De Byazi “CBC Sport”un xanım əməkdaşına hörmətsizlik etdi

14.09.2023 13:09 2 508
Aktual / Yığma
Srağagün keçirilən Azərbaycan – İordaniya oyunundan sonra yığmamızın baş məşqçisi Canni de Byazi “CBC Sport”un xanım əməkdaşı Arifə Lətifovanın suallarını cavablamalı oldu.

Belə başa düşürük ki, yayıncı şirkət kimi “CBC Sport” italiyalı mütəxəssisə ən müxtəlif sualları ünvanlaya bilər. Ancaq De Byazinin Arifə xanımın ona ünvanladığı “Bəxtiyar Həsənalızadə ilə Amin Seydiyevi milliyə çağırdız, lakin onlara şans vermədiz” sualına məcbur və sanki yola verirmiş kimi cavablaması, tərcüməçi fikrini bitirməmiş “mix-zona”nı tez tərk eləməsi diqqətimizi çəkdi. İtaliyalı mütəxəssisin ölkənin iki ən böyük idman kanalından biri olan “CBC Sport”a və onun xanım əməkdaşının sualına münasibətdə belə laqeyd davranması qətiyyən xoşagələn deyil. Bu məsələ ilə bağlı gənc həmkarımız Arifə Lətifova ilə əlaqə saxladıq. Lakin onun "Football-plus.az"a söylədikləri belə oldu:

“Öz adımdan bu barədə fikir bildirməyə səlahiyyətim çatmır. Şəmsəddin Abbasov və Rüstəm Əfsərli ilə əlaqə saxlaya bilərsiz”.


Biz həm Şəmsəddin Abbasov, həm də Rüstəm Əfsərli ilə əlaqə saxlamağa çalışsaq da, heç biri mesajlarımıza və telefon zənglərimizə cavab vermədi. Görəsən, onlar Canni de Byazinin bu hərəkətini hörmətsizlik kimi qəbul edirmi? Edirlərsə, niyə reaksiya vermirlər? Öz aramızdı, ikisi də maraqlı sualdı!

CAVİD ƏLİYEV