Məlum olduğu kimi sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 3000-ə yaxın insanın həyatına son qoyan 6,8 bal gücündə zəlzələ baş verdi.
"Football-plus.az" xəbər verir ki, ölkədə son 120 ilin ən güclü zəlzələsi baş verdiyi gün Qambiya və Konqo yığmasının üzvləri də Mərakeşdə idi.
Bu komandalar Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində qarşılaşmalı idi. Sadəcə Qambiyada beynəlxalq standartlara cavab verən stadion olmadığından oyun Mərakeşdə keçirilməli idi. Ciddi dağıntılara və itkilərə baxmayaraq oyun təxirə salınmadı. Zəlzələdən 2 gün sonra baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşdı.
Bu arada karyerasını ''Beşiktaş''da davam etdirən Qambiya yığmasının üzvü Omar Kolli zəlzələ zamanı yaşadıqları barədə BBC-yə açıqlamalar verib. 30 yaşlı müdafiəçi bunları deyib:
''Zəlzələ zamanı yatmışdım. Oyandığımda hələ də nə baş verdiyini tam anlamırdım. Otağımın qapısını aça bilmədim. Çünki qapının önündə beton qırılıb sallanırdı. Bir ara ikinci mərtəbədən aşağı tullanmaq barədə düşündüm. Sonra bir təhər resepşna, ordan da hovuza tərəf qaçdım. Məşqçi məndən vəziyyətimin qaydasında olub-olmadığını soruşdu. Heç nə cavab verə bilmədim. Çünki dilim söz tutmurdu. Bu hadisədən sonra psixoloji problemlərim yarandı. Tək olan kimi zəlzələ gözümün önündən keçməyə başlayırdı. Adi bir maşın və ya təyyarə səsi eşidən kimi elə bilirdim, hər şey yenidən baş verəcək. İstanbula qayıtdıqdan sonra ''Beşiktaş''ın psixoloqu ilə söhbət etdim. Həyat yoldaşıma, bacıma və komanda yoldaşlarıma bütün bu yaşadıqlarımı danışdıqdan sonra bir qədər rahatladım. Hamımız oyunun təxirə salınacağını düşünürdük. Amma belə olmadı. Deyəsən bəziləri bizim də insan olduğumuzu unudur''.
ƏLİ