Sentyabrın 20-də AFFA-da FİFA lisenziyası almaq istəyən agentlərin imtahanı keçirildi.
Artıq nəticələr bəllidi. Üzücü məqam olsa da, ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib. Söhbət Səid Bağırovdan gedir. O artıq lisenziyalı FİFA agentləri siyahısında yer alır. Səid bəylə əlaqə saxladıq, təbrik etdik və söhbətləşmək imkanını da əldən vermədik.
- Əvvəlcə imtahan haqda danışaq. Necə keçdi? Suallar çətin idi, yoxsa asan?
- Səmimi olacam. İmtahan çətin keçdi. Bunu başqa iştirakçılardan da soruşa bilərsiz. Suallar daha çox təhlil yönümlü idi. Düşünmək lazım idi və bu da vaxtın çox getməsinə səbəb olurdu. Düzdü, kitabı açıb baxa bilərdik. Amma 1 saat vaxtımız var idi. 20 sual verilmişdi. Hərəsinə 3 dəqiqə sərf olunurdu. Kitabı açıb baxmağa imkan olmurdu. Zaman o qədər sürətli gedirdi ki... Nəyisə dəqiqləşdirmək istəyin belə çətinliklə başa gəlirdi. Bir də sualların birdən çox cavabı olurdu. Düşünək ki, 4 seçim imkanın var. Səndən ikisini seçmək tələb olunur. Bunlardan biri səhv olarsa, ümumi cavab da yanlış sayılır. Bəzi suallarda 1 seçim olduğu bildirilirdi. Bunlar nisbətən asan idi. İmtahan prosesi həyəcanlıdı. Bu mənim ilk imtahanım idi və Türkiyədə oldu. Biz iyunda qeydiyyatdan keçərkən AFFA FİFA-nın imtahan siyahısında yox idi. Bu səbəbdən də Türkiyə variantını seçdim.
- İmtahanlar verənlərdən yalnız siz lisenziya ala bilmisiz. Hansı hissləri keçirirsiz?
- Bir neçə namizədlə birgə hazırlaşırdıq. Açığı, təəssüflənirəm. Heyif ki, onlarda alınmadı. Düzdü, sevinirəm ki, məndə alındı. Amma keçməyənlər də güclü namizədlər idi. Hamımız eyni səviyyədəydik. Amma bu imtahandı. Həyəcan, texniki səhvlər ümumi nəticəyə təsir etdi. Əlbəttə, çox sevinirəm. Hazırda Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Əslində tək olmaq məsuliyyətimi bir qədər də artırır. Qəribə hissdi. Həqiqətən şişirtmirəm. İmtahanlardan keçənlər bu hissin necə olduğunu bilir. Mən dünyanın başqa ölkələrindəki imtahanların nəticələrinə baxıram. Həqiqətən kəsilənlər çoxdu. Keçənlər də mənim yaşadığım hissləri yaşayırlar. Mən universitetdə müəlliməm. Bəlkə də bunun üstünlüyü var idi. Hazırlaşdığım müddətdə çətinlik hiss etmədim. Şükür ki, Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Az da olsa, özümlə qürur duyuram.
- Bildiyimə görə, indiyə qədər agentlik fəaliyyəti ilə məşğul olmamısız. Təcrübəniz olmadan imtahandan keçməyi necə bacardız?
- Yaxşı sualdı. Təşəkkür edirəm. Bəli, nə agentlik, nə də vasitəçilik fəaliyyətim olub. Amma “QOLAT Sport Service” şirkətinin həmtəsisçisi və direktoruyam. Şirkətimiz 2017-ci ildən fəaliyyət göstərir, idman xidmətləri göstərir. Ölkədə şirkətlər, dövlət qurumları, uşaqlar üçün yarışlar keçiririk. İdman idarəçiliyi bizim işimizdi. Əlbəttə, futbola xüsusi marağım var. Oyunları müntəzəm izləyirəm. İmtahan vermək o qədər də çətin proses deyil. Əlindəki materiallara hakim olursansa, keçə bilirsən. Təbii ki, təcrübə baxımından çətinliklərim olacaq. Bunu gözə alıram. İşin içində olmağı hamıya tövsiyə edirəm. Çünki bəzilərinin gördüyü işləri mən kitabdan öyrəndim. Belə şeylər daha çox vaxtımı və enerjimi aldı. Bəziləri işin içində olduğu üçün müəyyən tarixləri, qaydaları bilirdi. Amma isbat etdim ki, kimsə sıfırdan başlayaraq kitabdan oxumaqla müsbət nəticə əldə edə bilər. İndi isə işə başlamaq lazımdı. Rəsmi şəkildə agentlik fəaliyyətinə başlayacam. Təkcə Azərbaycanla kifayətlənməyəcəm. Çünki dil biliklərim də var. Düşünürəm ki, əcnəbilərlə də əməkdaşlıq etmək imkanım olacaq.
- İndi FİFA lisenziyalı agentsiz. Bu məqam şəxsi karyeranıza necə təsir edəcək? Özünüz üçün agentlik şirkəti açacaqsız?
- Mən məqsədi olan insanam. Əvvəlcədən qarşıma hədəflər qoydum. İlk istəyim lisenziya almaq idi. İkinci mərhələ isə bu işi davam etdirməkdi. Onsuz da idman aləmindəyik. Bayaq qeyd etdim ki, “QOLAT Sport Service” şirkətim var. Bundan sonra futbol agenti kimi fəaliyyət göstərəcəm. Düzdü, prosesləri öyrənməyə çox vaxtım gedəcək. İnşallah, Azərbaycan üçün xeyirli işlər görə bilərəm.
- “Goals Sports Education Platform”da FİFA lisenziya almaq üçün kurs keçdiz. Bunun sizə xeyri oldumu? Namizədlər özü hazırlaşsa, daha yaxşı olar, yoxsa mütləq kursda iştirak etməlidilər?
- Bu məqama toxunduğunuza görə təşəkkür edirəm. Mən öz sosial şəbəkə hesabımda da bu məsələ ilə bağlı paylaşım etmişdim. Orda da bildirmişdim ki, belə proseslərdə tədris önəmlidi. Emil Şükürovla Elcan Həsənli kurs təşkil etmişdi. Mən də onların biliklərindən yararlandım. İyundan sentyabrın 20-nə qədər onların kursunda müəyyən biliklərə yiyələndim. Həqiqətən bizə çox kömək oldular. Əllərində olan bütün materialları həm ingilis, həm də Azərbaycan dilində bizə təqdim etdilər. Öz biliklərini bizə öyrətdilər. Bunun nəticəsində də mən FİFA lisenziyası ala bildim. Kimsə özü hazırlaşa bilərmi? Bəlkə də hə. Bunun üçün daha çox zamana ehtiyac var. Ola bilər ki, 6 aydan, 1 ildən sonra imtahan vermək üçün hazır olasan. Amma müəyyən qısa yollar var ki, onları tətbiq etməyi işin peşəkarlarından öyrənmək lazımdı. Emil və Elcan müəllimin təşkil etdiyi kurs bizə bu qısa yolları izah edirdi. Mən “Goals Sports Education Platform”u hamıya tövsiyyə edirəm. Namizədlər mütləq şəkildə həmin şəxslərlə çalışsınlar. Çünki işin içindədilər. Ən əsası da səmimi şəkildə namizədlərə hər şeyi izah edirlər. Amma burda başqa nüans da var. İnsan özü də öyrənməyə meyilli olmalıdı. Mən də müəlliməm. Hamıya eyni qaydada biliklər aşılamağa çalışıram. Amma mütləq şəkildə insanın özü də çox çalışmalıdı.
İLKİN SULTANLI