarizə aparan klubların maliyyə durumu haqda danışarkən deyib ki, futbolçuların qazancı azalıb:
“Bütün klublar maliyyə durumuna çox diqqətli yanaşır. Yalnız elə pul xərcləmək xatirinə pul xərcləmirlər. Hər biri müstəqil şəkildə pul qazanmağa çalışır. İstənilən sponsor və ya səhmdar boşuna pul xərcləməyə imkan vermir. Çətinliklər ortadadı, heç də hər şey göründüyü qədər yaxşı deyil. Premyer-liqa klubları fərqli maliyyə imkanlarına sahibdi. Əməkhaqqı planında hər şey çoxdan dəyişib. Maaş cədvəlinin necə dəyişdiyini görürəm – ümumilikdə liqada qazanclar ciddi şəkildə aşağı düşüb. Güman edirəm ki, zamanla bütün cədvəlləri açacağıq. Ancaq bir söz deyə bilərəm ki, durum radikal şəkildə dəyişib, heç kim “şişmir”, azarkeşlər uğrunda ciddi mübarizə gedir”.
Xatırladaq ki, Ukraynaya hərbi müdaxilə üzündən Rusiyanın bütün yaş qrupu üzrə yığmaları və klubları 2022-ci ilin fevralından bəri UEFA və FİFA bayrağı altında keçirilən turnirlərə buraxılmır.